Mərkəzi Elmi Kitabxanada zəfər günü qeyd edilib
  
6382

Azərbaycan Respublikasının 2020-ci il 27 sentyabrdan başlayan haqq savaşı 10 noyabr 2020-ci il tarixdə Ali Baş komandanımız, Prezident İlham Əliyev və şücaətli ordumuz sayəsində qələbə ilə nəticələnərək hərb tarixinə qızıl hərflərlə yazıldı. Bütün ölkədə sevinc və fəxarət hissi yaşadan bu xəbər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları tərəfindən də böyük coşqu ilə qarşılanıb. MEK-in kollektivi də bu tarixi günün sevincini birlikdə bayram kimi qeyd ediblər. Başda rəhbərlik olmaqla, MEK-in işçiləri öncə müstəqillik uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri qoyublar.

Daha sonra tədbir kitabxanada davam edib. Tədbirdə kollektiv qarşısında çıxış edən, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova Qarabağ zəfərinin sevincini onlara bəxş edən Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlığını bildirərək, millətimizə yaşatdıqları qürur və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib. Ermənistanın işğal etdikləri torpaqlarımızda digər mədəniyyət nümunələri kimi, kitabxanalarımıza qarşı da vandalizm siyasəti apardıqlarını diqqətə çatdırıb. Sevil Zülfüqarova onu da qeyd edib ki, dövlətimizin ilk işlərindən biri də, artıq işğaldan azad olunmuş Qarabağ və ətraf rayonlarda məhv edilən həmin kitabxanalarımızı bərpa etmək olacaq.

http://azia.az/tehsil/14690-mek-emekdashlarinin-qelebe-sevinci.html

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82