MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: "Şərq ədəbiyyatı fondu"
  

1959-cu ildə fəaliyyətə başlayan Şərq ədəbiyyatı fondu şərqşünas alimlər, tədqiqatçı-mütəxəssislər üçün qiymətli və əvəzsiz məxəzlərdən biridir. Nadir kitabların sayına görə MEK-in ən zəngin fondlarındandır. Ən dəyərli kolleksiyalar da bu fondda mühafizə olunur. Dünyanın elm korifeylərindən olan Y.E.Bertelsin, Y.A.Belyayevin, B.N.Zaxoderin, Zahid Hüseynzadənin, G.Hazainin şəxsi kolleksiyaları bu fonddadır. Fondda türk, ərəb, fars dilində ədəbiyyatla yanaşı ərəb əlifbası ilə Azərbaycan dilində kitablar da mühafizə olunur. Ümumilikdə fondda 48793 nüsxə kitab, 12236 nüsxə jurnal, 23987 nüsxə qəzet və 370 nüsxə fotokopiya mövcuddur. Fondun inkişafında və mühafizəsində böyük rolu olan Aidə xanım Hüseynova növbəti yoxlamanı aparır, köhnəlmiş yarlıqları təzələyir, pozulmuş şifrələri yeniləyir. Eyni zamanda fonda daxil olan kitablara topoqrafik kartoçka yazır, kitabxana qaydasına uyğun yerləşdirir.