Azərbaycan Ədəbiyyatı Fondu. Rasim Əfəndiyev. "Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində"(araşdırmaçı -Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Günel Bağırova-Hüseynova)
  

Rasim Əfəndiyev. "Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində"


Əsərdə dünyanın müxtəlif ölkələrinin muzey və sənət qalereyaları, sərgi salonları, həm də antik mağaza və şəxsi kolleksiyalarında mühafizə olunan Azərbaycan bədii sənətkarlıq nümunələrinin bütün növləri (xalça, parça, tikmə, zərgərlik, misgərlik nümunələri və s.) nəzərdən keçirilir. Sənətsevərlərə təqdim edilən bu kitabda müəllifin 20 il ərzində həm xaricdə olduğu vaxt, həm də müxtəlif ölkələrin alimləri ilə topladığı sənət nümunələrimiz ilə tanış olacaqlar. Araşdırmalar nəticəsində dünyanın bir çox görkəmli şəhərlərində  Azərbaycan xalqının əsrlər boyu yaratdığı sənət nümunələrinin böyük bir qisminin mühafizə olunduğu aşkara çıxarılmışdır. Kolleksiyalarda Azərbaycanın bədii sənət nümunələrinin saxlandığı ölkələr və şəhərlər aşağıdakı qaydada yerləşib: Moskva, Leninqrad, Budapeşt, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, İsveçrə, Almaniya, Türkiyə və  İran muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Sadalanan şəhərlər və ölkələr Azərbaycanın dekorativ-tətbiqi sənət əsərlərinin olduğu yerlərin tam siyahısından çox uzaqdır. Təbiidir ki, kitaba dünyanın bütün ölkələrində saxlanılan Azərbaycan sənətkarlığı nümunələrinin hamısı yox, onun müəllifə məlum olan bir qismi daxil edilmişdir.  Əsər yalnız Azərbaycanda tətbiqi sənət nümunələrinin sadalanması və təsvir edilməsi ilə məhdudlaşmır, eyni zamanda onların hər birinin bədii və stilistik xüsusiyyətlərini ortaya qoyur. Bu abidənin Azərbaycan incəsənət tarixindəki yeri göstərilir.