Qazi və şəhidlərimizin ailə üzvlərinə ödənişsiz xidmət göstəriləcək
  
6565

Müsahibimiz AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyevdir.

- Məmməd müəllim, bir ilə yaxındır ki, pandemiya ilə bağlı kitabxana xidmət göstərmir. Bununla bağlı hansı işlər görülür? Yaxın zamanlarda oxuculara xidmətin bərpası mümkündürmü?

- Bildiyimiz kimi, bir ilə yaxındır davam edən karantin dövrü bu ilin mart ayınadək uzadılıb. Son zamanlar müəyyən sahələrdə yumşalmalar olub. Sərgi salonları, muzeylər açılıb. Ölkədə virusa yoluxanların sayı azaldıqca, güman edirik ki, növbəti yumşalmalarda kitabxanaların da açılması olacaq.

- Mərkəzi Elmi Kitabxananın xidmətlərindən istifadə zamanı oxucular müəyyən ödənişlər edir. Hansısa təbəqə üçün güzəşt nəzərdə tutulubmu?

- Bilirsiz ki, əvəllər AMEA əməkdaşları kitbxanadan istifadə etməsi üçün müəyyən miqdarda üzvlük haqqı ödəyirdilər. Kitabxanaların fəaliyyəti bərpa edildikdən sonra Mərkəzi Elmi Kitabxanada AMEA-nın bütün əmkdaşlarına xidmət ödənişsiz olacaq. Eyni zamanda kitabxanamızdan Qarabağ döyüşlərinin iştiakçılarına, qazilərimizə, onların övladlarına, şəhidlərimizin ailə üzvlərinə ödənişsiz xidmət göstəriləcək. Bunu etmək bizim mənəvi borcumuzdur.

Yeri gəlmişkən, qeyd edim ki, Mərkəzi Elmi Kitabxanada Azərbaycanda ilk dəfə Qarabağ Müharibəsi Qəhrəmanları fondu yaradılıb. Fondun da rəhbəri Vətən müharibəsi şəhidi, polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadədir. Fondda birinci və ikinci Qarabağ müharibəsi haqqında məlumatlar, ədəbiyyatlar, qəzet və jurnallar, fotolar, şəhidlərin və qazilərin yazdığı məktub və ya incəsənət sahəsinə aid əl işləri, onlar haqqında çəkilmiş sənədli filmlər, verilişlər və s. əyani vəsaitlər toplanacaq.

- Kitabxanalar tarix boyu hər bir xalqın, cəmiyyətin savadlanmasında böyük rol oynayıb. Siz də uzun müddət elm və təhsil sahəsində  çalışan, tanınmış filosoflarımızdansınız. AMEA-nın bir təşkilat olaraq Azərbaycanda elmin inkişafında xüsusi yeri var. Sizcə, MEK-in potensialını artırmaq, daha yüksək səviyyədə alimlərə xidmət etmək üçün nələri etmək lazımdır?

- Elmlə məşğul olanlar, tələbələrin, doktorantların, müstəqil araşdırmaçıların hər birinin yolu kitabxanalardan keçir. Biz özümüz orta məktəb illərində şəhər və rayon kitabxanalarından, tələbə və aspirant olduğumuz zaman isə AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Milli Kitabxananın fondlarından istifadə edirdik. O dövrlər elektronlaşmış kitablar anlayışı yox idi. Tapılmayan kitabları isə mikrofilmlər kimi verirdilər və biz də o lentləri proyektorlardan böyüdüb həmin kitabdan istifadə edirdik.

Bu gün kitabxanalarımızın fondları zəngindir. MEK-də iki milyona yaxın kitab var. Nadir kitablar fondumuz var, orda çox dəyərli kitablar saxlanılır. Onlardan bəziləri 1500-cü illərə aiddir. Ancaq son illər fondların zənginləşməsi azalıb. Bu da kitabxanaların elektronlaşması ilə bağlıdır. Əsasən elektronlaşmaya üstünlük verilir. Mən də kitabxanaların elektronlaşmasının tərəfdarıyam. Ancaq bununla yanaşı, ənənəvi qaydada fondların zənginləşməsi aparılmalıdır. MEK-ə rəhbərlik etdiyim bu aylar ərzində gördüm ki, kitablardan istifadəyə daha çox yaşlı nəslin nümayəndələri elektron formada yox, kitab formatında üstünlük verilər.

Kitabxana hər bir xalqın, millətin mədəniyyətidir. Kitabxanamızla tanış olsanız görəcəksiniz ki, Azərbaycan dilindən başqa, Şərq və Avropa dillərində kitablarımız var. Amma bu yenə də azdır. Çalışırıq ki, kitab fondlarımızı daha da zənginləşdirək. Məsələn, niyə Nizami Gəncəvi bütün dünya dillərinə tərcümə edilməsin. Cənab Prezident İlham Əliyevin bu ili Nizami Gəncəvi ili elan etməsi bizə imkan verdi ki, biz kitabxana olaraq bütün dünya kitabxanalarına müraciət edək və Nizami Gəncəvi ilə bağlı fondlarında olan kitabların bir nüsxəsini bizə göndərsinlər. Bu müraciətdən sonra Bolqrıstandan PDF variantında bolqar dilində yazılmış bir kitab göndərdilər. Orada Nizami Gəncəvi haqqında yazılmış böyük bir məqalə var. İndi həmin məqaləni dilimizə tərcümə edib cəmiyyətimizə təqdim edəcəyik. Ola bilər ki, Nizamişünaslar həmin məqalə ilə tanış deyillər. Çalışırıq ki, Nizami Gəncəvi ilə bağlı dünyada yazılmış və bizlərə məlum olmayan əsərləri toplayıb Nizamişünsların istifadəsinə verək.

Bir şeyi qeyd edim ki, Nizami Gəncəvinin fəlsəfi götrüşlərini mərhum professor Camal Mustafayev fundamental bir kitab şəklində yazıb. Lakin bundan başqa Nizami Gəncəvinin tibbə, psixologiyaya, astrologiyaya və s. elm sahələrinə aid tərəfləri geniş araşdırılmayıb. Kopernikin, Qaliley Qalileyin nəzəriyyəsi və Nizami Gəncəvinin nəzəriyyəsini tutuşdurmaq lazımdır. Ondan sonra biz Nizami Gəncəvini daha dərindən tanıyacağıq.

- Məmməd müəllim, MEK-in kitab fondunu daha da zənginləşdirmək istiqamətində hansısa işlər görülürmü?

- Nəzərdə tutulub ki, bu il MDB ölklərinin akademik kitabxanaları ilə bağlı “Akademik kitabxanalar dünən, bu gün və sabah” mövzusunda onlayn konfrans keçirək. Konfransın sonunda kitab mübadilələri ilə bağlı ikitərəfli müqavilələr imzalamağı da nəzərdə tutmuşuq. İmzalanmış bu müqavilələr kitab fondlarımızın zənginləməşinə xidmət edəcək.

Bundan başqa, kitab mübadiləsi istiqamətində müəyyən işlər görürük. Bir faktı qeyd edim ki, Oksford Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi açılır. Universitetdə təhsil alan azərbaycanlı bir doktorant biz müraciət etmişdir. Müraciətə əsasən biz böyük bir kitab kolleksiyası oraya göndərəcəyik. Eyni zamanda həmin Mədəniyyət Mərkəzinin xətti ilə biz də ingilis dilində müəyyən kitablar göndəriləcəkdir. Bundan başqa, Yaponiyadan, Almaniyadan, MDB ölkələrindən kitab alırıq. Alınan bu kitablar vasitəsi ilə də fondlarımız zənginləşir və biz də oxucularımıza yüksək xidmət etmiş olarıq. Kitab mübadiləsi aparmaq üçün ölkələrin sayını genişləndirməyə çalışırıq.

- Məmməd müəllim, son yüz ildə xaricdə yaşayan və fəaliyyət göstərən Azərbaycan ziyalılarının kifayət qədər ictimai-siyasi və ədəbi fəaliyyətləri olub. Onların məhsullarının ölkəyə gətirilməsi istiqamətində də hansısa işlər görülürmü?

- Çox yerində qeyd etdiniz. Deyim ki, 1920-ci ildə Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra bir çox ziyalılarımız mühacirətə üz tutdular. Müxtəlif ölkələrdə yaşayıb, fəaliyyət göstərən həmin ziyalılar yaşadığı ölkənin aktiv ictima-siyasi mühitində təmsil olundular. Onların hər biri Azərbaycanın yenidən müstəqilliyinə qovuşması istiqamətində mübarizə aparırdılar. Onlar kitablar, dərgilər, qəzetlər nəşr edib, Azərbaycan həqiqətlərini yaşadığı ölkənin cəmiyyətinə çatdırırdılar. Bundan başqa, radio verilişləri hazırlayıb, konfraslar təşkil edirdilər. Yəni, onların fəaliyyətinin məhsulu olan həmin ədəbiyyatlar bu gün xarici ölkə kitabxanalarında saxlanılır. Ən çox ədəbiyyat isə qardaş Türkiyə Cümhuriyyətinin kitabxalarında saxlanılır. Mərkəzi Elmi Kitabxana olaraq həmin mühacir əbiyyatlarını bir yerdə toplamaq üçün Mühacir Ədəbiyyatı Fondu yaratmaq üzərində iş aparırıq. Fondda yüz ildən artıq mühacirətdə fəaliyyət göstərən ziyalılarımızın əməyinin məhsulları toplanacaqdır. Burada kitablar, dərgilər, qəzetlərlə yanaşı, radio verilişləri, konfras materialları, foto şəkillər və s ədəbiyyatlar saxlanılacaqdır.

Bütün bu işləri görmək üçün zaman da lazımdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad edildi. Bundan sonra bütün sahələrdə Azərbaycan sürətlə inkişaf edəcək. Bu inkişaf sayəsində kitabxanalarımızın fondları zənginləşəcək, dünya standartlarına uyğunlaşdırılacaqdır.

- Məmməd müəllim, əvəllər kitabxana oxuculara xidəmtlə yanaşı, eyni zamanda elmi müəssisə kimi də fəaliyyət göstərərək kitabaxana sahəsində alimlər yetişdirirdi. Sonradan kitabxananın elmi statsu ləğv edildi. İndi kitabxana sahəsində alimlər yetişdirmək üçün kitabxananın elmi statusunu qaytarmağı düşünürsünzmü?

- Yanvar ayının 28-də AMEA Rəyasət Heyətinin yığıncağında akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev kitabxana ilə bağlı hesabatmızı dinlədi. Çıxışım zamanı MEK-in elmi statusunun bərpa olunasını xahiş etdim. Təkilifimi müsbət qarşılayan AMEA rəhbərliyi kitabxananın elmi statusunu qaytarmağa razılıq verdilər.

Beləliklə, Rəyasət Heyətinin qərarına əsasən Mərkəzi Elmi Kitabxanda doktorantura və dissertantura şöbəsinin açılması, elmi əsərlərin çapı və bərpası nəzərdə tutulub. Bu gün bizim qarşımıza qoyulan vacib işlərdən biri də kitabxananın elmi potensialını artıqmaqdır. Digər kitabxanalardan fərqli olaraq AMEA-nın kitabxanasının elmi cəhətdən fərqi olmalıdır. Dünyanın hər yerində akademik kitabxanalar elmi statusa malikdir.

"İki sahil" qəzeti