MEK-ə üçcildlik “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası”, “Qəbələ folkloru” kitabları daxil olub
  
5988

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş  “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası”, “Qəbələ folkloru” adlı kitablar daxil olub.
Akademik, tarix elmləri doktoru, prof.Teymur Bünyadovun rəhbərliyi ilə, tarixçi alimlər Solmaz Məhərrəmova, Bəhman Əliyev və Əsəd Əliyevin həmmüəllifliyi ilə çap olunan nəşr AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ etnoqrafik ekspedisiyasının üzvləri tərəfindən hazırlanıb.
“Qəbələ tarixi” kitabında Qəbələnin çoxəsrlik tarixi arxeoloji, yazılı mənbələr və tədqiqat əsərləri əsasında işıqlandırılır, həmçinin mədəniyyəti, elmi, təsərrüfat həyatı və s. qələmə alınır. XXI əsrdə ənənə və müasirliyin qovuşduğu Qəbələnin inkişafının beynəlxalq əhəmiyyət daşıması, mədəniyyət və turizm mərkəzinə çevrilməsi geniş əksini tapır.
“Qəbələ etnoqrafiyası” kitabında Qəbələnin qədim dövrdən başlayaraq müasir günümüzlə başa çatan tarixi, təsərrüft həyatı, sənətkarlıq sahələri, ailə və ailə məişəti, maddi və mənəvi mədəniyyəti, etnik mənzərəsi və s. arxeoloji mənbələr, arxiv sənədləri, mədəniyyət tarixi, sənətşünaslıq, tətbiqi-sənət, memarlıq sahələrinə həsr olunmuş yazılı abidələr, habelə yerli informatorlardan toplanmış məlumatlar əsasında ilk dəfə araşdırılır.
“Qəbələ folkloru” kitabında Qəbələnin çoxəsrlik folklor mədəniyyəti (aşıq yaradıcılığı, el şairləri, dastanlar, əfsanələr, bayatılar, xalq mahnıları, oyun və əyləncələr və s.) ilk dəfə əhatəli şəkildə qələmə alınır. Buranın əsrarəngiz təbiəti, təkrarsız ab-havası xalq yaradıcılığı mühitinin inkişafına əlverişli zəmin yaratmışdır. Kitabda hər bir bölüm təhlil edilir və spesifik xüsusiyyətləri açıqlanır. Kitablar folklorşünaslar, ədəbiyyatşünaslar, sənətşünaslar, tarixçilər, etnoqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş üçcildlik nəşr rus və ingilis dillərinə tərcümə edilmişdir. Kitablar MEK-in Heydər Əliyev kolleksiyasına və Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82