MEK-ə Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələri haqqında üç nəşr daxil olub
  
6094

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və memarlıq abidələri haqqında üç nəşr daxil olub.
Azərbaycanda mədəni-mənəvi dəyərlərin və abidələrin qorunmasına və bərpasına xüsusi diqqət yetirilir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqqları İnstitutu və Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası ilə birlikdə işğal edilmiş ərazilərdə talan edilmiş tarixi abidələrin araşdırılması, vurulan zərərin hesablanması kimi ciddi məsələlərin müzakirəsi məqsədilə birgə layihəyə başlanılıb.
"Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarixi və memarlıq abidələrinin kataloqu" kitabında bu abidələrin dağıdılması nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumat və fotoşəkillər yer alıb.
"Azərbaycanın işğal olunmuş ərazilərində aşkar edilmiş tarixi və mədəniyyət abidələrinə zərər" kitabı fransız dilində nəşr edilmişdir. Kitabda Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindəki, habelə beynəlxalq elmi ictimaiyyət tərəfindən artıq tanınmayan işğal altındakı Dağlıq Qarabağ ərazisindəki tarixi və mədəniyyət abidələrinə qarşı vandalizm aktlarının motivləri əks olunub.
Azərbaycan və ingilis dillərində yazılmış “Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması” məqalələr toplusunda arxiv sənədləri, topoqrafik xəritələr və xarici tədqiqatçıların yazıları, müəyyən müddət ərzində Ermənistanın işğalını ifşa etməyə yönəlmiş siyasi təhlillər əsasında hazırlanan məqalələr yer alıb.
Məlumat üçün bildirək ki, bu üç nəşr MEK-in elektron kataloquna daxil edilib.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82