MEK-in Kitabxana-xidməti şöbəsi Fondların mühafizəsi bölməsinin əməkdaşı Fatma Fərəcova dissertasiyaların elektron kataloqa salınması prosesini icra edir.
  
6018

Bildiyimiz kimi elmin, texnikanın nailiyyətləri, nəzəri-təcrübi nəticələri haqqında ən son və mükəmməl məlumatları dissertasiyalardan almaq olar. Tədqiqatçı alimlərin apardığı elmi-nəzəri araşdırmaların, təcrübi biliklərin məcmusu olan dissertasiyalara oxucu marağı durmadan artır. Ölkəmizdə bu məlumat mənbəyini mühafizə və istifadəsini təşkil edən kitabxanalar çox deyil. Yalnız M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında və AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dissertasiyalar fondu mövcuddur.  Milli Kitabxanada bu fond 1992-ci ildən sonra müdafiə olunan dissertasiyalardan ibarətdir. Mərkəzi Elmi Kitabxanada isə 1949-cu ildən bu günə qədər Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuş dissertasiyalar mühafizə olunur. Burada elmin müxtəlif sahələrində çalışan bir çox görkəmli alim və mütəfəkkirlərin dissertasiyaları qorunur. Məsələn, Zamanov A. “Sabirin müasirləri” (1965), Babayev A. “Formı kaliya v osnovnıx tipax poçv Kuba-Xaçmazsskoy zonı Azerbaydjanskoy SSR” (1964), Qasımzadə F. “Füzulinin dünyagörüşü” (1965), Köçərli F. “Azərbaycanda inqilabi demokratik fikir və Nəriman Nərimanov” (1966), Beqdeli Q. “Nizaminin “Xosrov və Şirin” poeması və bu mövzunun Şərq ədəbiyyatında işlənməsi” (1967) və s.qiymətli dissertasiyalar oxucuların daim maraq dairəsindədir.

        Hal-hazırda kitabxanamızın fondunda 6470 nüsxə dissertasiya və 51558 nüsxə (19770 nüsxə Azərbaycan dilində, 31788 nüsxə rus dilində) avtoreferat mövcuddur və bu rəqəmlər hər gün dəyişir. Onu da qeyd etmək lazımdır ki, dissertasiyalar bu vaxta qədər dillərə ayrılmamışdı. 2019-cu ildə dissertasiyalar dillərə ayrılmış, 3166 nüsxə Azərbaycan dilində, 3298 nüsxə rus dilində və 6 nüsxə xarici dildə dissertasiya kitabxana qaydası ilə yenidən işlənərək rəflərdə yerləşdirilmişdir.

      Dissertasiyaların elektron kataloqunu yaratmaq da günün vacib məsələsi kimi daim diqqət mərkəzindədir. Artıq 1368 nüsxə dissertasya elektron kataloqa işlənmişdir, bunlardan 188 nüsxəsi MRY bazasına daxil edilmişdir.

     




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82