Azərbaycan Ədəbiyyatı Fondu. Mehman Süleymanov "Türkmənçay müqaviləsi "(araşdırmaçı - Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Günel Bağırova-Hüseynova)
  

Mehman Süleymanov. "Türkmənçay müqaviləsi"


Müəllifi tarix elmləri doktoru, polkovnik Mehman Süleymanov tərəfindən “Elm və təhsil” nəşriyyatında çap olunan bu tədqiqat işi 1813-cü ilin oktyabrında imzalanmış Gülüstan müqaviləsindən sonra Azərbaycan xanlıqları ərazisində və bütünlükdə bölgədə yaranmış hərbi siyasi vəziyyətin araşdırılmasına həsr edilmişdir. 1828-ci ilin fevral ayında imzalanmış Türkmənçay müqaviləsi XIX əsrin əvvəllərindən Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi prosesləri tamamlayan bir sənəd kimi tədqiqat obyekti qismində geniş şəkildə araşdırılmışdır. Azərbaycan xanlıqları əhalisinin işğala və kənar hərbi müdaxilələrə qarşı mübarizəsi, böyük dövlətlərin Azərbaycan xanlıqlarına qarşı təcavüzkar siyasəti, Azərbaycan xanlıqlarının işğalını möhkəmləndirən Türkmənçay müqaviləsinin imzalanmasına aparan hərbi-siyasi proseslər, habelə Türkmənçay müqaviləsinin yol açdığı nəticələr kitabda geniş şəkildə tədqiq edilmişdir.

Əsəri Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünün, o cümlədən də Gülüstan müqaviləsi ilə Türkmənçay müqaviləsi arasındakı dövrün öyrənilməsi istiqamətində qiymətli tədqiqatlardan hesab etmək olar. Tədqiqat işinin həcmi 742 səhifə olmaqla giriş məqaləsi,10 fəsil, nəticə və müqaviləyə əlavə olunmuş protokol mətnindən ibarətdir.