MEK-də “İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
  
4827

Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyilə AMEA-nın Fəlsəfə İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri açaraq Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il və "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında" 11 yanvar 2019-cu il tarixli sərəncamlarını xatırladıb. Qeyd edib ki, sözügedən sənədlər Nəsiminin şəxsiyyətinə, irsinə verilən yüksək dəyərin göstəricisidir, sənətkarın həyat və yaradıcılığının, həmişəyaşar ideyalarının daha geniş miqyasda elmi əsaslarla tanıdılmasına imkan açır. Nəsiminin Azərbaycanda hürufizm ədəbiyyatının əsasını qoyduğunu deyən İ.Həbibbəyli bildirib ki, böyük ədəbi məktəb yaradan şairin şeirlərində insan kainatın ən uca varlığı kimi vəsf edilir, kamil insan olmağa çağırılır.

Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AR Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransanın ölkəmizdəki səfiri Zaxar Gross və Türkiyə Səfirliyinin mədəniyyət üzrə məsləhətçisi İrfan Çiftçi çıxış edərək Nəsiminin zəngin yaradıcılığından və onun orta əsrlər fəlsəfi fikrinin inkişafındakı rolundan danışıblar.

Daha sonra yerli və xarici alimlərin “İmaməddin Nəsimi şəxsiyyətinin və fəlsəfəsinin özəllikləri”, “Nəsimi sirrinə bir baxış”, “Nəsimi poeziya ilə fəlsəfəsinin kəşisməsində”, “Həbibinin hürufi görüşlərinin formalaşmasında İmadəddin Nəsiminin rolu” və “Gəlmiş cahana şərh edər şimdi Nəsimi həqq sözün” mövzularında məruzələri dinlənilib.

Qeyd edək ki, konfransın materialları "Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər" adlı kitabda nəşr olunub.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82