Mərkəzi Elmi Kitabxana və ADPU Quba filialı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
  
4843
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
MEK direktoru Leyla İmanova MEK və ADPU-nun elmi və mədəni irsin araşdırılması, toplanılıb qorunması, təbliği və tədrisi sahəsində rolunu, informasiya məkanında elmi-mədəni irsin mübadiləsi zəruriliyini və iki akademik müəssisənin göstərilən sahələrdə niyyət və potensialını vurğulayaraq memorandumun imzalanmasının əhəmiyyətindən danışıb. Bildirib ki, müzakirə edilən əməkdaşlıq vahid elektron kataloqun hazırlanması, təcrübə mübadiləsi, resursların elektron mübadiləsi, sərbəst ensiklopedik resursların yaradılması üzrə birgə fəaliyyət və akademik informasiya məkanında başqa müasir yanaşmaları nəzərdə tutur.
Tərəflər arasında imzalanacaq memorandumun ADPU Quba filialı üçün əhəmiyyətindən bəhs edən ADPU Quba filialının direktoru dosent Yusif Alıyev əməkdaşlıq sazişində regionlarda təhsilin, elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədi ilə kitabxananın dərslik, dərs vəsaitləri və elmi əsərlərlə zənginləşdirilməsi, həmçinin vikipediya açıq ensiklopediyası üzrə bacarıqlı mütəxəssislərin bölgələrdə yetişdirilməsi, bölgənin tarixi, coğrafiyası, turizm potensialının artırılması kimi amillərə xüsusi yer verildiyini vurğulayıb. Qeyd edib ki, MEK geniş kitabxana resursları olan, vikipediya açıq ensiklopediya quruculuğu sahəsində böyük təcrübəyə malik elmi müəssisədir.
MEK-in İnformasiya texnologiyaları üzrə direktor müavini, Sərbəst Ensiklopedik Resurslar Mərkəzinin rəhbəri Elnur Hüseynov MEK-in vikipediya təlimlərinin əhəmiyyətindən, MEK təcrübəsinin yayılmasından danışaraq qeyd edib ki, “Vikipediya”nın Azərbaycan bölməsində məqalələrin sayı 152 mini keçib, Vikipediyanın Azərbaycan dilində olan bölməsi isə 50-ci pilləyə çatıb. E.Hüseynov bildirib ki, AMEA Mərkəzi Elmi Kitabxanasının Sərbəst Ensiklopedik Resurslarla iş şöbəsi Vikipediyanın Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərini davam etdirir. MEK əməkdaşları Vikipediya Metodik Mərkəzində və təhsil müəssisələrində müntəzəm olaraq Vikipediya ilə bağlı təlimlər, seminarlar, görüşlər və başqa tədbirlər keçirir.
Sonra müəssisələr arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu tərəflər adından MEK-in direktoru Leyla İmanova və ADPU Quba filialının direktoru Yusif Əliyev imzalayıb.
Tədbirin sonunda qonaqlar MEK şöbələrinin və fondlarının fəaliyyəti ilə tanış olub. MEK adından ADPU Quba filialı kitabxanasına kitablar hədiyyə olunub.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82

FirstPrev123NextLast