AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən musiqişünas alim, AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın biobiblioqrafik göstəricisi hazırlanıb. AMEA Rəyasət Heyətinin qərarına əsasən çap olunan göstəricinin elmi redaktoru akademik Teymur Bünyadov, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçiləri Gülarə Abdullayeva və Nərgiz Novruzovadır.
Biobiblioqrafik göstəricidə sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədovanın elmi pedaqoji yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa oçerk, həyat və fəaliyyətinin əsas tarixləri və alimin 1974-2020-ci illərdəki elmi əsərlərinin biblioqrafiyası əks olunmuşdur. Göstəriciyə alimin monoqrafiyaları, broşürləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə, konfranslarda Azərbaycan, rus və ingilis dillərində çap olunmuş məqalələri, həmçinin konfranslardakı çıxışları, rəhbərlik etdiyi və məsləhətçisi olduğu dissertasiyaların mövzuları daxil edilmişdir.
Göstəriciyə daxil edilmiş biblioqrafik təsvirlər xronoloji qaydada, əlifba sırası ilə əks olunmuşdur.
Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə biblioqrafiyanın sonunda alimin əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi tərtib edilmişdir.
Biobiblioqrafik göstərici sənətşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82