AMEA MEK-in Biblioqrafiya şöbəsinin biblioqrafik vəsaitlərin hazırlanması sektorunun müdiri, Əlyazmalar İnstitutunun doktorantı Təranə Rüstəmovanın "Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilmiş tarixi-mədəni irsimiz" adlı məqaləsi
  


 

XÜLASƏ:

Məqalədə ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında maddi və mədənis irsin talanması, qəsdən məhv edilməsi, saxtalaşdırılması haqqında faktlar öz əksini tapmışdır. Həmçinin qədim Azərbaycan torpağı olan Ermənistan ərazisində olan abidələrin planlı şəkildə məhv edilməsi haqqında da məlumat verilmişdir. Ümumilikdə Qarabağ və Ermənistanda məhv olunmuş abidələrin siyahısı  və Azərbaycan iqtisadiyyatına dəymiş ziyan göstərilmişdir. Eyni zamanda bu barədə beynəlxalq qanunların kobud şəkildə pozulması bildirilmişdir.

 

SUMMARY:

The article contains facts about the extortion, intentional destruction and falsification of material and cultural heritage in the occupied Azerbaijani lands by Armenians. They also informed about the planned destruction of monuments in the territory of ancient Azerbaijan, Armenia. In general, the list of destroyed monuments in Karabakh and Armenia and the damage to the Azerbaijani economy are shown. At the same time, there has been a severe violation of international law.

 

РЕЗЮМЕ:

 В статье содержатся факты о вымогательстве, умышленном уничтожении и фальсификации армянами материального и культурного наследия на оккупированных азербайджанских землях. Они также сообщили о планируемом разрушении памятников на территории древнего Азербайджана Армении. В целом приведен список разрушенных памятников в Карабахе и Армении и ущерб экономике Азербайджана. В то же время имело место серьезное нарушение международного права.

 

GİRİŞ:

1988-ci ildən başlayaraq sistemli şəkildə tarixi Azərbaycan ərazisi olan Ermənistandan azərbaycanlıların deportasiyası, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərində soyqırımların, işğal və qarətlərin həyata keçirilməsi getdikcə geniş vüsət almağa başladı. Ölkədə baş vermiş siyasi xaosdan istifadə edən Ermənistan Azərbaycanın 20% ərazisini işğal etdi. İşğal nəticəsində böyük zərər görmüş sferalardan biri də zəngin maddi-mədəniyyət abidələri olmuşdur.

Belə ki, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam), eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin 738 tarixi abidə, 83500-dən çox eksponatla 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursla işğal olunması Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxarmışdır.  Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və əhəmiyyətli sayda Alban məbədləri, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və tarixi Orta Əsrlərə gedib çıxan bir sıra Alban məbədləri, VI əsrin Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, Kəlbəcərdə XIII-XIV əsrlərin Lek qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, karvansarayları və evləri, Ağdamda XIX əsrin məscidi, Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji yerləri, Füzulidə Neolit və Bürünc dövrlərinin yaşayış əraziləri, Bürünc dövrünün Çıraqtəpə və Qaraqhacı kimi yaşayış əraziləri, Ağdamda Orta dövrün Gavurqala yaşayış ərazisi,  Cəbrayılda Bürünc dövrünün İmanqazantəpə və Qışlaq qum təpələri, Kəlbəcərdə Bürünc dövrünün qaya rəsmləri, Xocalıda Bürünc və Dəmir dövrlərinin daş nekropolu, Sədərəkdə Bürünc dövrünün yaşayış sahəsi və nekropolu, Laçında Bürünc və Dəmir dövrlərinin qum təpələri, Daş dövrünün mağarası, Şuşada Bürünc və Dəmir dövrlərinin qum və daş qəbiristanlıqları, Zəngilanda XIII-XIV əsrlərin yaşayış ərazisi daxildir. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir [2, Seh. 6].

Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılmış, yandırılmış və talan edilmişdir; son dövrlər sübut edir ki, erməni vandalizmi daha da intensiv xarakter almış və demək olar ki, dağıntı və ya zədəyə məruz qalmayan Azərbaycan abidəsi qalmamışdır. Digər şəhərlər üzrə, Ağdamın Əbdal və Gülablı kəndlərində “Pənah xan İmarəti” məscidlər kompleksi, Ağdam rayonunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun evmuzeyi, Xocalıda XIV əsrə aid kurqanlar, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Kəlbəcərin Moz, Keşdağ və Yuxarı Ayrım kəndlərində qədim məzarlıqlar, Zəngilanın Qıraq Muşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Zəngilanın Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda Qayalı və Məmər kəndlərində qədim məzarlıqlar və məscid, Laçının Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim məzarlıq, Cəbrayılın Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və Qoçəhmədli, Mərdmli, Qarğabazar kəndlərində, Xocavəndin məzarlıqları, Ağhullu, Kuropatkina, Düdükçü və Salakatin kəndləri və Xocavəndin Tuğ kəndində qədim məzarlıq, Tərtərin Ümüdlü kəndində qədim hamamlar, Sədərəkin Kərki kəndində məzarlıq dağıdılmış, yandırılmış və talan edilmişdir. Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətsiz daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyi dağıdılmış, talan edilmiş və sərgi nümunələri digər dövlətlərdə satışa çıxarılmışdır. Şairə Natəvan, bəstəkar Üzeyir Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min dollar qiymətinə almayacağı təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı. Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min dollara satılmışdır [2,  Seh. 7].

 

ERMƏNİSTAN ƏRAZİSİNDƏ OLAN ABİDƏLƏRİN MƏHV EDİLMƏSİ:

 

Azərbaycanın işğal edilmiş ərazilərində qəbirlərin qarət edilməsi, məzarlıq və qəbirlərin mədəniyyət nümunələrinin və ya dəyərli əşyaların oğurlanması məqsədilə üstünün açılması təcrübəsi haqqında geniş hesabatlar mövcuddur. Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinmişdir, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdiriməsi məqsədilə “yenidən təmir edilmişdir”. Dağıdılmış arxitektur abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi (bəzən Abbas Mirzə məscidi adlandırılır) də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə məhv edilmişdir. Ermənistanda Cəfərabad (ad Argavand adı ilə dəyişdirlimşidir) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan 8 qaldırılması üçün üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri ailəsinin mavzoleyi” adlandırılmışdır. Həmçinin, Ermənistanda olan qədim və yeni Azərbaycana məxsus qəbirstanlıqlar məhv edilmişdir. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin dəyişdirilməsi məqsədilə dəyişdirilmişdir [2, Seh. 8-9].   

 

AZƏRBAYCANA MƏXSUS ARXİV VƏ KİTABXANALARIN MƏHV EDİLMƏSİ:

Bir faktı da xüsusulə vurğulamaq istərdik ki, arxiv və kitabxanaların məhv edilməsi erməni vəhşiliyinin əsasını təşkil edir. Çünki, kitabxanalar hər millətin, dövlətin şah damarıdır. Qədim dövrlərdən günümüzədək toplanmış, qorunmuş maddi və mənəvi irs məhz kitabxana və arxivlərdə mühafizə edilir. Görkəmli, ABŞ kitabxanaşünası Corc Şira qeyd edir ki, bir xalqı məhv etmək üçün onun kitabxanalarını yer üzündən silmək kifayət edər. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azəarbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4, 6 milyon nüsxə kitab talan və məhv edilmişdir. Bundan başqa, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, momumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri işğal zonasında qalmışdır. Bunlarla yanaşı işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalareyası, 85 musiqi məktəbi işğal zonasında qalmışdır. Təqribi hesablamalara görə Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəymişdir.  Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir [2].

Aşağıda ermənilər tərəfindən məhv edilmiş, qarət olunmuş muzey və kitabxanaların siyahısı verilmişdir:

ŞUŞA RAYONU - 248 tarix və mədəniyət abidələri, 5 muzey, rəsm qalareyası, 32 kitabxana mövcud olmuşdur. Şuşa rayonunda fəaliyyət göstərən bir Mərkəzi kitabxana və 31 kitabxananın birləşdirilməsi nəticəsində 1977-ci ildə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) təşkil edilmişdir. Rayon MKS-nin tərkibində 32 kitabxana binası mövcud olmuşdur. 1991-ci ilin məlumatına görə MKS-də işçilərin sayı 103 nəfər, kitabxana fondunun ümumi həcmi 200 min nüxsə, oxucuların ümumi sayı 10 min nəfər təşkil etmişdir. İşğal nəticəsində rayon ərazisindəki 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim və unukal kitablar yandırılmış və məhv edilmişdir. Kitabxanaların dağıdılması nəticəsində dövlətə 1 milyon 106 min manat həcmində ziyan dəymişdir.

LAÇIN RAYONU -    İşğal nəticəsində Laçın rayonunda 119 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, 85 klub, 5 musiqi məktəbi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl rayon ərazisində marağa məbəd (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1716-cı il), körpü (XVIII əsr) və s. qeydə alınmışdır. Laçın rayonunda fəaliyyət göstərən 119 kitabxana əsasında 1976-cı ildə Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır. 1991-ci ilin məlumatına əsasən Laçın rayon MKS-nin kitab fondu 843 min nüsxə, oxucuların sayı 20 min nəfər olmuşdur. Rayon MKS-nin 115 kənd kitabxana filialı müasir  binalarla təmin olunmuşdu. Laçın rayon Mərkəzi Kitabxanasının fondunda qədim, unikal və nadir kitablar saxlanılırdı. Kitabxanada 14 otaq, 2 oxu zalı oxucuların istifadəsinə verilmişdi. Rayon MKS-i rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir. İşğal olunduqdan sonra rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış, onların kitab fondu və kitabxanalara məxsus 123 bina məhv edilmişdir.             Azərbaycan Respublikasına 2 milyon 580 min manat həcmində maddi ziyan dəymişdir.

KƏLBƏCƏR RAYONU - İşğal nəticəsində 119 kitabxana, 17 klub, incəsənət məktəbi, rayon Tarix-Diyarşünaslıq  muzeyi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl Kəlbəcər rayonunda XIII-XVIII əsrə aid alban məbədləri qeydə alınmışdır. Kəlbəcər rayonunda oxuculara xidmət edən 119 kitabxana əsasında 1976-cı ildə Kəlbəcər rayon Mərkəzləşmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır. 1992-ci ilin məlumatına əsasən Kəlbəcər rayon MKS-nin kitab fondu 600 min nüsxə, oxucuların sayı 35 min nəfər, işçilərin sayı 175 nəfər olmuşdur. Kəlbəcər rayon Mərkəzi Kitabxanası 1992-ci ildə “Yeni şəhər” adlanan ərazidə ikimərtəbəli xüsusi kitabxana tipli binada yerləşdirilmişdir. Eyni zamanda şəhər kitabxana filialları da yeni binalarla, habelə inventar və avadanlıqla təmin edilmişdir. 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal nəticəsində rayonun 119 kitabxana binası, habelə onlara məxsus kitab fondları dağıdılmış və talan edilmişdir. İşğal nəticəsində rayonda bütün infrastruktur, mədəniyyət abidələri, o cümlədən kitabxana binaları tamamilə məhv edilmiş, kitabxanalara təqribi hesablamalara görə 2 milyon 470 min manat həcmində maddi ziyan dəymişdir.

AĞDAM RAYONU -  İşğal nəticəsində Ağdam rayonunda 107 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Çörək Muzeyi, tanınmış xanəndə Qurban Primovun Ev Muzeyi, 24 klub, Dram Teatr, Şəkil Qalereyası dağıdılmış və məhv edilmişdir. İşğaldan əvvəl Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi (1317) Kəngərli kəndindəki türbə (XIV əsr), Papravənd kəndində 2 türbə (XVIII əsr) qeydə alınmışdır. Dağlıq Qarabağın ətrafında yerləşən Ağdam iqtisadi cəhətdən inkişaf etmiş bir rayon idi. Rayonda çoxlu sayda mədəniyyət obyektləri inşa edilmişdi. Ağdam rayonunda 107 kitabxananın əsasında 1979-cu ildə Ağdam rayon Mərkəzi Kitabxana Sistemi (MKS) yaradılmışdır. 1992-ci ilin məlumatına əsasən Ağdam rayon MKS-nin kitab fondu 970 min 996 nüsxə, oxucularının sayı 72 min 130 nəfər olmuşdur. İşğaldan əvvəl rayonun 106 kənd kitabxana filialında 676 min nüsxə kitab, jurnal və qəzet saxlanılmışdır. Ağdam rayon Mərkəzi Kitabxanası 1992-ci ildə inşa edilmiş yeni binaya köçürülmüş, kitabxana, inventar, avadanlıqla təmin edilmişdir. Ağdam rayonunun 1993-cü il 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəticəsinədə rayon ərazisindəki 107 kitabxana tamamilə dağıdılmış və rayon kitabxanalarına təqribi hesablamalara görə 2 milyon 850 min manat məbləğində maddi ziyan dəymişdir.

CƏBRAYIL RAYONU -  İşğal nəticəsində 31 kitabxana, 3 musiqi məktəbi, 19 klub müəssisəsi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl  rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, türbələr, tarixi Xudafərin körpüsü mövcud olmuşdur.             Cəbrayıl rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1983-cü ildə təşkil edilmişdir. 78 kütləvi kitabxana əsasında rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.  Cəbrayıl rayon MKS-nin kitab fondu 552 min 400 nüsxə, oxucuların sayı 27 min 800 nəfər təşkil etmişdir. Cəbrayıl rayon MKS-i hər il rayonda keçirilən “Qurbani saz bayramı” və ənənəvi “Novruz bayramı”nın keçirilməsində yaxından iştirak etmişdir. Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayon ərazisindəki 78 kitabxana binası dağıdılmış və orada saxlanılan nadir və unikal nəşrlər məhv edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 700 min manat həcmində maddi ziyan dəymişdir.

FÜZULİ RAYONU -  İşğal nəticəsində 15 tarixi abidə, 90 kitabxana, 20 mədəniyyət evi, 45 klub, Dövlət Dram Teatrı, 2 muzey və s. obyektlər dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl  rayonda qədim yaşayış məskənləri, kurqanlar (XVII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), Karvansara (1684-cü il) mövcud olmuşdur. Füzulil rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1978-ci ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi və 89 kütləvi kitabxana əsasında Füzulil rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Füzulil rayon MKS-nin kitab fondu 659 min  nüsxə, oxucuların sayı 45 min 620 nəfər təşkil etmişdir. Füzulil rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış və orada saxlanılan nadir və unikal nəşrlər məhv edilmişdir.  İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 889 min manat həcmində maddi ziyan dəymişdir.

QUBADLI RAYONU -  İşğal nəticəsində Qubadlıda 85 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub,  25 kino qurğusu dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl  rayon ərazisində memarlıq abidələri, mağara-ibadətgah (IV əsr), qalalar (V əsr), türbələr ( XIV-XVII əsrlər), məscid (XIX əsr), körpü (1867-ci il) və s. qeydə  alınmışdır. Qubadlı rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1977-ci ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi və 84 kütləvi kitabxana filialı əsasında Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Qubadlı rayon MKS-nin kitab fondu 600 min  nüsxə, oxucuların sayı 21 min  nəfər təşkil etmişdir. Erməni silahlı birləşmələri tərəfindən işğal  olunması nəticəsində 85 kitabxana və kitabxana filialı  dağıdılmış və talan edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 880 min manat həcmində maddi ziyan dəymişdir..

ZƏNGİLAN RAYONU - rayon ərazisində tarix memarlıq abidələri, türbə (1304-1305-ci illər), sərdabələr (XII-XIV əsrlər), dairəvi bürc (XIV əsr) qeydə  alınmışdır. Rayonda  Tarix - Diyarşünaslıq Muzeyi, Xalqlar Dostluğu Muzeyi, 3 yeddiillik musiqi məktəbi, 70 kitabxana dağıdılmış və talan edilmişdir. Zəngilan rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1976-cı ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi 3 şəhər, 1 qəsəbə, 65 kənd kütləvi kitabxana əsasında Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Zəngilan rayon MKS-nin kitab fondu 490 min  nüsxə, oxucuların sayı 20 min  nəfər təşkil etmişdir. Erməni silahlı birləşmələri tərəfindən işğal  olunması nəticəsində rayonun mərkəzindəki 1 mərkəzi, 1 uşaq, 1 gənclər, 1 şəhər, 1 qəsəbə habelə rayonun kəndlərdə fəaliyyət göstərən 70 kitabxana filialı  dağıdılmış, məhv edilmiş və burda saxlanılan nadir kitablar talan edilmişdir.  İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 660 min manat həcmində maddi ziyan dəymişdir.

AĞDƏRƏ RAYONU -  400 minə yaxın fonda malik olan Ağdərə rayon MKS-i 1978-ci ildə 61 kənd, 4 rayon kütləvi kitabxanası əsasında təşkil olunmuşdur. Ağdərə rayonunun ərazisi 7 iyul 1993-cü il tarixində erməni separatçıları tərəfindən işğal olunması nəticəsində rayonun 65 kitabxana binası dağıdılmış və talan edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 300 min manat həcmində maddi ziyan dəymişdir.

XOCALI RAYONU -  Xocalı  rayon ərazisində XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, bizim eranın XIII-XIV əsrlərinə aid edilən səkkiz guşəli günbəz,  türbələr və əsasən  son tunc və erkən dəmir dövrünə  (b.e.əvvəl XIV-XIII əsrdən VII-VI əsrə) aid edilən Xocalı abidələri kompleksi 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (Qalaçalar), nekropollar, menhirlər (5-10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr, daş qutular və Alban kilsələri qeydə alınmışdır. İşqaldan əvvəl rayon ərazisində 69 kitabxana, 8 mədəniyyət evi, 60 klub, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikada kitabxanaların vahid bir mərkəzdən idarə olunması məqsədi ilə Əsgəran rayonunda 400 mindən çox kitab fonduna malik olan 69 kütləvi kitabxana əsasında Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. İşğala qədər Xocalı şəhərində 9 kütləvi kitabxana fəaliyət  göstərmişdir. İşğal nəticəsində rayonun ərazisində etnik təmizləmə əməliyyatı aparılmış, azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələri, o cümlədən kitabxana fondları məhv edilmişdir. Rayon ərazisində 69 kitabxana binasının dağılması və orada saxlanılan nadir və unikal nəşrlərin məhv edilməsi nəticəsində Azərbaycan Respublikasına təqribən 1 milyon 500 min manat həcmində maddi ziyan dəymişdir. 

XOCAVƏND RAYONU - rayon ərazisində 72 mədəniyyət abidəsi, dünya əhəmiyyətli Azıx mağarası, qalalar (I-VIII əsrlər), Alban məbədi (X əsr), türbə (XIII əsr) qeydə  alınmışdır. Xocavənd rayonunda 1 rayon Mərkəzi və 8 kitabxana filialı fəaliyyət göstərmişdir. Xocavənd rayon MKS-nin kitab fondu 463 min nüsxə, oxucuların sayı 17 min  nəfər təşkil etmişdir. Xocavənd rayonunda kitabxana və kitabxana filialları xüsusi binalarla təmin olunmuşdur. Erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 700 min manat həcmində maddi ziyan dəymişdir.

QAZAX RAYONUN 7 KƏNDİ -  Qazax rayonunun 7 kəndi Bağanis Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Qızılhacılı, Xeyrimli, Sofulu erməni işğalı altındadır. İşğal nəticəsində 8 kitabxana filialı və onlara məxsus 178 min 285 min nüsxə kitab yandırılmış və məhv edilmişdir. Qazax rayonunun kitabxana-informasiya şəbəkəsinə təqribi hesablamalara görə 180 min manat məbləğində maddi ziyan dəymişdir [2].

Göründüyü kimi, Azərbaycanın işğal olunmuş ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kitabxanalar və orada saxlanılan unukal və nadir kitab kolleksiyaları tamamilə talan edilmiş və yandırılmışdır. Qarabağın mədəniyyət və təhsil mərkəzi Şuşa tarix memarlıq qoruğunun ərazisində yerləşən Pənah xanın tarixi kitabxanası, rəssam, görkəmli alim Mir Mövsüm Nəvvabın şəxsi kitabxanası, Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərində saxlanılan dəyərli kitablar erməni vandalları tərəfindən məhv edilmişdir. Onların çoxu Ermənistana aparılmışdır. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azəarbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4, 6 milyon nüsxə kitab talan və məhv edilmişdir.

İŞĞAL EDİLMİŞ AZƏRBAYCAN TORPLAQLARINDA MADDİ VƏ MƏDƏNİ İRSİN QORUNMASINA DAİR BEYNƏLXALQ QANUNLARIN POZULMASI:

Bütün bu qeyri-hüquqi davranışların və qeyri-insani vəhşiliklərin baş verməsi beynəlxalq hüquq normalarına ziddir. Çünki Azərbaycanın işğal edilmiş torpaqlarındakı maddi irsin talanması, qarət edilməsi, yoxa çıxarılması, qəsdən məhv edilməsi aşağıdakı beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir:

  1. “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası;
  2.  “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konversiyası;
  3.  “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyası və s.

Mülki obyektlərə aid olan mədəni mülkiyyət xüsusi qorunur. 1907-ci il Haaqa Nizamnamələri mədəni mülkiyyətin dağıdılmasının qarşısının alınması üçün dəqiq qaydalar təsbit edir və işğal edilmiş ərazilərdə mədəni və dini təsisatların qorunmasının geniş əhatəsini müəyyən edir. 1949-cu il IV Cenevrə Konvensiyası isə silahli münaqişələr dövründə mədəni mülkiyyətin qorunması üçün yetərli istiqamət vermirdi. 1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Öncəki müqavilələrdən fərqli olaraq, bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atma öhdəliyi var. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq” barəsində razılığa gəlmişdir. İşğalçılardan həmçinin “mədəni mülkiyyətin qorunub-saxlanılması üzrə tədbirlər görülməsi” tələb olunur, hətta bu məqsədin yerinə yetirilməsi üçün milli hakimiyyətlə yaxından işləmək tələb olunur seh. 9. 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol 1999-cu ildə qəbul edildi və bununla da silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsi daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını (“qadağan edəcək və qarşısını alacaq”) təsbit edir [6].

HİBRİD VƏ QEYRİ-ABORİGEN ERMƏNİLƏRİN QAFQAZA GƏLİŞİ VƏ PLANLI İŞĞALLARI:

Tarixi faktlar sübut edir ki, ermənilər Qafqazda aborigen xalq deyildir. Bu faktı əsaslandırmaq üçün kiçik sübut belə yetərlidir. Məsələn, 1808-1809-cu illərdə Rus əsgərləri dəqiq topoqrafik xəritələrə sahib idi. Məlum olduğu kimi, onlar hərbi xəritələrdə yer adlarının düzgün yazılması barədə çox diqqətli idi. Bu xəritələri öyrənənlər bu gün Ermənistanı adlandırılan bölgədə sayca Azərbaycan mənşəli yerlərin olduğunu deyirlər. Bu xəritələrdəki tarixi faktları dünya ictimaiyyətinə çatdırmaq üçün dövlət tərəfindən yenidən çap olunaraq yayılmalıdır [4]. Məlum faktdır ki, ermənilər XIX əsrə kimi daha dəqiq ifadə etsək, I Nikolayın hakimiyyətinə qədər dünyada rəsmən qul olan xalq olmuşdur. Onların üzərindən qul hökmünü məhz I Nikolay götürmüşdür. Bu da məqsədyönlü və planlı siyasətin nəticəsi idi. Çünki gələcəkdə ermənilərdən məharətlə istifadə edərək Azərbaycanın zəngin sərvətlərinə sahib olmaq üçün erməni amili mühüm fakt idi.

Beləliklə, XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlanmışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictımaiyyətini aldatmağa başlamışlar.

İŞĞALLAR NƏTİCƏSİNDƏ AZƏRBAYCAN İQTİSADİYYATINA DƏYMİŞ ZİYAN:

1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur.  Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdur.  İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdir. 

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir.

 XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır.  XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər. 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (170 sırf azərbaycanlı və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılır. İstər Azərbaycanın işğal edilmiş ərazilərində, istərsə də Ermənistan respublikası ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi bu gün də erməni vandalları tərəfindən davam etdirilir. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınır [3].

İŞĞAL ALTINDA QALMIŞ TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ:

Bundan başqa, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, momumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri işğal zonasında qalmışdır. Bunlarla yanaşı işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalareyası, 85 musiqi məktəbi işğal zonasında qalmışdır. Təqribi hesablama lara görə Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəymişdir. Dünyada ikinci, Keçmiş SSRİ-də isə yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardımanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən cox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 32 kitabxana, 5 muzey, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir [1]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı 02.08.2001 tarixli qərarından çıxarışa əsasən işğal altında qalmış Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin siyahısı:

MEMARLIQ ABİDƏLƏRİ:

 

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Qutlu Musa oğlu türbəsi

1314-cü il

Ağdam rayonu, Xaçındərbətli kəndi

Gəncəsər monastırı

1216-1238-ci illər

Kəlbəcər rayonu, Vəngli kəndi

Xudavəng monastırı

XIII əsr

Kəlbəcər rayonu, Vəng kəndi

11-tağlı Xudafərin körpüsü

XI—XII əsrlər

Cəbrayıl rayonu, Qumlaq kəndi

15-tağlı Xudafərin körpüsü

XIII əsr

Cəbrayıl rayonu, Qumlaq kəndi

Şuşa Tarix-Memarlıq Qoruğu

XVIII-XIX əsrlər

Şuşa şəhəri

ARXEOLOJİ ABİDƏLƏR:

 

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Azıx mağara düşərgəsi

Paleolit dövrü

Xocavənd rayonu

Tağlar mağara düşərgəsi

Paleolit dövrü

Xocavənd rayonu

Üzərliktəpə yaşayış yeri

Tunc dövrü

Ağdam-Ağcabədi yolunda, Rəcəb Gözəlov küçəsi

Xocalı kurqanları

Tunc-ilk dəmir dövrü

Xocalı şəhəri

Niftalı kurqanları

Tunc dövrü

Cəbrayıl rayonu

 

İşğal olunmuş ərazilərdə qalmış müzeylərin siyahısı:

  1. Tarix diyarşünaslıq muzeyi. Xankəndi şəhəri.
  2. Dövlət rəsm qalereyası. Xankəndi şəhəri.
  3. Şuşa tarix muzeyi. Şuşa şəhəri.
  4. Üzeyir Hacıbəyovun ev muzeyi. Şuşa şəhəri.
  5. Bülbülün ev muzeyi. Şuşa şəhəri.
  6. Azərbaycan xalçaçılıq və xalq tətbiqi sənəti Dövlət muzeyinin Şuşa filialı. Şuşa şəhəri.
  7. Qarabağ Dövlət tarix muzeyi. Şuşa şəhəri.
  8. Qarabağ ədəbiyyat muzeyi. Şuşa şəhəri.
  9. Mir Möhsün Nəvvabın ev muzeyi. Şuşa şəhəri.
  10. Dövlət rəsm qalereyası. Şuşa şəhəri.
  11. Ağdam tarix diyarşünaslıq muzeyi. Ağdam şəhəri.
  12. Çörək muzeyi. Ağdam şəhəri.
  13. Qurban Primovun xatirə muzeyi. Ağdam şəhəri.
  14. Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi. Ağdam şəhəri.
  15. Ağdərə tarix diyarşünaslıq muzeyi. Ağdərə şəhəri.
  16. Füzuli tarix diyarşünaslıq muzeyi. Füzuli şəhəri, köməkçi fondun eksponatları.
  17. Xalq tətbiqi sənəti muzeyi. Füzuli şəhəri.
  18. Hadrut tarix diyarşünaslıq muzeyi. Hadrud şəhəri.
  19. Qubadlı tarix diyarşünaslıq muzeyi. Qubadlı şəhəri.
  20. Dövlət rəsm qalereyası. Qubadlı şəhəri.
  21. Laçın tarix diyarşünaslıq muzeyi. Laçın şəhəri.
  22. Dövlət rəsm qalereyası. Laçın şəhəri.
  23. Sarı Aşığın xatirə muzeyi. Laçın rayonu. Güləbird kəndi.
  24. Kəlbəcər tarix diyarşünaslıq muzeyi. Kəlbəcər şəhəri.
  25. Cəbrayıl tarix diyarşünaslıq muzeyi. Cəbrayıl şəhəri.
  26. Zəngilan tarix diyarşünaslıq muzeyi. Zəngilan şəhəri.

 

Ermənilərin hərbi təcavüzü nəticəsində ümumilikdə Azərbaycanın milli və beynəlxalq əhəmiyyətə malik 100 mindən çox mədəniyyət abidələri məhv edilmiş, bir qismi isə naməlumdur. 1994-cü ilin yanvar ayında Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi YUNESKO-nun Baş direktoru cənab Frederiko Mayora və Beynəlxalq Muzeylər Şurasının Baş katibi xanım Elizabet de Porta  “Azərbaycan milli sərvətlərinin qorunması üçün” müraciət etdi.1996-cı ildə UNESCO Azərbaycanın işğal olunmuş ərazilərində muzey obyektlərinə həsr olunmuş “Azərbaycanın itirilmiş mədəni dəyərləri” adlı liflet nəşr etdi [7].

 

NƏTİCƏ:

Dünya təcrübəsindən bəllidir ki, müxtəlif münaqişələr, müharibələr zamanı maddi və mənəvi ziyan çəkmiş dövlətlər, millətlər müəyyən zaman kəsiyindən sonra öz milli sərvətlərinə sahib çıxmaq üçün beynəlxalq hüquq normaları əsasında təzminat davası açaraq həm maddi dəstəyə, həm də mirasın geri qaytarılmasında uğurlar müsbət nəticələr əldə etmişlər. Məsələn, I və II dünya müharibələri zamanı Yunanıstana dəymiş maddi və mənəvi ziyana görə Almaniya dövləti tərəfindən 1960-cı ildə qarşı tərəfə 115 milyon Alman marka ödənmişdi. Lakin, bununla tam razılaşmayan yunan höküməti Almaniyadan II Dünya Müharibəsi dövründə baş verən müharibə üçün 309,5 milyard avro və I Dünya Müharibəsi üçün 9,2 milyard avro tələb edib. Yunanıstan həmçinin müharibə illərində həlak olanlar və əlillər üçün 107,2 milyard avro təzminat istəyir. Yunanıstan Xarici İşlər Nazirliyi, Afinanın Almaniyaya birinci və ikinci dünya müharibələri zamanı  görülən zərərin əvəzini ödəmək üçün ümumilikdə 320 milyard avro təzminat ödənməsi üçün Yunanıstanın Berlin səfirliyi tərəfindən Almaniya Xarici İşlər Nazirliyinə nota verildi. I və II Dünya müharibələrindəki işğallar zamanı Yunan xalqının böyük zərər və itkilər verdiyi qeyd olunan notada  “Tələblərimiz, qurbanlar, qurbanların nəsilləri üçün alman işğalı, faizsiz işğal kreditlərinin geri qaytarılmasının, talan edilmiş və qanunsuz köçürülmüş arxeoloji və mədəni xəzinələrin qaytarılması" ifadələri yer almışdır [8].

Azərbaycan höküməti də bu beynəlxalq hüquq və qanunlar çərçivəsində nəinki Qarabağ işğalı zamanı, həmçinin qədim Azərbaycan torpaqları olan Ermənistan ərazisindən talanmış və qətlə yetirilmiş insanlar və irsimiz haqqında dövlət qarşısında təzminat davası açmaq zamanı yetişmişdir.

Ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, Ermənistana aparılmış və qeyri-qanuni yollarla dünya kitabxana və muzeylərinə saxta erməni abidələri kimi daxil edilmiş irsimiz yenidən öz sahibinə qaytaralıcaqdır.

 

ƏDƏBİYYAT SİYAHISI:

  1. Рустамова А. Духовный геноцид армян против Азербайджанского народа // “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqrırımları” mövzusuna həsr olunmuş IV beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxılış / AMEA Tarix İnstitutunun Elmi Əsərləri. – 2017. – №  64, 65, 66. – S. 303-307.
  2. Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar // Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi; tərt. S. Ə. Abbasov. -  Bakı, 2012. - 27 s.
  3. Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri // http://www.armenianvandalism.az/az_general.html     (24 aprel 2019)
  4. Ermeniler Kafkasiyada yerli halk deyiller http://1905.az/tr/ermeniler-kafkasyada-yerli-halk-degildir/ (25 aprel 2019)
  5. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi // Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi https://cabmin.gov.az/az/page/69/print/  (01 May 2019).
  6. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması // http://mfa.gov.az/files/file/______al_olunmu_____razil__rd___maddi_m__d__niyy__t_abid__l__rinin_da____d__lmas__.pdf   (11 may 2019)
  7. Qarabağ muzeyləri  // http://qarabagkitabxana.info/the-culture-burnt-by-war/garabag-muzeyl%C9%99ri/    (15 aprel 2019)
  8. Yunanistan  Almanya’ya 320 milyar euro'luk tazminat talebi içeren nota sundu https://tr.sputniknews.com/avrupa/201906041039241355-yunanistanin-almanyadan-istedigi-savas-tazminati-icin-diplomatik-adim/