Dahi Üzeyir günü
  
6324

Azərbaycan musiqisi deyəndə mədəniyyətimizə xas olan, xalqımızın bədii-estetik zövqünü ifadə edən, milli-mənəvi dəyərlərini, dünyagörüşünü, həyat tərzini, gözəllik anlayışını özündə ehtiva edən janrlar başa düşülür. Bu zəngin özülün üzərindən çağdaş Azərbaycan musiqisi pərvazlanıb bugünkü yüksəkliyə çatıb. 18 sentyabr 1885-ci ildə Şuşa şəhərində anadan olan Azərbaycanın dahi bəstəkarı, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, akademik Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Ölkəmizdə Milli Musiqi günü kimi qeyd olunur. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.

1995-ci ildə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Üzeyir Hacıbəyov şəxsiyyətinə, yaradıcılığına, onun çoxşaxəli nəcib işinə böyük dəyər verən ulu öndər Heydər Əliyev deyirdi: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota alıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq ruhu bəxş edən ilk himni biz bu gün də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisidir. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi “Leyli və Məcnun” operasıının səhnələşdirildiyi gündən başlanıb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. İlk operanın uğurlarından ruhlanan Üzeyir Hacıbəyli bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib. Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəyli həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayıb. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi olaraq istifadə edilir.

Qeyd edək ki, 1945-ci ildə Azərbaycan SSR EA-ya həqiqi üzv seçilən 15 nəfərdən biri Üzeyir Hacıbəyli olub. Bu gün adını böyük iftixarla andığımız, 135 illik yubileyi qeyd olunan müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, əsərləri dünya musiqi incilərindən sayılan Üzeyir Hacıbəyli irsi ölkəmizin digər kitabxanalarında olduğu kimi,  AMEA MEK-in də kitab fondunu daim zənginləşdirir. 2014-cü ildə AMEA Mərkəzi Elmi Kitabxanasında akademiyanın 15 təsisçisinin xatirəsinə həsr olunmuş qalereyada dahi bəstəkarın da büstü yer alıb.  MEK fondlarında AMEA-nın təsisçilərindən olan Üzeyir Hacıbəyliyə də aid sənədlər mühafizə olunur. Sənədlər sırasında bəstəkarın, seçilmiş əsərləri (rus və azərbaycan dillərində), partituraları, felyeton, pamftel və satirik hekayələri, musiqili komediyalar (librettolar), miniatürlər, musiqi əsərləri və s. mənbələr var. Ümumilikdə AMEA MEK-in müxtəlif fondlarında dahi Üzeyir Hacıbəylinin əsərləri və yaradıcılığına həsr olunmuş dəyərli 108 mənbə saxlanılır. 

İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com
(012) 537 19 82