Milli həmrəylik – Qələbəmizi şərtləndirən əsas amillərdən biridir
  
6464

Məqalə Mədəniyyət Nazirliyinin vətənpərvərlik mövzusunda ədəbi müsabiqəsinə təqdim edilib.

Azərbaycan xalqı mərd xalqdır, tarix boyu öz torpağı və azadlığı uğrunda düşmənə qarşı şərəflə, ləyaqətlə mübarizə aparan xalq olmuşdur. Torpaq bizim üçün milli şərəf məsələsidir. Əsrlər boyu Azərbaycan torpaqları müxtəlif ölkələr tərəfindən işğala məruz qalmış, lakin heç bir zaman Azərbaycan xalqı parçalanmamış əksinə daha da sıx birləşmiş və daim düşmənə qalib gəlmək üçün milli birlik, həmrəylik göstərmişdir. Son 30 ildə isə Azərbaycan mənfur düşmən Ermənistan ilə mübarizə aparır, bu mübarizə haqq, ədalətin Qələbəsi ilə başa çatır! Qələbənin qazanılmasında Azərbaycan xalqı birlik göstərərək öz tarixi torpaqlarına qovuşur. Hamı bir nəfər kimi bir yumruq altında birləşir – Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan xalqı və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımız, bütün azərbaycanlılar!

Xaricdə yaşayan soydaşlarımız müharibə başladığı andan çox narahat idilər, belə bir zamanda vətəndə olmaq istəyirdilər, bildirirdilər ki, lazım gələrsə Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə vətənin müdafiəsinə qalxmağa, döyüşlərdə iştirak etməyə hər an hazırdırlar. Xaricə yaşayan hər bir soydaşımız bu müharibədə Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərmiş, cəbhədə baş verənlərlə bağlı doğru məlumatların yayılmasında yaxından iştirak etmişlər. İkinci Qarabağ müharibəsi ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, cəbhə boyu qazanılmış uğurlar, torpaqlarımızın geri qaytarılması xəbərləri anbaan xaricdə yaşayan soydaşlarımız tərəfindən izlənilirdi və onlar da sosial media üzərindən Azərbaycan dövlətinə və Azərbaycan ordusuna dəstək göstərir, informasiya mübarizəsində, həqiqətlərin beynəlxalq səviyyədə çatdırılmasında fəal iştirak edir və işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını tələb edirdilər. Bir azərbaycanlı kimi hər birimizi ruhlandıran və bu müharibədə daha da sıx birləşməyə təkan verən amil isə Cənab Ali Baş Komandanın müharibənin başlanğıcında xalqa müraciətində söylədiyi “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” – sözləri oldu!

Müharibənin ilk günlərində  Avropa azərbaycanlıları koordinasiya şuraları, Avstriya, İsrail, Gürcüstan, Ukrayna, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Avstraliya, Yeni Zellandiya, Ərəb ölkələri, Çin, Tailand, Niderland, Belçika, İspaniya, İtaliya, Latviya, Yunanıstan, Finlandiya və b. ölkələrdə fəaliyyət göstərən azərbaycanlılardan ibarət təşkilatlar, icmalar dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməyə çağıran Bəyanatla çıxış etmişdilər.

Bu günlərdə yaşadığı yerdən asılı olmayaraq bütün azərbaycanlıların ürəyi vətənlə döyünürdü. Ərazi bütövlüyünü təmin etmək Azərbaycan Respublikasının doğal haqqıdır. Azərbaycanın sülhsevər addımı bu günə qədər qarşılıqsız qalmış idi. Evlərindən, obalarından didərgin düşmüş azərbaycanlıların tezliklə öz yurdlarına qayıda bilməsini səbirsizliklə gözləyirik.

Bu günə kimi aparılan ikili siyasətin nəticəsi idi ki, ermənilərin Qarabağ müharibəsində dinc insanlara, əsasən də uşaqlara qarşı törətdiyi vəhşiliklər atəşkəs dövründə də davam edirdi. Cəbhəyanı ərazilərdə yaşayan insanların, körpələrin həyatı üçün ciddi təhlükə yaranırdı, bəzi hallarda onlar həlak olurdular. Bu vəziyyət nəinki Azərbaycanda yaşayan insanları, bütün dünya azərbaycanlılarını boğaza yığmışdı, artıq bu vəziyyətə son qoymaq zamanı idi! Artıq birləşmək zamanı idi!

İlk dəstək Türkiyədəki azərbaycanlılardan gəldi. Türkiyənin bir neçə şəhərində müharibə başlayan ilk günlərdə bütün azərbaycanlılar ayağa qalxdı, mitinqlər təşkil etdi, öz haqq səslərini dünyaya çatdırırdılar. Mitinqlərin birində söylənilən şüar diqqəti çəkdi: “30 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan Xocalıda yüzlərlə insanı qətlə yetirib. Biz Cənubi Qafqazda günahsız insanları qətlə yetirməyə qanlı möhür vuran, beynəlxalq hüquqa məhəl qoymayan, havadarlarından aldığı dəstəklə müharibə oyunları axtarışında olan Ermənistanı kəskin şəkildə qınayırıq...Bütün soydaşlarımız Azərbaycanın yanındadır, Səninləyik Azərbaycan! Azərbaycan dövlət başçısının dediyi kimi, şəhidlərimizin qanı yerdə qalmayacaq!”

Beləliklə İkinci Qarabağ Müharibəsində bütün dünya azərbaycanlıları ayağa qalxdı, Azərbaycanı tanımayan ölkələr belə onun necə mərd, qəhrəman bir ölkə olduğunu gördü, demək olar ki, dünyanın elə bir ölkəsi olmadı ki, orada Azərbaycanın üçrəngli bayrağı dalğalandırılmasın.

Müharibənin ilk günlərində Fransanın Paris və Nant şəhərlərinin küçələrini Azərbaycanı dəstəkləyən şüarlar yazılmış plakatlar bürüdü. Fransada yaşayan azərbaycanlılar təşkil etdikləri aksiya zamanı “Dağlıq Qarabağda erməni təcavüzünə son!”, “Dağlıq Qarabağ Azərbaycandır!”, “İşğal olunmuş əraziləri azad edin!” şüarlarını əks etdirən plakatlar əhalinin sıx yaşadığı yerlərdə yapışdırıldı, soydaşlarımız bu aksiyanı Fransanın digər şəhərlərində də davam etdirdilər.

Aksiyaların davam etdiyi vaxtda Türkiyədən daha bir dəstək gəldi, Türkiyənin İzmir şəhərində Saat qülləsinin və Valiliyin binasının Azərbaycan və Türkiyə bayraqlarının rənginə boyanması nəinki Türkiyədə yaşayan azərbaycanlıları, o cümlədən bütün dünya azərbaycanlılarını çox sevindirdi.

Bir çox ölkə azərbaycanlıları  - Amerika, Polşa, Estoniya, Qətər, Slovakiya, Xorvatiya, Serbiya, İordaniya, Özbəkistan və s. Ermənistanın ölkəmizə qarşı apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yaydı. Bəyanatda azərbaycanlılar dünya birliyini, beynəlxalq təşkilatları Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və işğal etdiyi Azərbaycan ərazilərindən dəhal çıxması, Ermənistan hökümətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırırdı.

Bir çox ölkələrdə mətbuat konfransları, dəyirmi masalar, tədbirlər keçirilməyə başlandı. Bunlardan biri İsveç Azərbaycanlıları Koordinasiya Şurası Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda  mətbuat konfransının təşkili oldu. Mətbuat konfransında Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi təxribatlar barədə ətraflı məlumatlar verildi. Növbəti dəyirmi masa Rusiyada baş tutdu. Tədbirdə Rusiya Azərbaycan İcmaları Konfederasiyası Prezident İlham Əliyevə müraciət qəbul etdi. Müraciətdə deyilirdi: “Hörmətli cənab Prezident! Biz, azərbaycanlılar, həmişə vətənimiz Azərbaycanın yanındayıq və Sizin həyata keçirdiyiniz siyasətə tam dəstəyimizi ifadə edirik, işğal edilmiş ərazilərin azad edilməsi Azərbaycan xalqının müqəddəs borcudur. Biz əminik ki, tezliklə həmin zaman gələcək. Sizin adınız qızıl hərflərlə böyük Azərbaycan xalqının tarixinə əbədi yazılacaq! Biz bir qarış torpağımızı da verməyəcəyik!”

Ordumuzun şanlı qələbələrini heç cür qəbul edə bilməyən Ermənistan yenə öz mənfur əməllərini həyata keçirməyə başladı. Belə ki, müharibə müddətində dinc əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini 4 dəfə, Bərdə şəhərini 2 dəfə ayrı-ayrı zamanlarda bombalamışdır. Xeyli sayda mülki şəxslər, eləcə də günahsız körpələr həyatını itirmiş və xeyli sayda yaralananlar olmuşdur. Hücumlar zamanı bu şəhərlərdə yaşayış binaları da daxil olmaqla xeyli digər binalara, avtomobillərə ziyan dəymişdir. Bütün bunlar insanların qəzəbini daha da artırmış, Azərbaycanla yanaşı digər ölkələrdə yaşayan azərbaycanlılar etiraz aksiyalarına başlamışlar. Dünya Azərbaycanlıları Konqresi ATƏT, BMT, Avropa Şurası, Avropa Komissiyasına, Almaniya Kansleri, ABŞ prezidentinə müraciət imzalayaraq Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq Abşeronu, Gəncəni, Mingəçeviri, Bərdəni ağır artilleriya zərbələrinə məruz qoyduğu, dinc mülki əhalinin hədəfə alındığı qəzəblə pislənilirdi və onlardan işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması üçün Ermənistana təsir göstərilməsi tələb edilirdi. Etiraz aksiyasının davamı olaraq Kanada Azərbaycanlıları Şəbəkəsi Gəncənin Ermənistan tərəfindən atəşə tutulması, dinc əhalinin hədəfə alınmasına etiraz olaraq bəyanat yaydı. Növbəti addım Türkiyədə yaşayan azərbaycanlılardan gəldi. Onlar İstanbulda mitinq keçirdərək Ermənistan tərəfindən Azərbaycan şəhərlərindəki mülki əhalinin və obyektlərin raket atəşinə tutulmasını pisləyib, sülhsevər Azərbaycan dövlətinin qətiyyətlə işğalçı Ermənistana qarşı mübarizə aparmasını alqışlayırdı. Azərbaycanın bu ağır günündə Rusiya azərbaycanlıları da əlindən gələni əsirgəmirdilər. Belə ki, Azərbaycana dəstək çıxmaq və beynəlxalq arenada Ermənistanı pisləmək üçün dəyirmisi masalar təşkil edirdilər.

Bütün bu etiraz aksiyalarının nəticəsi idi ki, xarici ölkə medialarında Azərbaycanın haqlı mövqeyi ifadə edilirdi, işğalçı Ermənistanın Azərbaycana qarşı geniş miqyaslı təxribatları ciddi şəkildə qınanılırdı. Misir, Serbiya, Polşa, Rumıniya, Hersoqovina, Monteneqro, Slovakiya xəbər saytlarının yaydığı xəbərlərdə Gəncə terroruna geniş yer verildi, İtaliya, Belçika, Balkan ölkələri, Albaniya, Ərəb mediasında Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda mübarizə aparmasından yazıldı. Xüsusən də xaricdə yaşayan Azərbaycan gəncləri informasiya müharibəsində çox fəal iştirak edirdilər. Onlar dövlət qurumlarına, vəzifəli şəxslərə, beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər ünvanlayır, sosial şəbəkələrdə həqiqətlərin daha geniş ictimaiyyətə yayılmasına çalışırdılar. Gənclər #KarabakhisAzerbaijan!, #StopArmenianAggression, #StopArmenianOccupation həştəqlərindən istifadə etməklə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərmiş, videolar hazırlayıb yaymışlar.

Daha sonra Gürcüstanda, Almaniyada,İtaliyada, ABŞ-da, Finlandiyada, İsraildə, Londonda, Almaniyada,Türkiyədə, İsveçdə, Varşavada, Kanadada və s. ölkələrdə “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan əsgəri!”, “Yaşasın Azərbaycan Preizdenti!”, “Erməni terroruna yox!”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ermənistana inanmayın”, “Gəncə üçün, dua edək”, “Ermənistanın təcavüzünə son qoyulsun!”, “Gəncə cəbhə bölgəsi deyil”, “Azərbaycan ədalət istəyir”, “Azərbaycan sülh istəyir”, “Biz terrora yox deyirik”, “Uşaq ölümünə son qoyun!”, “Qarabağ haqqımızdır!” və s. şüarlar səsləndirilərək etiraz aksiyaları keçirilmişdir. Eyni zamanda Rusiya, Polşa, Gürcüstan, Türkiyə, Avstraliya, ABŞ, Qətər, Latviya, Küveyt, Vyetnam, Tacikistan, Macarıstan, Rumıniya, Serbiya və d. ölkələrdəki soydaşlarımız Azərbaycanın diplomatik nümayəndəliklərinin qarşısına Gəncədə həlak olan terror qurbanlarının xatirəsini yad etməyə axın edirdilər. Avstraliyada yaşayan soydaşlarımız da Azərbaycana dəstəyini ifadə etmək üçün, Ermənistan ordusunun  dinc əhalini hədəfə alması nəticəsində həlak olmuş körpələrin, dağıdılmış yaşayış məntəqələrinin görüntüsünü əks etdirən foto və video çarxlardan ibarət xüsusi elektron slaydların yerləşdirildiyi yük maşınları Sidney və Brizben şəhərlərində dövrə vuraraq  dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə yönəltməyə çalışıb. Orda yaşayan və mitinq təşkil edən ermənilər yük maşınlarının qarşısını kəsərək mane olmağa çalışsalar da istədikləri alınmayıb.

Xalqımızın həmrəyliyini göstərən növbəti addımlardan biri isə yaşadıqları ölkədən asılı olmayaraq Azərbaycan ordusuna, müharibədən zərər çəkmiş insalara maddi dəstək göstərmələri oldu. Güclü ordumuzun dövlət tərəfindən yüksək səviyyədə təmin olunmasına baxmayaraq, xaricdə yaşayan azərbaycanlılar orduya və müharibədə zərər çəkmiş mülki əhaliyə dəstəyi özlərinə mənəvi borc hesab edərək əllərindən gələni əsirgəməmişlər. Almaniyada yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı fərdlər hərbi geyim və tibbi ləvazimatlar, Türkiyədə yaşayan azərbaycanlılar 2,3 ton hümanitar yardım, Ukrayna Azərbaycanlıları Konqresi əlil arabaları göndərmişdilər. Bununla yanaşı  müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların da yüz minlərlə ianə köçürdükləri qeyd olunmuşdu. Xaricdə yaşayan və işləyən xanımlarımız da əllərindən gələni etməyə çalışmışlar. Belə ki, ABŞ-ın Texas ştatında xanımlarımız bir neçə dəfə xeyriyyə aksiyası təşkil etmiş, toplanan vəsait Azərbaycanın cəbhəyanı ərazilərindəki vətəndaşların və şəhid ailələrinin  ehtiyaclarına yönəldilmişdir. Eyni zamanda Niderlanda fəaliyyət göstərən “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun təşəbbüsü ilə cəbhə bölgəsində yaşayan insanlara və şəhid ailələrinə yardım etmişlər. Bundan savayı xaricdə yaşayan neçə-neçə azərbaycanlı iş adamları və digər azərbaycanlılar da öz yardımlarını əsirgəməmişlər. Bu günlər bir daha göstərdi ki, yaşadığı ölkədən asılı olmayaraq biz hamımız birləşə bilirik. Həmrəyliyimiz sarsılmazdır. Azərbaycan xalqının həmrəyliyi bir daha onu göstərdi ki, biz böyük xalqıq, bu birlik, bu həmrəylik gün keçdikcə bizi daha da gücləndirəcək! Milli həmrəylik, iqtisadi müstəqillik, güclü, nizamlı ordu, beynəlxalq siyasi uğurlar bizim Qələbə qazanmağımıza səbəb oldu!

Azərbaycan tarixi qələbəyə imza atdı, nəinki mənfur düşmənimiz, bütün dünya Azərbaycanın gücünü gördü, bütün dünya Azərbaycan xalqının öz vətəni uğrunda necə mübarizə apardığını gördü, azərbaycanlıların necə həmrəy olduğunu gördü, bu bizim birliyimizin qələbəsi idi! Azərbaycan xalqının və Azərbaycandan kənardakı soydaşlarımızın sevincinin həddi-hüdudu yox idi. Bu 44 gün ərzində siyasətdə Ali Baş Komandanımız, döyüşlərdə müzəffər Azərbaycan ordusu, informasiya müharibəsində bütün dünyada yaşayan azərbaycanlılar öz süzünü dedilər.

Xaricdə yaşayan soydaşlarımız dünyanın bütün ölkələrindən Prezidentimizə xeyli sayda  təbrik məktubları göndərirdilər. Məktubların birində: “Bundan sonra artıq prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilən Şuşamızın, Cəbrayılımızın, Füzulimizin və digər ərazilərimizin yenidən qurulması, işğaldan əvvəlkindən də daha gözəl şəkildə dirçəldilməsi üçün əlimizdən gələni edəcəyik.”

Qələbə münasibətilə Tiflisdə, İstanbulda, Münhendə, Rotterdamda, Romada, İordaniyada, Stokholmda, Polşada, Ottavada, Montaneqroda, Varşavada, Hannoverdə, Estoniyada, Küveytdə, Qətərdə, Helsinkidə və s. Azərbaycanın şanlı qələbəsi coşqu ilə qeyd edildi.

Ali Baş Komandan İlham Əliyev qələbə münasibətilə qeyd etmişdir: “Bu bizim hər birimizin həyatında xoşbəxt anlardır. İkinci Qarabağ Müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq! Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi. Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək, Qarabağ əsl  cənnət məkanına çevriləcək!”

Yaşasın Azərbaycan! Yaşasın şanlı, qüdrətli Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan!

Günel Əhədova

"İnnovativ layihələr və metodik təminat" şöbəsinin "Layihələrin hazırlanması və tətbiqi" sektorunun müdiri