AMEA-nın 75 illik yubileyi ərəfəsində təsisçilərə aid informasiya mənbələri MEK fondlarında
  
6077

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunmasının 75 ili tamam olur. 2014-cü ildə AMEA Mərkəzi Elmi Kitabxanasında akademiyanın 15 təsisçisinin xatirəsinə həsr olunmuş qalereyada Əməkdar İncəsənət Xadimi, akademik Ömər Eldarovun rəhbərliyi ilə gənc heykəltaraşlar tərəfindən yaradılmış büstlər MEK tərəfindən 5 dildə tanıtım lövhələri və  3 dildə viki-QR-kodlar ilə təmin edilib. MEK fondlarında AMEA-nın təsisçilərinə aid sənədlər mühafizə olunur. Sənədlər sırasında kitablar, biblioqrafik göstəricilər, məqalələr və başqa formatda MEK-in elektron kataloqunda və rəqəmsal bazasında yer almış informasiya mənbələri var.
Qeyd edək ki, 1923-cü ildə yaradılan Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti 1929-cu ildə yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılıb. 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilib. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat elmi-tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradılıb. Keçmiş SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan Elmlər Akademiyasına (EA) çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə.Əlizadə, M.Topçubaşov, M.Useynov, H.Hüseynov və İ.İ.Şirokoqorov daxil olub. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçilib. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013–2019) akademiyanın prezidenti olmuşlar. 2019-cu ildən AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevdir.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli fərmanı ilə Azərbaycan EA-ya “Milli Elmlər Akademiyası” statusu verilib və bu tarixi fərman Azərbaycamda fundamental elmin əldə etdiyi  nailiyyətləri, ölkənin sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren dövlətimizin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82