Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
  
6262
     1918-ci ilin 28 May tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.
Bu respublika Azərbaycan dövlətçiliyinin inkişafında özünəməxsus iz qoyub. 
     Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli, Əlimərdan Bəy Topçubaşov, Şəfi Bəy Rüstəmbəyli, Həsən Bəy Ağayev, Səməd Ağa Ağamalıoğlu, Rəşid Bəy Axundzadə və digərləri tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
     Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusunun köməyi ilə daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
     Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. bu kimi işləri müstəqil Azərbaycan Cümhuriyyəti görüb.
     Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərib. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklər tərəfindən işğal edilib.
     Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, Azərbaycanın istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
     Qeyd edək ki, AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bir çox elektron kitabları oxuculara təqdim edir. Onlar sırasında “Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti”, “Azərbaycan Demokratik Respublikası parlamenti”, “Azərbaycan Xalq Cümhuriyyəti”,  Ə.B.Topçubaşovun “İstanbulda diplomatik görüşlər”, “Paris məktubları”, “Ə.Topçubaşov və M.Rəsulzadənin yazışması”(1923-1926), Ə.Topçubaşovun şəxsi arxivindən sənədlər(1903-1934), Əli bəy Hüseynzadənin“Siyasəti fürusət”, professor, tarix elmləri doktoru Həvva Məmmədovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət. Erməni terrorizminin güclənməsi”, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası”, Yusif Ağayev və Səbuhi Əhmədovun “İstiqlal yürüşü 1918” və digər kitablar yer alır.
FirstPrev1234NextLast