XALQININ QƏLBİNDƏ ƏBƏDİLİK QAZANAN LİDER
  
6227

Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.

Əbu Turxan

Böyük filosofun bu fikri hər zaman aktuallığını qoruyub saxlamaqdadır. Bu fikirlər necə də, Heydər Əliyev dühasının həyatı və fəaliyyəti ilə səsləşir, bir-birini tamamlayır. Bəli, biz bu il may ayının 10-da ulu öndər, dahi şəxsiyyət, taleyini xalqına, millətinə bağlayan xilaskar liderin - Heydər Əliyevin anadan olmasının 97 illiyini qeyd edirik. Ömrünü xalqına, dövlətinin quruculuğuna, Azərbaycanın çiçəklənməsi naminə şam kimi əridən dahi şəxsiyyət haqqında yazmaq, danışmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Necə ki, şair də misraları ilə fikrimizi təsdiqləyir.

Eşqə qadağa yox, sevgiyə sərhəd

Xatirən canlıdır, şöhrətin diri

Ömrünün mənası vətənə xidmət

Adının mənası Allahın şiri

Təbii ki, tarix heç nəyi silmir, dəyişdirmir. Tarix hər bir hadisəni, hər bir şəxsiyyəti yerli-yataqlı öyrənir və ona layiqli qiymət verir. Ulu öndər Heydər Əliyevin adı da tarixə qızıl hərflərlə yazılmış şəxsiyyətlərdən biri kimi, vətəninə, xalqına, dininə, dilinə, elmə, alimə, sənətə, sənətkara hər zaman layiqli qiymət verməyi ilə tarixiləşmişdir. Onun vətən, millət, dil, din demək olar ki, dəyərlərimizin əhatə olunduğu bütün sahələrlə bağlı özünəməxsus fikrləri, mövqeyi vardır. Bu fikirlər Ulu öndəri öyrənən hər bir vətəndaşımız, xüsusən də gənc nəsil üçün qırmızı cizgilərdir. Onun alimlərə, elmə qiymət verməsi isə aksiomadır. Hər zaman öz çıxışlarında deyirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən cəmiyyətə, ölkəyə, xalqa fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.

Bəli, Azərbaycan alimi də bilirdi ki, ümummilli lider Heydər Əliyev hər zaman xalqın yanında olmalı, dövləti, dövlətçiliyimizi öz dərin zəkası ilə qorumalıdır. Onun ölkəyə qayıdışı ərəfəsi çətin, ağrılı günlərə təsadüf edirdi.

Həmin çətin zamanlarda biz orta məktəbdə oxuyurduq və bizim zəkalı müəllimlərimiz, ziyalılarımız Heydər Əliyevin Azərbaycana birmənalı şəkildə dönuşünü istəyirdi və xalqı bu ağır siyasi təzadlardan, çətin durumdan ancaq onun çıxaracağını qəlbən qəbul edir, özünün dərin zəka və düşüncəsi ilə nicat tapacağını bildirirdilər. Bir sözlə, hər kəsin ona böyük inamı vardı və dahi lider də öz gücünü məhz xalqın inamından alırdı.

1990-cı ilin iyulunda ümummilli lider Heydər Əliyevin o ağır günlərdə Naxçıvana dönüşü doğma diyarda böyük coşqu, ruh yüksəkliyi yaratmışdı. O, böyük xilaskar kimi doğma Vətəninə pənah gətirirdi. Onu Naxçıvanın mərkəzi meydanında minlərlə insan ən əziz adamı kimi qarşılayır, ona vətənin azadlığı naminə böyük ümidlər bəsləyirdilər. Və doğrudan da bu bir danılmaz gerçəklikdir ki, dahi şəxsiyyət Azərbaycan insanının son ümid yeri idi.

Naxçıvan MR Ali Məclisinə xalqın təşəbbüsü və təkidi ilə deputat və çox az zaman keçməmiş isə Naxçıvan Ali Məclisinin sədri seçilməsi hamının sevincinə səbəb olmuşdu. Hələ SSRİ mövcud idi, lakin üçrəngli bayrağımızın haqqında qərar ümummilli liderin prinsipiallığı sayəsində məhz Naxçıvanda verilmişdi. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi və başqa taleyüklü qərarlar da həmin kürsüdən, məhz onun imzası ilə verilirdi.

Çıxışlarının birində Ulu öndər demişdi: "Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir."

Beləcə, Heydər Əliyev qısa zaman kəsiyində xalqın xilaskarına çevrildi, ziyalılarla, xalqla görüşlər keçirdi, Vətənimizi çətin vəziyyətdən qurtarmaq yollarını aradı. Yadımdadır, Ordubadda olarkən çıxışında qeyd etmişdi: “Mən Moskvadan Naxçıvana öz doğma diyarımı çətinliklərdən azad etmək, siyasi fəaliyyət göstərmək, Muxtar Respublikanı qorumaq, ərazimi erməni işğalından, muxtariyyətimi isə ləvğ olunmaq təhlükəsindən xilas etmək üçün gəlmişəm və bunu edəcəyəm".

O zaman xalqın sabaha olan inamı sarsılmışdı. Ancaq hər bir kəs sanki ayrı ayrılıqda Heydər Əliyevin uzaqgörənliyinə və qətiyyətinə inanaraq, onun iradəsi sayəsində ağır vəziyyətdən qurtuluş gözləyirdi, Ancaq heç kəs bilmirdi ki, doğrudan da dərin biliyi və zəkası ilə Ulu öndərin həyata keçirdiyi taleyüklü tədbirlər, qəbul etdiyi tarixi qərarlar, imzaladığı qiymətli siyasi sənədlər respublikamız üçün əhəmiyyətli və zəruri idi. O dövrdə həyata keçirilən işlər bütövlükdə Azərbaycanın gələcək inkişafı üçün tarixi hadisə oldu. Azərbaycan naminə gördüyü bütün işlər Azərbaycan dövləti uğrunda aparılan böyük mübarizənin əsas tərkib hissəsi idi.

Azərbaycan deyəndə sanki ilk öncə gözlərimiz önündə bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlı olan Heydər Əliyev canlanır. O, özünün dediyi kimi azərbaycanlı olması ilə daima qürur duyurdu: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, AZƏRBAYCANLIYAM" - deyirdi. O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi. 15 iyun tarixində Bakıya qayıdışı bir Qurtuluş bayramına çevrildi. Çətin və gərgin siyasi vəziyyətlərin fonunda o Bakıda xalqın etimadını, sevgisini qorumağı bacardı və ölkəni anarxiyadan xilas etməyə başladı. Təbii ki, ona mane olmağa çalışan qüvvələr çox idi, lakin onlar xalqın böyük şəxsiyyətə olan inamını və etimadını zərrə qədər sarsıda bilmədilər.

Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının yaddaşında hər zaman dahi siyasətçi, millətini, xalqını sevən insan, müdrik bir şəxsiyyət kimi qalıb və qalacaq.

Ulu öndər Heydər Əliyev xalqımızın hər bir nümayəndəsinə öz diqqət və qayğısını əsirgəməzdi. Heydər Əliyev Azərbaycanı böyük bəlalardan qorudu və xalqımıza azadlıq bəxş etdi. Zaman-zaman apardığı siyasət nəticəsində ölkəmizdə hər bir sahədə yüksək səviyyəli işlər görüldü və sürətli inkişafa nail olundu. O, özünün uzaqgörən siyasəti və müdrik qərarları ilə yeni dünya siyasi tarixində öz izini qoymaqla adını əbədi olaraq tarixə həkk etdirmiş oldu.

Azərbaycan xalqı ona görə xoşbəxt xalqdır ki, onun ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən İlham Əliyev kimi Prezidenti var. Cənab İlham Əliyev xalqa və dövlətə verdiyi misilsiz faydaları, uğurlu addımları ilə dünyada tanınan liderlərdən biri kimi fəxarət, qürur mənbəyimizə çevrilib. Prezident İlham Əliyev bu gün Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirməklə ölkəmizin günü-gündən çiçəklənməsinə nail olur. O, beynəlxalq təşkilatların tribunasında qətiyyətli təmsilçiliyi ilə dövlətimizi hər zaman ucaltmış, verdiyi sərəncamlar, fərmanlarla xalqımızın rəğbətini qazanmışdır.

Cənab prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər Heydər Əliyev yolunun dərin mənasını, böyük mahiyyətini ifadə edir: “Ulu öndərin Azərbaycan tarixində rolu əvəzsizdir. Onun tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılmışdır. Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır”.

Prezident İlham Əliyev hakimiyyətə gəldikdən bu günədək Azərbaycanın qazandığı böyük uğurlar, siyasi-iqtisadi cəhətdən regionun ən güclü dövlətinə çevrilməyimiz onu sübut edir ki, Heydər Əliyev ideyaları, amalları əmin insanlar tərəfindən davam etdirilir.

Ulu öndər bizim hər birimizin qəlbində, yaddaşında hər zaman dahi, əvəzolunmaz siyasətçi, təəssübkeş lider, milləti, xalqı üçün həyatın ən çətin sınaqlarına sinə gərmiş ən dəyərli övladlarından biri kimi həkk olunub. Heç bir insan bu dünyada əbədi deyil, hər kəs gəldiyi kimi, bir gün də bu aləmi tərk edir. Çünki bu ilahinin qanunudur. Lakin insan əməli, göstərdiyi şücaətlər, el-oba, millət, insanlıq yolunda nümayiş etdirdiyi cürət, comərdlik, zəka sayəsində heç kəsin tarixdən poza, unutdura bilmədiyi əbədilik qazanır. Heydər Əliyev şəxsiyyəti həmin əbədiliyi sağlığında qazanan nadir dövlət xadimlərindən biri kimi millətimizin hər bir övladının qəlbində daim yaşayacaq!

Sevil Zülfüqarova,
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru