“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 156 mini keçib
  
6170

“Vikipediya”nın Azərbaycan dili bölməsində görülən işlər öz müsbət təsirini göstərir. Artıq Azərbaycan dili bölməsində məqalələrin sayı 156 mini keçib. Bu faktın özü hər gün Azərbaycan “Viki” icmasında fəallığın və görülən işlərin miqyasının artdığını bir daha təsdiqləyir.
Bu barədə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini, MEK-in Vikipediya Metodik Mərkəzinin rəhbəri Elnur Hüseynov məlumat verib. O bildirib ki, “Vikipediya” Metodik Mərkəzi tərəfindən təşkil olunan ödənişsiz təlimlərə ölkənin müxtəlif qurumlarından, ali təhsil müəssisələrindən tələbə və gənclər qoşularaq könüllü fəaliyyət göstərirlər. “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda keçirilən təlimlərdə könüllülər məqalələrin yaradılması və redaktə olunması barədə məlumatlandırılır. Həmçinin onlara “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, zənginləşdirilməsi, mətnin vikiləşdirilməsi, redaktəsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verilir. Gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipi, mənfi təsirləri və onun qarşısının alınması yolları izah edilir. Könüllülər tərəfindən “Vikipediya”da doğma dilimizlə bərabər, müxtəlif xarici dillərdə Azərbaycanın tarixi, elmi, mədəniyyəti, qədim memarlıq abidələri, görkəmli şəxsiyyətləri, siyasi xadimləri, bölgələri və s. haqqında yüzlərlə məqalə yaradılıb, zənginləşdirilib və redaktə edilib.
Elnur Hüseynov qeyd edib ki, bu ilin sonunadək Azərbaycan dili bölməsində məqalələrin sayının 160 mini keçəcəyi proqnozlaşdırılır.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82