Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir!
  
6347

Hər bir xalqın ən ülvi arzusu milli müstəqilliyini qazanmaqdır. Müstəqillik milli dövlətin yaradılmasında, dünyaya tanıdılmasında həlledici amildir. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin dediyi kimi, müstəqilliyi qorumaq onu qazanmaqdan qat-qat çətindir. Tarix də bunu dəfələrlə sübut etdi.

Tale elə gətirdi ki, XX əsrdə iki dəfə müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafı üçün real imkanlar formalaşdı - dövlətçiliyin əsası olan müstəqillik əldə olundu. Birinci dəfə əsrin əvvəllərində, rus imperiyasının çökməsi nəticəsində Azərbaycan müstəqillik qazandı və beləliklə də, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 1918-ci il mayın 28-də yaradılmış, Azərbaycan Xalq Cümhuriyyəti daxili qarşıdurmalar və xarici təcavüz nəticəsində 23 aydan artıq yaşamadı. Müstəqilliyi qorumaq və dövlətçiliyi yaşatmaq üçün xalq buna hazır olmalı, milli-siyasi liderini yetişdirməli, möhkəm iqtisadi bazası, vahid milli strategiyası olmalı idi. Lakin, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətində isə bunların bəzisi ümumiyyətlə yox idi. Beləliklə, Azərbaycan 1920-ci ildə bolşevik Rusiyasının təcavüzü nəticəsində öz müstəqilliyini itirdi, Sovet İttifaqının muxtar qurumlarından birinə - Azərbaycan Sovet Respublikasına çevrildi.

XX əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdi. Bu müstəqillik ötən əsrin 80-90-cı illərində dünyada baş verən ictimai-siyasi proseslərin və Azərbaycan xalqının müstəqillik uğrunda əzmkar mübarizəsinin nəticəsi oldu. Azərbaycanın müstəqilliyə hazırlanması isə daha əvvəl, ümummilli lider Heydər Əliyevin ölkəmizə ilk rəhbərlik etdiyi illərdən başlandı. O zaman ulu öndər böyük uzaqgörənliklə hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərin həyata keçirilməsinə nail oldu, beləliklə də, Azərbaycanın gələcək müstəqilliyinin təməli qoyuldu.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bu mühüm sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyin qazanılması onu qorumaq uğrunda aparılacaq daha gərgin mübarizələrin başlanğıcı idi.

Bu gün Azərbaycan, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında regionun lider dövlətinə çevrilmiş, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir.

Hazırda bütün dünya dövlətləri Azərbaycanın öz müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü qorumaq üçün gedən müharibədə qazandığı uğurlarından danışır. Davam edən döyüşlərdə üstünlük əldə edən Azərbaycan Silahlı Qüvvələri, bir neçə rayon və kəndlərimizi azad edərək, yüksəkliklərində üçrəngli Azərbaycan bayrağını dalğalandırır. Məğlubiyyətlə barışa bilməyən ermənilər isə nəinki işğal altında olan Azərbaycan torpaqlarından, hətta Ermənistan ərazisindən iri çaplı mərmilər atmaqda davam edirlər. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da öz müstəqilliyini daha da möhkəmləndirəcək, ərazi bütövlüyünü tam bərpa edəcək! Hər gün şanlı zəfərlərlə yeni tarix yazan Ordumuzun uğurları bunu qətiyyətlə deməyə imkan verir ki, növbəti il 18 oktyabr Milli Müstəqillik günündə üçrəngli bayrağımız Azərbaycanın işğal altında olan digər torpaqlarında da dalğalanacaq! Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevlə irəli gedən Müstəqilliyimiz əbədidir! Qalibiyyət bizimdir! Qarabağ Azərbaycandır!

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82