Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin anadan olmasının 100 illiyi tamam olur
  
6569

17 fevral Azərbaycan dilçiliyinin görkəmli alimlərindən biri, uzun illər dilimizin ən aktual problemlərini tədqiq edərək, bu sahədə bir sıra əsərlərin və dərsliklərin müəllifi, Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Zakir oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.

Alim 1921-ci ildə  Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxı rayonunda alan Əlövsət Abdullayev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, lakin Böyük Vətən müharibəsi başlandığı zaman cəbhəyə yola düşdüyü üçün təhsilini yarımçıq qoymuşdur. Müharibə bitdikdən sonra yenidən universitetə qayıdıb, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Əlövsət Abdullayev  1954-cü ildə “Müasir Azərbaycan dilində xüsusiləşmələr” mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə “Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ə.Abdullayev 140-dan çox əsər, 15- dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir. Professorun tədqiqat obyekti olan dilçilik sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya və digər sahələr müasir dilçiliyimizin formalaşmasında önəmli rol oynayır. Ə.Abdullayev yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurdur. Müxtəlif illərdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmiş, məruzələr oxumuşdur.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) professor Əlövsət Abdullayevin şəxsi kolleksiyası qorunur. 1250 nüsxə nəşrdən təşkil olunmuş kolleksiyaya Ə.Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı dahi yazarların əsərlərindən ibarət olan ədəbiyyatlar, Azərbaycan, rus, türk, fransız, polyak, özbək, fars, tatar və digər dillərdə olan lüğətlər, dilçilik elminə aid kitablar, ensiklopediyalar, həmçinin Qurani-Kərim kitabı daxildir. Bu nəşrlər sırasında Ə.Abdullayevin əsərlərindən “Köməkçi nitq hissələri”, “Dil, Siyasət, Sosial tərəqqi”, “Müasir Azərbaycan dili, Sintaksis”, “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr”, “Sintaksisin aktual məsələləri”, “Türk dillerinde bağımlı birleşik cümlelerin evrimi üzerinde”, “Azərbaycan dili məsələləri” və digərlərinin adlarını qeyd etmək olar. Kolleksiyada, eyni zamanda Ə.Abdullayevin övladlarının müəllifi olduqları kitablarına da rast gəlinir. Bütün bu kitablar elektron kataloqda həm azərbaycan, həm də rus dillərində kolleksiya bölməsində əks olunub. Kitabların bir qismi MEK-in Milli Rəqəmsal Yaddaş bazasına əlavə edilib.
Qeyd edək ki, 2019-cu ildə professor Əlövsət Abdullayevin şəxsi kolleksiyası görkəmli alimin qızı, filologiya elmləri doktoru Sənubər Abdullayeva tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82