Mərkəzi Elmi Kitabxana evdə qalan oxucuları ilə elektron kitablar vasitəsilə görüşür
  
6207

Pandemiya günlərində dünya kitabxanaları resurslarını oxucularına virtual rejimdə təqdim edir. Nəşrlərin PDF və e-pub formatlarında paylaşımı daha geniş vüsət almaqdadır. Hazırda internet üzərindən yayım kitabxanaların məsafədən xidmət göstərməsi baxımından ən optimal təcrübədir. Məhz buna görə müasir kitabxanaların elektron bazalarını genişləndirmək öhdəliyi getdikcə artmaqdadır. Bu, eyni zamanda, kitabxanaların qarşısına onlayn rejimdə yeni xidmət formalarını tətbiq etmək zərurətini qoyur. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən Mərkəzi Elmi Kitabxana (MEK) iş rejimini mövcud şəraitə uyğunlaşdıraraq, elektron kitabxana və məsafədən xidmət texnologiyasının tətbiqini daha da genişləndirməklə, istifadəçilərə veb-səhifədə fondlarla tanış olmaq imkanı yaradır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində MEK-in direktoru Sevil Zülfüqarova söyləyib. O bildirib ki, oxucuların tələbatını yüksək səviyyədə ödəmək üçün MEK tərəfindən müvafiq işlər həyata keçirilir. Kitabxananın veb-saytına daxil olmaqla istifadəçilər həm kitabxana haqqında məlumat əldə edə, həm də onlara lazım olan informasiya resurslarını tapa bilərlər. Hazırkı şəraitdə qarşımızda duran ən böyük vəzifələrdən biri 7/24 rejimdə oxucular tərəfindən kitabxananın resurslarına əlyetərliyin yüksək səviyyədə təmin edilməsidir. Oxucu auditoriyasını toplamaq və genişləndirmək üçün bizim mükəmməl elektron resurslar bazamız olmalıdır. MEK ən zəngin fondu olan kitabxanalardan biridir. Fondumuzda XVI əsrdən bu günə kimi çap olunmuş çox qiymətli nəşrlər mühafizə olunur. Kitabxananın Nadir kitab fondu da var. Məncə, ilkin olaraq ən zəruri, aktual materiallar seçilərək işlənməli və elektron versiyası yaradılmalıdır ki, oxucu axtarışda əziyyət çəkmədən istədiyi məlumatı əldə edə bilsin. Məqsədimiz oxucuların daha çox marağına səbəb olan mövzularla bağlı resursların elektron bazalarını yaratmaq və əlyetərliyi təmin etməkdir. 2014-cü ildən kitabxanamızda bir sıra innovativ layihələrlə yanaşı, Milli Rəqəmsal Yaddaş layihəsi də ictimaiyyətə təqdim olunur. Burada məqsəd Azərbaycana aid informasiyaların sistemləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırıcılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin informasiya müharibəsində üstünlük qazanılmasıdır. Milli Rəqəmsal Yaddaşa Azərbaycan tarixinin inkişaf mərhələlərinin əhəmiyyətli faktlarını təsvir və ya təsdiq edən sənədlər toplanır. Bu fəaliyyət çərçivəsində biz UNESCO-nun aidiyyəti qurumunu MEK-lə əməkdaşlığa cəlb etmişik. MEK-in qeydiyyatlaşdırma və rəqəmsallaşdırma üsulları qurum tərəfindən yüksək qiymətləndirilib və standart kimi götürülüb. Belə layihələrimizi gələcəkdə də davam etdirmək arzusundayıq.

Bundan başqa, MEK-də “Vikipediya” ilə bağlı təlimlər keçirilir. Layihə çərçivəsində “Vikipediya”nın inkişafı və təbliği istiqamətində uğurlu fəaliyyət aparılır, məqalələrin necə yaradılması haqqında məlumatlar verilir. Təlimləri uğurla başa vuran “viki" könüllülərinə sertifikatlar təqdim edilir. Bu könüllülər Azərbaycanın tanınmış şəxsiyyətləri, elm xadimləri, tarixi-mədəni abidələri haqqında məqalələr yaradır, redaktəyə ehtiyacı olanları zənginləşdirirlər. Bu yöndə də işlərimiz davam etməkdədir.

S.Zülfüqarova xatırladıb ki, kitabxanaların bir informasiya müəssisəsi kimi əsas vəzifəsi daxil olan materialların toplanması, sistemləşdirilməsi və saxlanmasıdır. Kitabxanaları başqa informasiya müəssisələrindən fərqləndirən də budur. Çox vaxt belə sualla üzləşirik ki, əgər internet varsa, kitabxana nəyə lazımdır? Fərq ondadır ki, kitabxanalar informasiyanı təkcə toplayıb saxlamır, həm də sistemləşdirilmiş formada saxlamaqla yanaşı, gələcək nəsillərə ötürür, bununla tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı qorumuş olur. Kitabxana məlumatları yoxlanılmış, dəqiq informasiyalardır. Biz hər şeydən əvvəl kitabxana fondunu zənginləşdirmək üçün komplektləşdirməyə diqqət verməliyik. Elektron daşıyıcılar xüsusi rejimdə və ümumi fonddan ayrı saxlanmalıdır. Kitabxananın veb-saytında “Yeni kitablar”, “Qədim kitablar” rubrikası altında fondumuzun incilərini oxuculara təqdim edə bilərik. MEK elmi resursların toplandığı ən mühüm müəssisədir. Bildiyimiz kimi, AMEA-nın çoxlu elmi müəssisələri var və o müəssisələrin elmi nəşrləri kitabxanamızda toplanır. Respublikada elmi ədəbiyyatın zənginliyi ilə seçilən kitabxanamızda tədqiqat əsərləri, monoqrafiyalar, elmi jurnallar, müxtəlif elm sahələrinə aid kitablar mühafizə olunur. Azərbaycan tarixi, Qafqazşünaslıqla bağlı qədim və qiymətli kitablarımız var. Bu elmi əsərlərin populyarlaşdırılması, yayılması çox vacib məsələdir. Ona görə də elmi əsərlərin, jurnal və qəzet materiallarının elektronkartotekasının işlənməsi mütləqdir. Unutmamalıyıq ki, bizim oxucularımız əsasən alimlər, elm adamlarıdır. Hər bir elmi məqalə kartotekada öz əksini tapmalıdır.

Direktor kitabların elektron versiyasının hazırlanmasının çox çətin, həm də vacib məsələ olduğunu söyləyib. Qeyd edib ki, bu, iki yolla həyata keçirilə bilər. Müəlliflər kitab nəşr etdirəndə onun elektron variantını da elektron daşıyıcılarda kitabxanaya təqdim edir və beləliklə, bu kitab kitabxananın elektron bazasına daxil olur. İkinci yolu yüksək sürətli və keyfiyyətli skaner aparatları ilə skan edərək elektron bazaya daxil etməkdir. Bir məsələyə toxunmaq istərdim, dünya praktikasında belə bir ənənə var ki, bütün fond tam şəkildə elektron daşıyıcıya köçürülmür. İlk növbədə tez-tez soruşulan kitablar elektronlaşdırılmalıdır. Bir də ölkə üçün, tarix üçün gərəkli olan, həm də öz ömrünü artıq başa vurmaqda olan kitablar köçürülməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən ölkə ərazisində müdafiə edilmiş dissertasiya işləri və onların avtoreferatları həm kağız, həm də elektron daşıyıcılarda MEK-ə təqdim edilir. Bu, kitablara da şamil edilsə, gözəl olar və işimizi bir qədər asanlaşdırar.

Müsahibimiz xarici ölkə kitabxanaları ilə kitab mübadiləsinin vacib məsələlərdən olduğunu söyləyib. O deyib ki, bu işi elektron formada həyata keçirmək daha yaxşı olar. Çünki burada da vəsait tələb olunur. Bilirsiniz ki, poçt xidmətləri çox bahadır. Əməkdaşlıq vacibdir, günün tələbidir. Kitabxanamızın bir çox ölkələrin kitabxanaları ilə əlaqələri mövcuddur. Gələcəkdə də müxtəlif elmi kitabxanalarla işbirliyi yaratmaq, videokonfranslar, birgə tədbirlər həyata keçirmək niyyətindəyik. Həmçinin MEK-in ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə apardığı işlər nəticəsində burada 25 ölkəyə aid diplomatik guşə yaradılıb.

MEK-in rəhbəri qeyd edib ki, kitabxananın zəngin elektron resursları olmalıdır. Bizdə elektron kitabxana bazasının daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Biz, həmçinin elmin müxtəlif sahələrinə aid qiymətli nəşrləri seçib elektron kitabxananı zənginləşdirməliyik. Nəinki kitabxanalarda, həyatımızın bir çox sahələrində informasiyalaşma getməlidir və informasiyalar rəqəmsal daşıyıcılara köçürülməlidir. Bu proses öncə kitabxanaları əhatə edir. Kitabxananın mükəmməl Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) olmalıdır. Elektron kataloq və elektron kitabxana yüksək səviyyədə hazırlanmalıdır ki, oxucularımıza nümunəvi xidmət göstərə bilək. Dövlətimiz tərəfindən kitabxanaların işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, əməyin stimullaşdırılması məqsədilə çoxsaylı qərar və sərəncamlar verilib. Bu mühüm sənədlər respublikamızda kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəlib. Biz də bu qərar və sərəncamlardan irəli gələn tədbirlərin həyata keçirilməsində üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə çalışırıq.

“MEK ixtisaslaşdırılmış kitabxanadır və oxucu kontingentimiz əsasən AMEA-nın əməkdaşlarıdır. İnternet oxucu kontingentini çoxalda bilər. Elə kitablar var ki, müəlliflik hüququnun qorunması məqsədilə, müəllifin icazəsi olmadan biz onu elektronlaşdıra bilmərik, yalnız o kitabın ilk səhifələrini, annotasiyasını elektronlaşdırırıq. Oxucu bu məlumatlarla tanış olanda, onda kitaba qarşı maraq yaranır və kitabı əldə etmək üçün kitabxanaya gəlir. Əlbəttə, oxucunu maraqlandıran kitabların elektron variantını ona təqdim edə bilsək, oxucu kitabxanaya təkrar-təkrar müraciət edəcək. Bunun üçün oxucu sorğuları, sosioloji sorğular keçirməklə onların marağını öyrənmək olar. MEK də koronavirus pandemiyası ilə əlaqədar işini günün tələblərinə uyğun qurur, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir, reallaşdırılan işlərin uğurla nəticələnəcəyinə inanır, üzərinə düşən vəzifələri yerinə yetirir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin qurumda fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisələrin xüsusi əmək rejiminin qaydalarına uyğun olaraq çalışması ilə bağlı verdiyi sərəncama əsasən, kitabxanamız onlayn rejimdə oxucularına xidmət göstərməkdədir.

“Evdə qal” günlərində mütaliə etmək arzusunda olanlara demək istəyirəm ki, mütaliəni vərdiş halına çevirmək olar və bu, çox vacibdir. Ona görə də vərdiş yaranana qədər qısa mətnli kitablardan başlayın. Get-gedə maraqlarınız formalaşacaq və yeni kitablar axtaracaqsınız. Hər kəsə bu çətin günlərdə səbir, dözüm və mütaliə həvəsi arzulayıram", - deyə Sevil Zülfüqarova bildirib.