“Vikipediya”da Azərbaycanın görkəmli elm və incəsənət xadimləri haqqında məqalə yaradılması davam edir
  
4779
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, görkəmli elm və incəsənət xadimləri haqqında məqalə yaradılması prosesi davam edir.“Vikipediya”da Əməkdar incəsənət xadimi, Xalq rəssamı Bədurə Əfqanlı, dilçi alim Nəzakət Ağazadə və filologiya üzrə elmlər doktoru, professor Əliheydər Orucov haqqında məqalələr yaradılıb və əsaslı redaktə olunub.Bildirilib ki, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri olan Bədurə Əfqanlı 1940-cı ildən 1960-cı ilin əvvəlinə qədər Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışıb. Bədurə xanım 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işləyib, “Koroğlu”, “Leyli və Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd” kimi ekran əsərlərinə geyim eskizləri çəkib. Onun bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır. Bədurə Əfqanlı məşhur kino və teatr aktyoru Rza Əfqanlının həyat yoldaşıdır.Filologiya üzrə elmləri doktoru, professor Nəzakət Ağazadə Azərbaycanın ictimai-siyasi xadimi Həsən bəy Ağayevin qızı, professor Əliheydər Orucovun həyat yoldaşıdır. Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasına rəhbərlik edib. 1966-1968-ci illərdə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun prorektoru olub. Alimin araşdırmaları əsasən Azərbaycan və alman dillərinin müqayisəli öyrənilməsinə aiddir. Onun Azərbaycan məktəbləri üçün alman dili dərslikləri yaradılmasında da böyük xidmətləri olub.Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi sədrinin müavini işləmiş Əliheydər Orucovun 1940-cı ildən sonrakı elmi fəaliyyətini lüğətçilik dövrü adlandırmaq olar. O, 1940-1946-cı illərdə Heydər Hüseynov və Yusif Mirbabayevlə birlikdə dördcildlik “Rusca-azərbaycanca lüğət”in əsas tərtibçilərindən biri olub. Həmin lüğətə görə Ə.Orucov mərhum akademik H.Hüseynov, Y.Mirbabayevlə birlikdə 1948-ci ildə Dövlət mükafatına layiq görülüb. Görkəmli alim “Azərbaycan dilinin izahlı lüğəti”nin A-Q hərflərini əhatə edən I cildinin tərtibi üzərində 14 il çalışıb. Gərgin və uzun elmi tədqiqat nəticəsində yaranmış “Azərbaycan dilinin izahlı lüğəti”, mütəxəssislərin fikrincə, türkdilli xalqların izahlı lüğətlərinin yaranması yolunda atılan ilk addım və gözəl bir nümunədir. Ə.Orucovun “Azərbaycan dilinin izahlı lüğəti”nin həm əsas tərtibçilərindən biri, həm də redaktoru olduğu 2-ci (D-İ hərfləri) və 3-cü (K-P hərfləri) cildləri də ictimaiyyətin ixtiyarına verilib.
“Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82