Nizami Gəncəvi ilə bağlı beynəlxalq kitab mübadiləsi aparılıb
  
6570

Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar, Azəbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası tərəfindən tədbirlər planı hazırlanmışdır. Plana əsasən, MEK-in Beynəlxalq əlaqələr şöbəsi tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı beynəlxalq kitab mübadiləsi aparılmışdır. Beynəlxalq əməkdaşlıq çərçivəsində 40-a yaxın ölkənin (ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Argentina, Kolumbiya, Belarus, Danimarka, Norveç, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələri, Baltikyanı ölkələr, Çexiya, Macarıstan, Bolqarıstan, Polşa, Gürcüstan, Çin, Yaponiya və s.) kitabxanalarına Nizami Gəncəvi yaradıcılığı ilə bağlı sorğu göndərilmişdir.

Sorğuya cavab olaraq, Sofiya şəhərində yerləşən Bolqarıstan Milli Kitabxanasından fars poeziyasının “qızıl dövrü”nə aid Rudəki, Firdovsi, Ömər Xəyyam, Rumi, Sədi, Nəvai kimi böyük şairlərin həyat və yaradıcılığını əks etdirən, xüsusən də bədii fikrin nadir hissəsi olan Nizami Gəncəvi yaradıcılığını önə çıxaran bolqar dilində  “СРЕДНОВЕКОВНИ ИЗТОЧНИ ПОЕТИ” nəşri elektron formada AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim olunmuşdur.

Qeyd edək ki, Bolqar dilindən Azərbaycan dilinə tərcümə olunan əsər Nizamişünas alimlər üçün qiymətli mənbə, həmçinin dəyərli elmi-tədqiqat əsərinə çevrilə bilər. “СРЕДНОВЕКОВНИ ИЗТОЧНИ ПОЕТИ” kitabı Şeyx Nizami yaradıcılığı və irsinin daha da dərindən öyrənilməsi, tədqiqi, eləcə də bütün istiqamətlərdə nizamişünaslıq elminin koordinasiyası rolunu oynayacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82