17 Noyabr – Milli Dirçəliş günüdür
  
6391

Xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasında tarixi rol oynayıb. Xalqımız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında sıx birləşərək, öz haqqı, azadlığı uğrunda mübarizəsini dünyaya nümayiş etdirib, öz müstəqilliyini bərpa edib.

1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri, xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan Sovet imperiyasının dəhşətli cinayətlərə əl atması 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, ona qarşı hamılıqla ayağa qalxmasına səbəb oldu. Bu mübarizənin nəticəsi olaraq 1991-ci il 18 oktyabrda Azərbaycan xalqı müstəqilliyinə qovuşdu. 1992-ci ildən etibarən isə 17 Noyabr Milli Dirçəliş günü kimi qeyd olunmağa başladı.

Təməli SSRİ-nin türklərə qarşı düşmənçilik siyasəti ilə qoyulan ermənilərin Azərbaycan torpaqlarına ərazi iddiaları 200 mindən çox azərbaycanlının öz ata-baba yurdlarından kütləvi şəkildə Ermənistandan deportasiyasına, 1992-1993-cü illərdə 20% torpaqlarımızın işğal olunmasına və bir milyondan artıq vətəndaşımızın qaçqın-köçkün vəziyyətinə düşməsinə səbəb oldu.

O zamandan başlayan Dağlıq Qarabağ münaqişəsi dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan, prezident İlham Əliyevin uğurlu diplomatik səyləri və yüksək hazırlıqlı ordumuzun rəşadəti sayəsində işğal edilmiş torpaqlarımızın geri qaytarılması ilə sonlandı.

27 sentyabr 2020-ci il tarixində ermənilərin dəfələrlə atəşkəsi pozması və mülki əhalini hədəf almasına qarşılıq olaraq əks-hücum əməliyyatı ilə başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu günlərdə göstərilən əzm və fədakarlıq elə həm də o günlərin təcrübəsi, o günlərdəki milli birlik və bütövlüyün təzahürü idi ki, bu gün bütün xalq İlham Əliyevin əhatəsində bir yumruq kimi birləşdi.

Bu tarixi günlə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib. Sərgidə kitabxananın fondlarında qorunan “Dirçəliş XXI əsr”, “Heydər Əliyev: Azərbaycanın müstəqilliyi əbədidir”, “Qurtuluş”, “Qayıdış 1990-1993”, “Müstəqil vətənin memarı”, 3 dildə təqdim olunmuş “1918, Azərbaycanlılara qarşı törədilmiş qətliamlar foto və sənədlərdə”, “Azərbaycan tarixindən yüz şəxsiyyət” və digər kitablar nümayiş olunur.

Mübariz, əzmkar xalqımıza sadəcə qələbələr yaraşır. Dirçəlişimiz mübarək!

Qeyd edək ki, sərgi eyni zamanda virtual formada oxuculara təqdim olunur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82