Mərkəzi Elmi Kitabxana elmin xidmətində
  
6325

Alimlərimiz hər zaman öz elmi yaradıcılıq məhsullarını AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) etibar etməklə və kitabxana-informasiya proseslərinin fəal informativ qüvvəsi olmaqla yanaşı, MEK-in qayğılarından da uzaq olmayıblar. Alimlərimiz istər ənənəvi, istərsə də elektron milli elmi resursların, milli intellektual sərvətin toplanması, yerləşdirilməsi, saxlanma şəraiti, rəqəmsallaşdırılması, istifadə servisi, təbliği, mübadiləsi, mühafizəsi kimi məsələlərin həllində ilk çağırışda köməklərini əsirgəməyiblər. Odur ki, MEK və akademiyanın elmi müəssisələrinin kitabxanalar şəbəkəsi akademik mühitdə mühüm rola malikdir. Bu amalla ən müxtəlif elm sahələrinin tədqiqatçı və alimlərini öz tərkibində birləşdirən Kitabxana Şurasının fəaliyyətini xüsusi qeyd etməyə ehtiyac var. Bu mövzuya müraciət etməyimiz təsadüfi deyil. Hazırda növündən və formatından asılı olmayaq respublika üzrə elmi resursların əsas informativ bazası olan MEK-in kitabxana-biblioqrafiya xidməti sahəsində həyata keçirdiyi yeniliklər, beynəlxalq standartlar səviyyəsində aparılan ciddi islahatlar, avtomatlaşdırma sisteminin tətbiqi və linqvistik təminatı, kadr siyasəti, hüquqi əsaslarla idarəetmə prinsipləri və s. məsələlərdə operativ və uğurlu nəticələrə nail olmaq üçün Kitabxana Şurası kimi bir qurumun fəaliyyətinə zərurət yaranıb.

AMEA sistemində Kitabxana Şurasının yaranması və fəaliyyəti tarixi elmi-tədqiqat institutlarının yaranması və fəaliyyəti ilə (1935-1940) bağlı olub və paralel inkişaf edib. İlk dəfə 1940-cı ildə Kitabxana Komissiyası kimi yaranan bu ictimai qurumun əsasnaməsində deyilirdi ki, şura kollegial orqan kimi ilk növbədə kitabxananın elmi fəaliyyətini istiqamətləndirir, komplektləşdirmə mövzularını, fəaliyyət planlarını müəyyən edir və s. İlk Kitabxana Şurasının tərkibində Ədəbiyyat İnstitutundan M.A.Dadaşzadə, Şərqşünaslıq İnstitutundan Z.Xəlilov, Kimya İnstitutundan Q.Əfəndiyev və başqa alimlərimiz olub. 1958-1975-ci illərdə akademik M.A.Dadaşzadənin Kitabxana Şurasına sədrliyi dövründə MEK öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Həmin dövrdə şuranın üzvü olan akademik Z.Bünyadzadə, AMEA-nın müxbir üzvləri - Kibernetika İnstitutunun direktoru D.Allahverdiyev, Coğrafiya İnstitutunun direktoru B.Budaqov, Üzvi və Qeyri-üzvi Kimya İnstitutundan A.Məmmədov, Əlyazmalar İnstitutundan C.Qəhrəmanov və başqaları kitabxananın fəaliyyəti ilə bağlı məsələnin həllində böyük xidmətlər göstərmiş oldular. 1970-1971-ci illərdə artıq şura üzvlərinin sayı digər elmi müəssisələrin kitabxanalarının direktorları da daxil olmaqla 57-ə çatmışdı. 1977-1980-ci illərdə MEK fəaliyyətinə dair bütün əsaslı təlimatlar, yenidən təşkilolunma prosesləri, fondların yerləşdirilməsi və inkişafı, kadrların fasiləsiz professional təhsil məsələləri Kitabxana Şurasında müzakirə olunur və təsdiq edilirdi. Kitabxana Şurasının vəzifələrinə – əsas metodoloji tövsiyələrin hazırlanması və şəbəkə kitabxanaları da daxil olmaqla mərkəzləşdirilmiş məlumat-biblioqrafiya aparatının təşkili, ölkədaxili və beynəlxalq elmi informasiya mübadiləsinin əlaqələndirilməsi, ilk interaktiv informasiyanın seçilib paylanması sisteminin tətbiqi və s. daxil idi.

Sonrakı illərdə Kitabxana Şurası təşkilatlanmış bir qurum kimi öz fəaliyyətini dayandırmış oldu. Buna baxmayaraq, bu gün də kitabxana öz elmi-informativ resursları, onlayn xidmət servisi, yeni təşkil olunmuş, ixtisaslaşmış oxu zalları, fondları və problemləri ilə alimlərimizin diqqət mərkəzindədir. Alimlərimizin MEK-ə bağışladığı akademik kolleksiyalar bunun gözəl nümunəsidir. Bununla belə Kitabxana Komissiyası və Şurası kimi belə bir qurumun yenidən, modernləşdirilmiş fəaliyyətinin bərpa edilməsini zaman və şərait özü tələb edir və buna böyük ehtiyac vardır. Kitabxana Şurası, MEK başda olmaqla, regional bölmə və elmi-tədqiqat institutlarındakı Kitabxana-İnformasiya Kompleksinin fəaliyyətinin əlaqələndirilməsi, informasiyalaşdırılması, elmi informasiya və kadr potensialının təşkili və idarə olunması üzrə elmi-metodiki və hüquqi təlimatlandırıcı mərkəz, aparıcı və idarəedici kollegial ictimai qurum kimi Azərbaycan elminə öz töhfələrini verə bilər.

Sevil Zülfüqarova, Mərkəzi Elmi Kitabxananın direktoru

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82