Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 28 il ötür.
  
6225

Ümummilli lider Heydər Əliyev Şuşanın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82