21 fevral- Beynəlxalq Ana Dili Günüdür
  
6580

1999-cu ildə BMT-nin təşəbbüsü ilə YUNESKO-nun baş konfransında 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan olundu. Elə həmin ildən etibarən bu gün münasibətilə dünya ölkələrində, məktəblərdə, universitetlərdə ana dili ilə bağlı tədbirlər, seminarlar keçirilməyə başlandı. 21 Fevral - Beynəlxalq Ana Dili Günü Azərbaycanda da qeyd olunur.

Dilimizin dövlət dili müstəvisində tanınması, onun milli və beynəlxalq arenalarda təmsil olunması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edildi. Dahi rəhbərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin hərtərəfli inkişafına, zənginləşməsinə, onun diplomatik aləmə yol açmasına göstərdiyi qayğı və fədakarlıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.


Bu ənənələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı, bu istiqamətdə görülən işlər Azərbaycan dilinin inkişafına böyük qayğının təzahürüdür.


Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir.


AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən ulu öndərin Azərbaycan dili haqqında müdrik kəlamları və dahi liderin dil siyasətini müxtəlif aspektlərdən tədqiq edən alimlərin əsərlərinin yer aldığı videoslayd hazırlanıb.


Həmin videoslaydı linkə keçid edərək izləyə bilərsiniz.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82