MEK-də Avropa Komissiyasının “COST” (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə məlumatlandırma seminarı keçirilib
  
6081
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Avropa Komissiyasının “Horizon 2020” proqramı çərçivəsində “COST” (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə məlumatlandırma seminarı keçirilib.
AMEA Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, b.ü.f.d., dosent Esmira Əlirzayeva “Elmdə beynəlxalq əməkdaşlığın vəziyyəti-nailiyyətlər və problemlər” adlı məruzə ilə çıxış edib. O, alimləri proqramın geniş imkanlarından yararlanmağa, beynəlxalq əməkdaşlığı genişləndirməyə və xarici həmkarları ilə elmi şəbəkələrə qoşulmağa dəvət edib.
Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndirici İlham Hümbətov “Azərbaycanlı tədqiqatların şəbəkə imkanlarının əhəmiyyəti və COST-un rolu” adlı məruzəsində "COST Action" çərçivəsində yeni layihələr və onlara qoşulmaq imkanlarını təqdim edib.
Seminarda COST proqramında iştirak imkanları, layihələrə qoşulma, müraciətlərin hazırlanmasına dair COST Assosiasiyasının nümayəndələri Judith Litjens, Kryzstof Gulda tərəfindən ətraflı məlumat verilib.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov isə kənd təsərrüfatında inkişafa nail olmaq, dayanıqlılığı təmin etmək məqsədilə aqrar sahədə ixtisaslamış aparıcı ölkələrin təcrübəsini öyrənmək, bu sahədə təcrübə mübadiləsi aparmaq imkanlarından danışıb.
Tədbirin sonunda mövzu ətrafında sualları cavablandırılıb.
Qeyd edək ki, "Horizon 2020" proqramı çərçivəsində MEK-də daha öncə də tədbir keçirilib, iştirakçılar MEK-də qeydiyyatdan keçərək, oxucu bileti əldə edib və burada bir neçə gün tədqiqat aparmaq imkanı qazanıblar.