Aprel döyüşləri- qələbəyə aparan yolun başlanğıcından 5 il ötür
  
6663

Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 5 il ötür.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən atəşə məruz qaldı. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Bu döyüşlərin ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində Böyük Qayıdışa start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı, kənddə təmir bərpa işləri aparıldı, orada yeni qəsəbə salındı, ata-baba yurdlarından didərgin salınan insanlar geri döndülər.

Qeyd edək ki, bu döyüşlər zamanı qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad olundu.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə yüksək fəxri ada layiq görülüb,  “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Ordumuz bu tarixi ədaləti bərpa edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində işğal altında olan torpaqları azad etdi.

Bu il aprel döyüşlərinin beşinci ildönümüdür. Artıq torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə  bu gün deyil, illər, əsrlər sonra da aprel döyüşləri, bu döyüşlər zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhərmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.

AMEA Mərkəzi Elmi Kİtabxanası “Aprel döyüşləri” adlı kitabın elektron variantını oxuculara təqdim edir.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82