MEK-ə professor Misir Mərdanov tərəfindən kitablar təqdim olunub
  
4858

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına(MEK) AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov müəllifi olduğu “Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu 60” adlı kitabını təqdim edib. Oxuculara təqdim olunan kitabda Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun yarandığı gündən indiyə qədər mərhələlərlə keçdiyi şərəfli tarixindən, 60 il ərzində burada çalışmış riyaziyyatçı və mexanik alimlərdən, onların bu elm sahələrinə verdikləri dəyərli töhfələrdən, ölkəmizdə riyaziyyatın bir elm kimi formalaşmasında əvəzsiz xidmətlər göstərmiş insanların həyatından bəhs edilir. Kitabda eyni zamanda 60 il ərzində Azərbaycanda riyaziyyat və mexanika sahələrində elmi tədqiqatlar aparmış 200-dən çox alimin elmi nəticələri haqqında məlumat verilir.
MEK-ə həmçinin professor Misir Mərdanovun və professor Ədalət Tahirzadənin müəllifi olduqları “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı) III cild” adlı kitabıda təqdim olunub. Kitabda qeyd olunub ki, çar hakimiyyəti müsəlmanların, o sıradan Azərbaycan türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir, hətta bəzi ali məktəblərə qəbul olunmaq üçün şəxsən çarın özü onlara icazə verirdi. Buna baxmayaraq azərbaycanlıların savadlanmaq eşqi bütün maneələri aşdı və soydaşlarımız Rusiya imperiyası müsəlmanları içərisində  ali təhsilin səviyyəsinə görə üstünlük təşkil etdi. Kitabda Azərbaycan Cümhuriyyətinin (1918-1920) ali təhsilli bütün azərbaycanlı dövlət adamlarının sənədli tərcümeyi-halı ilk dəfə toplu halında ictimaiyyətə təqdim edilir.
Qeyd edək ki, kitablar riyaziyyat və mexanika sahələrində elmi tədqiqat aparan elmi işçilər, elm tarixi ilə məşğul olanlar və bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub. 




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82