MEK-də “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib
  
4792

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Beynəlxalq seminarı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açıb. Akademik AMEA-da Müstəqil Dövlətlər Birliyi Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə bundan öncə də müxtəlif mövzulara həsr olunan beynəlxalq elmi konfransların keçirildiyini, dövlətlər arasında elmi əməkdaşlıq ənənələrinin yenidən bərpa edilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. AMEA prezidenti 2018-ci ildə beynəlxalq elmi konfransda aktual və müasir problemin müzakirəyə çıxarıldığından bəhs edərək, “Fizika və lirika” mövzusu ətrafında AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təşkil olunmuş müzakirələrin MDB ölkələrində humanitar və texniki elmləri təmsil edən alimlərin qarşılıqlı əlaqələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Akademik Ramiz Mehdiyev “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda keçirilən beynəlxalq elmi seminarda qədim sivilizasiyaların, ibtidai insan düşərgələrinin formalaşması, habelə bədii düşüncənin və yazı mədəniyyətinin əmələ gəlməsi kimi ciddi elmi problemlərin müzakirə olunacağını diqqətə çatdırıb: “Hazırkı mərhələdə sivilizasiya və insan məskunlaşması məsələləri beynəlxalq elmi mühitdə geniş müzakirə edilən aktual problem olduğu üçün burada səslənəcək tezislər dünya elminin inkişafına mühüm töhfələr verəcək. Bəşəriyyətin qədim qayaüstü mədəniyyətdən müasir mədəniyyətəqədərki keçilmiş yolun dərslərini və mühüm elmi nəticələrini müəyyən etmək istiqamətində mühüm addımlar atılacaq”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək dünya elmində qayaüstü mədəniyyətin ilkin insan birliklərinin daş yaddaşı kimi qəbul edildiyini, qayaüstü təsvirlərin etnosun mənşəyi və qədimliyini müəyyən etməyə imkan verən əsas faktorlardan biri olduğunu bildirib. “Azərbaycan qayaüstü mədəniyyəti özündə oturaq mədəniyyəti, habelə əfsanə ilə reallıqları bir yerdə əks etdirir”, – deyən akademik Azərbaycan qayaüstü rəsmlərindəki araba, öküz, yallı, əmək və qoşqu alətləri təsvirlərinin regiondakı oturaq mədəniyyətin nişanələri olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli Qobustan qayaüstü rəsmlərinin bu torpaqlarda yaşayan ulu babalarımızın həyatı və fəaliyyətinin daş salnaməsi olduğunu nəzərə çatdıraraq, qayaüstü mədəniyyətlərin insanlığın inkişaf tarixinin “karvan yolu” ilə müqayisə edib və təşkil edilmiş beynəlxalq seminarın keçirilməsini qayaüstü mədəniyyətləri tədqiqatlarının koordinasiya edilməsinə doğru atılmış əhəmiyyətli addım kimi qiymətləndirib.
Daha sonra Tacikistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Karamatullo Olimov “Qayaüstü mədəniyyətin fəlsəfi və ekzistensial aspektləri” mövzusunda məruzə edib. Alim qayaüstü rəsmlərdə estetik dəyər ilə yanaşı, qədim insanların dünyagörüşü ilə bağlı dərin fəlsəfi fikirlərin gizləndiyini qeyd edib.
Kemerovo Dövlət Universitetinin Tarix və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru professor Olqa Sovetova “Minusinsk çökəkliyindəki qayaüstü mədəniyyətin qeyri-real görüntülər dünyası” adlı məruzə ilə çıxış edib.
Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru professor İmran Əkpərov qayaüstü mədəniyyətin öyrənilməsində rəqəmsal dövrün, informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan danışıb.
Qırğızıstan-Rusiya Slavyan Universitetinin Tarix və Mədəniyyətşünaslıq kafedrasının müdiri Lyudmila Stavskaya AMEA rəhbərliyinə Qırğızıstanın qaya sənətinə dair kitab təqdim edib.
Tədbirdə, həmçinin “Qaya mədəniyyətinin fəlsəfi və ekzistensial aspektləri”, “Qayaüstü mədəniyyət və müasirlik. Tarixi və mədəni refleksiya və etnoqrafik konvergentlik”, “Gəmiqaya abidə kompleksi: Cənubi Qafqazın bənzərsiz incisi”, “Suuk Dube (Uzgen) mağara rəsmlərinin öyrənilməsi”, “Yaxın Şərqin maddi mədəniyyətindəki Gəmiqaya rəsmlərinin analoqları” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
AMEA prezidenti akademik Ramiz Mehdiyev, vitse-prezidenti akademik İsa Həbibbəyli və tədbir iştirakçıları tədbir çərçivəsində Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər. MEK-in Sərgi salonunda daimi və müddətli sərgilər, informasiyanın təqdimat formatları, Diplomatik fondda toplanılan kolleksiyalar, sənədlərin müasir elektron kataloqda və rəqəmsal bazada yerləşdirilməsi, Vikipediya fəaliyyəti AMEA prezidentinin xüsusi diqqətini cəlb edib. MEK-in direktoru Leyla İmanova kitabxanada informasiyanın idarə olunmasına dair tətbiq edilən müasir yanaşmalar barədə məlumat verib.





İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82