Azərbaycanda İlk Mətbu Kitabların Mühafizə Olunduğu “Arxiv Fondu” (araşdirmaçı - kitabxananın əməkdaşı Şahənə Şahbazova)
  

     Azərbaycanda İlk Mətbu Kitabların Mühafizə Olunduğu   “Arxiv Fondu”

    Uzun illər damla-damla toplanmış ən qiymətli milli sərvətimizin bir hissəsi olan AMEA Mərkəzi Elmi Kitabxanasının Şərq Ədəbiyyatı fondunun mövcudluğu sayəsində müxtəlif elm sahələrinə aid kitablar, yüzlərlə sanballı tədqiqat əsərləri Şərq Fondunun kitab xəzinəsinə daxil olmuşdur. 
1959-cu ildə fəaliyyətə başlamış Şərq Ədəbiyyatı fondu şərqşünas alimlər, mütəxəssislər üçün qiymətli və əvəzsiz məxəzlərdən biri və nadir kitabların sayına görə Mərkəzi Elmi Kitabxananın ən diqqətəlayiq fondlarından biridir. 
Burada Şərqə aid nadir elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya və lüğətlər, məcmuələr, dövrü mətbuat nüsxələri, 1930-ci ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın Arxiv fondu və 64 adda dövrü mətbuat nüsxələri, fotosurətlər və mikrofilmlər mühafizə olunur. Şərq Ədəbiyyatı Fondunda, həmçinin, Şərq xalqlarının qədim və yeni tarixi, ədəbiyyatı, din, fəlsəfə və incəsənətinə dair nəşrlərdən, alim-səyyahların əsərlərindən ibarət zəngin kitab xəzinəsi toplanmışdır. Bu fondda yer alan “Arxiv fondu” nadir  kitab abidələri baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Arxiv fondu - cəmiyətin tarixi və mədəni inkişafının mühüm hadisələri, dünya xalqlarının ədəbiyyatı və mədəniyyətini əks etdirən dünyəvi və dini kitabların toplandığı zəngin kolleksiyadır. 
İnqilaba qədər və inqilabdan sonrakı ilk dövrlərdə Azərbaycanda nəşr olunmuş kitab və dövrü mətbuatı özündə cəmləşdirən Arxiv fondu istifadə baxımından alim və tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir. Arxiv fondu Azərbaycanın ictimai fikir tarixinin öyrənilməsində böyük rol oynayır. Bu fond nəinki Azərbaycan xalqının, eləcə də Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyət kəsb edir. 
Məlumdur ki, Azərbaycanda müasir çap üsulu ilə kitab nəşrinə XIX əsrin sonlarında başlanılıb və ilk mətbəələr XIX əsrin sonları-XX əsrin əvvəllərində meydana gəlib. XIX əsrin 80-ci illərində Səid Ünsizadənin “Ziya”, Cəlal və Kamal Ünsizadənin “Kəşkül”, XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin “Qeyrət”, əvvəl H.Z.Tağıyeva məxsus olan, sonra İsabəy Aşurbəyov tərəfindən kirayə götürülən “Kaspi”, Haşim bəy Vəzirovun “Səda”, “Baku”, “Açıq söz”, “Məktəb” mətbəəsi və s. nəşriyyatlar Azərbaycanda kitab mədəniyyətinin inkişafında və milli kitab xəzinəmizin zənginləşməsində böyük rol oynamışdır. 
 XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən çoxsaylı mətbəələr arasında Orucov Oruc, Qənbər və Abuzər qardaşlarının yaratdığı “Orucov qardaşları” mətbəə-nəşriyyatının xidmətləri əvəzsiz olmuşdur. Bu mətbəədə, fəaliyyət göstərdiyi 1905-1918-ci illər ərzində elmin müxtəlif sahələrinə aid müxtəlif dillərdə üç yüzdən çox kitab və kitabça çap etmişdir.
 Bu ilk mətbəələr vasitəsilə işıq üzü görmüş kitabların müəyyən qismi Mərkəzi Elmi Kitabxananın “Şərq ədəbiyyatı fondu”nun bir hissəsi olan Arxiv fondunda hifz olunur. XIX –XX əsrlərdə (30 –cu illərinə qədər) ərəb əlifbasında nəşr olunmuş bu kitab abidələri ilə tanış olaq.  
Arxiv fondunda yer almış qiymətli kitablar sırasında mühüm yeri Azərbaycanın ilk dərs vəsaitlərinin müxtəlif nəşrləri tutur. 
Bunlardan ilki, Azərbaycanda ilk əsaslı dərs vəsaitlərindən hesab olunan “Vətən dili” dərsliyidir. Böyük pedaqoq Çernyayevski tərəfindən mübtədilər (ibtidai siniflər) üçün Türk dilində yeni üsul üzrə tərtib olunmuş kitabçanın 1901-ci il nəşri  və bu dərsliyin  ikinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulmuş ikinci hissəsi (1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyovun tərtibatındə “Kəşkül” nəşriyyatında işıq üzü görmüş ilk nəşri) Arxiv fondunda mühafizə olunmaqdadır. 
Digərləri, İrəvan məktəb müəllimləri Mirzə Qəmərlinski, Nərimanbəyov, Şahtaxtinski, Rəcəbov, Məhəmmədov, Şəfibəyov, Soltanov, Mirzə Ələkbər Mirzəzadə tərəfindən tərtib edilmiş, 1907-ci ildə "Qeyrət" mətbəəsində nəşr olunmuş "Ana dili" dərsliyi və 1902-ci il nəşri olan, müəllim Balaqədeş Hacıyev tərəfindən məktəblilər üçün yazılmış Qafqaz istilahı adlı əlifba dərsliyidir.
Məktəb və mədrəsələrdə dördüncü, beşinci və altıncı siniflər üçün tədris vəsaiti kimi hazırlanmış “Ədəbiyyat məcmuəsi” adlı kitab, 1912-ci ildə İsa bəy Aşurbəylinin "Kaspi" mətbəəsində çap olunmuşdur. XX əsr Azərbaycanın məşhur pedaqoqu Fərhad Ağazadənin naşirliyi ilə və onun tərtibatında ümumi qiraət üçün hazırlanmış bu kitab ədəbiyyata aid mənsur və mənzum nümunələri, dünyaca məşhur ədəbi xadimlər, dövlət xadimləri və s. haqqında maraqlı məlumatları özündə ehtiva edir. 
Məlum olduğu kimi, Azərbaycan təhsilinin keçdiyi zəngin tarixi inkişaf yolunda Cumhuriyyət dövrü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti və 1918-ci ildə təssis edilmiş Xalq Maarif Nazirliyi Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqeyinin bərpa edilməsi, məktəb tədris işinin milli mənafeyə uyğun yenidən qurulması, ana dilində dərsliklərin hazırlanması sahəsində həyata keçirtdiyi mühüm tədbirləri nəticəsində artıq 1918-ci ildən dövrün görkəmli ziyalıları tərəfindən yeni dərsliklər hazırlanmağa və bəzi mövcud kitabların yenidən nəşrinə başlanılmışdır. Əsasən dil və ədəbiyyat, tarix-coğrafiya sahəsində yazılmış bu dərsliklərin Arxiv fondunda ilk, bəzilərinin isə sonrakı nəşrləri mövcuddur:

  1. Cəfər Bünyadzadənin tərtibatında 1914-cü ildə “Səda” mətbəəsində nəşr olunmuş “Kəşkül yaxud Nəğmələr məcmuəsi”. Müsəlman "Milli" məktəbləriylə "Rus-tatar" məktəblərində təlim olunan nəğmələrdən intixab olunmuş nəğmələrlə bir çox yeni inşad edilmiş nəğmə və milli "şikəstə"ləri özündə ehtiva edən bir kitabdır. Kitabda Rəşid bəy Əfəndizadənin, Məhəmməd Əminin, Əhməd Kamalın marş tipli şeirləri, Mirzə Cəlal Yusifzadə, Səməd Mənsur Kazımov, Mirzə Balaqardaş Əli Muradzadə, Əli Meşan, Turani, Əhməd Kamal, Hacı Səlim, Əli Müznib və s. müəlliflərin nəğmələri toplanmışdır. Kitabın “Orucov qardaşları” mətbəəsində çap olunmuş 1917-ci il nəşri də mövcuddur.
  2. Abbas Səhhət və M. Mahmudbəyov tərəfindən məktəblərdə üçüncü ildə şagirdlərə türk dilinin tədrisi üçün tərtib edilmiş “Yeni məktəb” adlı qiraət kitabının 1913 və 1919-cu illər Məktəb Elektrik mətbəəsi nəşrləri.
  3. Məktəblərdə şagirdləri ərəb əlifbasıyla yanaşı latınca oxutmağı öytərmək üçün müəllim Abdulla bəy Əfəndizadə tərəfindən hazırlanmış “Son Türk əlifbası” adlı dərsliyin 1919-cu ildə  “Hökumət mətbəəsi”ndə çap olunmuş ilk nəşri.
  4. Qafur Rəşad Mirzəzadə və Məhəmməd Sadiq Axundovun müəllifləri olduğu 1918-ci ildə “Məktəb” elektrik mətbəəsində çap olunmuş “Rəhbəre-sərf” adlı məktəblilər üçün qramatika fənnindən dərs vəsaiti
  5. 1919-cu ildə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı ilk ədəbiyyat nəzəriyyəsi dərsliyimiz olan “Ədəbiyyat dərsləri” kitabı.
  6.  Dil və ədəbiyyatdan Birinci dərəcəli məktəblərin üçüncü ili üçün 1924-cü ildə Mahmud bəy Mahmudbəyov tərəfindən hazırlanmış “Üçüncü il” adlı qiraət kitabı.
  7. Camo bəy Cəbrayılzadə tərəfindən yazılmış 1919-cu ildə Hökumət mətbəəsində çap olunmuş “Tarixe-təbi” adlı kitab (məktəblilər üçün dərslik olub, canlılar- insan və heyvanların quruluşu, ümumi strukturu haqqında məlumatları özündə ehtiva edir).
  8. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad Mirzəzadənin on səkkiz dərs kitabından biri olan, Qafqaz bölgəsinin ümumi coğrafiyasına dair qələmə aldığı "Qafqaz coğrafiyası" adlı kitabının 1910-cu il “Orucov qardaşları” mətbəəsində işıq üzü görmüş ilk nəşri.
  9. Q.R.Mirzəzadə tərəfindən məktəbin 4-cü sinfləri üçün hazırlanmış, ilkin coğrafi anlayışları və ümumi coğrafi məlumatları əhatə edən “Coğrafiya” adlı dərsliyi (1924-cü il “Azərnəşr”)

     Azərbaycan tarixi və ümumi tarixə dair XX əsrin ilk onilliyində və ilk rübündə qələmə alınmış və nəşr olunmuş tarix kitabları və tarixə dair əsərlərdən  Arxiv fondunda mövcud olan kitablar aşağıdakılardır: 
XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan "Qanlı sənələr"(Qanlı illər) əsəri - Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə "Səda" mətbəəsində nəşr olunmuşdur. 1905-ci ildə Qafqazda zühur olan müsəlman davasının tarixindən bəhs edir. 
Görkəmli dövlət xadimi, alim və diplomat Adil Xan Ziyadxanovun Azərbaycan tarixi haqqında qələmə aldığı "Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat" əsəri - 1919-cu ildə Bakıda Hökumət mətbəəsində nəşr olunmuşdur. 
İqtisadçı, etnoqraf, 37-ci il siyasi repressiya qurbanı Məhəmmədhəsən bəy Vəliyev-Baharlının "Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat" adlı əsəri - 1921-ci ildə Birinci Hökümət mətbəəsində nəşr olunmuşdur. Kitab, Azərbaycanın coğrafiyası, etnoqrafiyası və iqtisadiyyat tarixi haqqında hərtərəfli məlumatın yer aldığı qiymətli araşdırma əsəridir. 
Rəşid İsmayılovun "Azərbaycan tarixi" adlı siyasi və hərbi məlumatların toplandığı kitab -  1923-cü ildə nəşr olunmuşdur. Kitabda keçmişdə Azərbaycanda mövcud olmuş ictimai və iqtisadi təşkilatların tarixini, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyəti, Cümhuriyyətin qurulması və fəaliyyət tarixini qısa şəkildə əks etdirir. 
1928-ci ildə Azərnəşrdə nəşr olunmuş Azərbaycanda sovet hakimiyyəti uğrunda mübarizənin iştirakçısı Rəhim Hüseynov tərəfindən qələmə alınmış “Azərbaycanda inqilab hərakatı xülasələri” adlı kitabda, 1905-ci il inqilabından qabaq torpaq məsələsi və kəndlilərin vəziyyəti, Azərbaycanda 1905-ci ilədək kəndli hərəkatı, Azərbaycan qəzalarında 1-ci inqilab dövründəki işçi hərəkatı, 1906-1907-ci illərdə Gəncə və Gədəbəydə üsyan hərəkatı, Zaqafqaziyada erməni-türk qırğını hadisələri araşdırma obyektidir. 
Başqa bir kitab, 1926-cı il mətbu olmuş Nuxa qazisi olmuş Hacı Səlim Əfəndinin oğlu Qazi Abdullətif Əfəndinin "Şəki xanlığının müxtəsər tarixi" adlı oçerkidir. Kitabda əsərin rus dilində tərcüməsi də yer alır. 
XIX-XX əsrlərdə yaşamış islam alimi, tarixçi və mütəfəkkir Hacı Həsən Mollazadə Gəncəyi tərəfindən qələmə alınmış "Zubdətül-tavarix" adlı əsər- Həzrəti Adəmdən zəmanəmizə qədər keçən tarixi hadisələrin ümumi icamalını əhatə edir. Əsər, dörd cilddən ibarətdir və dördüncü cildin birinci hissəsində, Əmir Teymurun yaratdığı Gürkani (Teymurilər) dövləti, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfqanıstan, Əfşarlar və Qacar dövləti və İranın (ta İran Məşrutəsinə kimi) mühüm tarixi hadisələri və ruslar tərəfindən Qafqazın istila olunması haqqında məlumatlar əks olunub. Fondda bu dörd cildli əsərin üç cildi mövcuddur (İlk iki cildi 1904-cü ildə qələmə alınıb nəşr olunub, dördüncü cildi 1912-ci ildə çap olunmuşdur). 
Tarixə dair digər əsər, 1913-cü ildə nəşr olunmuş “Səlib müharibəsi” adlı kitabdır. XI-XII əsrlərdə qərblilərin Yaxın Şərqə hərbi səfərlərinə dair yazılmış bu kitab, iki yüz illik bu hərbin vaqiələrini özündə ehtiva edir, məlumatlar orta əsrin mötəbər tarixi mənbələrindən əxz olunmuşdur. 
Dinə dair Arxiv fondunda mövcud olan ən qədim kitab, Bibliyanın iki hissəsindən ən qədimi olan “Əhli-Ətiq”in türk dilində tərcüməsidir. 1827-ci ildə Parisdə nəşr olunmuşdur.
 Digər kitab, “İncil”in yunan dilindən azərbaycan dilinə tərcümə variantıdır ki, 1909-cu ildə nəşr olunub. 
Arxiv fondunda İslam dininə dair yazılmış qədim nəşrlərdən biri Şamaxı qazisi olmuş şair Səid Ünsüzadənin məktəb uşaqları üçün sadə türk dilində, dini-əxlaqi və nəsihətamiz tərzdə qələmə aldığı “Əqayid və nəsayih” (Əqidələr və nəsihətlər) adlı mənzum risaləsidir ki, 1883-cü ildə  Tiflisdə "Ziya" mətbəəsində nəşr olunmuşdur. 
Bakı qazisi, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən Mir Məhəmməd Kərim Mircəfər Bakuvinin yazmış olduğu və günümüzə qədər gəlib çatan Qurani-Şərifin təfsiri olan “Kəşfül-həqaiq an nükətil-ayat və-d-dəqaiq” adlı  üç cilddən ibarət əsərin iki cildi mövcuddur. Kitab, 1904-cü ildə H.Z.Tağıyevin rəhbərlik etdiyi Kaspi qəzetinin mətbəəsində çap olunmuşdur.  Quranın təfsiri ilə bağlı bu kitaba görə Sultan II Əbdülhəmid Tağıyevi “Məcidiyyə” ordeni ilə mükafatlandırmışdır.
 İslam dininə dair digər kitab,  “İslamın təfriqəsi səbəbləri” adlı əsərdir. Kitabda, əqrarı, niyyəti və amalı ittihad məsələsi olan müsəlman firqələri arasında ixtilafın haradan yaranması, bunun başlanğıcı, mənbəyi və məsdəri bəyan edilmişdir. Əsər, Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimlərindən biri olmuş XX əsrin görkəmli şəxsiyyətlərindən olan Axund Mirzə Turab Axundzadə tərəfindən qələmə alınmışdır. 1914-cü ildə Orucov qardaşları nəşriyyatında çap olunub. 
Qafqaz müsəlmanlarının V Şeyxülislamı Axund Əbdüssəlam Axundzadə tərəfindən yazılmış “Tarixe-müqəddəse ənbiya” (1902-ci ildə Dimoqrafik mətbəəsi)  adlı əsəri - peyğəmbərin tarixini müxtəsər şəkildə bəhs edir. 
Axund Yusif Talıbzadə tərəfindən islam tarixindən dərs vəsaiti olaraq yazılmış “İslam tarixi” adlı kitabın (dünyanın başlanğıcından Xatəmül-Ənbiyanın vəfatı dövrünədək olan hadisələrindən bəhs edir) 1907-ci ildə Kaspi qəzetinin mətbəəsindəki ilk nəşri və “İslam və məzhəblər” adlı kitabın (islam dininin məzhəbləri və bu məzhəblər arasındakı ixtilaflardan, İslamın əsas qayəsi olan tövhiddən bəhs edir) 1906-cı ildə çap olunmuş ilk nəşrinin də daxil olduğu sadaladığımız bu kitablar dini mövzuda Azərbaycanda nəşr olunan ilk dərs vəsaitlərindən hesab olunur. 
Arxiv fondunda mühafizə olunan ən qədim kitablar ədəbiyyata dair əsərlərdir.    Tarixi daha qədim kitablar, Məhəmməd Füzulinin əsərləridir. Bunlar, XX əsrin ilk yarısında daşbasma üsulu ilə nəşr olunmuş "Leyli və Məcnun" əsəri və 1828-ci ildə (hicri 1244-cü ildə) Təbrizdə daşbasma üsulu ilə nəşr olunmuş kitabdır ki, burada Füzulinin qəsidə və qəzəllərindən ibarət divanı və "Bəngü-Badə" əsəri yer alır. Arxiv fondunda Məhəmməd Füzulinin divanının, “Leyli və Məcnun” və “Bəngü-Badə” əsərlərinin yer aldığı kitabların XIX əsrə təsadüf edən ümumilikdə on beş fərqli nəşrləri  mövcuddur. Bunlardan başqa böyük şairin  Məhəmməd Fizulinin Kərbəla hadisəsinə, İmam Hüseyn müsibətinə həsr etdiyi "Hədiqətüs-Süəda" əsəri də mövcud kitablar sırasında yer alır. 
Divanlar içərisində Molla Hüseyn Marağayinin külliyyatı da yer alır. Dəxil təxəllüslü Marağalı şair Axund Molla Hüseyn Marağayinin şeirləri Azərbaycan türkçəsindədir. Mövcud divan, 1878-ci il (1296) nəşridir. 
Şeirlər küliyyatı içərisində XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşudbani Natəvanın kitabı (1928-ci il Azərnəşr) da mühüm yer tutur. Kitabda şairənin toplu divandan əldə edilmiş şeirlərlə yanaşı, müxtəlif təzkirələrdə və əl yazılarında ona isnad edilən qəzəllər də toplanmışdır. 
XIX əsrə dair digər qiymətli kitab, həmin əsrin görkəmli şair, rəssam və musiqişünas alimi Mir Möhsün Nəvvabın 1899-cu ildə nəşr olunmuş musiqi nəzəriyyəsinə həsr etdiyi "Kəşfül-həqiqəti-məsnəvi" adlı mənzuməsidir. 
XIX əsrin başqa görkəmli nümayəndəsi, tarixçi və şair Əhməd bəy Cavanşirdir ki, onun 1906-cı ildə “Qeyrət” mətbəəsində nəşr olunmuş kitabında "Tənbəki oyunu", "Qazi Namaz üstədir", "Zurnaçının gözün çıxartdılar", "Məhşər günü", "Ləzgi qonağı", "Güc məndədir, güc məndə" və başqa əsərlərində məişətimizdən götürülmüş və dilimizin şivəsiylə yazılmış əhvalatlar yer alıb. 
XIX əsr ədəbiyyatından başqa bir əsər, Azərbaycanın böyük şairi Seyid Əzim Şirvaninin əsərlərinin ilk nəşrlərindən hesab olunan, 1902-cü ildə Mir Cəfər Seyidzadənin naşirliyi ilə "Əvvəlinci şirkət mətbəəsi"ndə çap olunmuş “Qəzəliyyati Seyid Əzim Şirvani” kitabıdır. 
Məhəmməd Hadinin " Firdovsi-ilhamat" adlı əsərinin ilk nəşri, 1908-ci ildə Hacı Zeynalabdin Tağıyevin naşirliyi ilə "Kaspi" mətbəəsində nəşr olunmuşdur. 
Diqqətə layiq kitablardan biri də, azərbaycanlı maarifçi, yazıçı və pedaqoq İbrahimbəy Musabəyovun ilk dəfə 1917-cı ildə (Məktəb elektrik mətbəəsi) kitab şəklində çap olunmuş "Neft və milyonlar səltənətində" povestidir. Əsər, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində özünəməxsus yer tutur. 
Azərbaycanın tanınmış maarif xadimi, yazıçı Sultan Məcid Qənizadənin ən "Məktubat-i Şeyda bəy Şirvani" adlı əsərinin I cüzi "Müəllimlər iftixarı" (1898-ci il Hökümət m.) və "Gəlinlər həmayili" adlanan ikinci cüzü (1900-cu il, Hökümət m.) əhəmiyyətli kitablardandlır. Ədəbiyyat tariximizdə ilk diologiya kimi dəyərləndirilən bu əsərdə, Bakıda müəllimlik edən Şeyda bəyin  timsalında müəllimlik siması təsvir olunmuş, o dövrün ailə adət-ənənələri əks olunmuşdur. 
Yazıçının fondda mövcud digər kitabı, "Axşam səbri xeyir olur" adlı iki məclisli komediyasıdır (1913-cü il, “Orucov qardaşları” m.). Qənizadə, bu əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. 
Əliabbas Müznibin 1909-1914-cü illərdə "Orucov qardaşları" mətbəəsində nəşr olunmuş, bəşəriyyəti əsarətə alıb, inkişafdan saxlayan irticaçılar, axund-mollaların tənqidinə yönəlmiş “Hürriyəte-bəşəriyyə” adlı mənzuməsi, eyni mövzulu "Dərvişi kəhkəşan" adlı kiçik həcmli hekayəsi, yarısı nəsr, yarısı nəzmdə sadə tərzdə qələmə alınmış iyirmi altı hekayəsinin toplandığı “Qiraət” kitabı, 1911-ci ildə Bakı mətbəəsində çap olunmuş "Çəkməsilən" adlı mənzum hekayəsi Arxiv fondunun qiymətli kitablarındandır. 
XIX-XX əsrlərdə yaşamış Azərbaycan ziyalısı Haşim bəy Vəzirova məxsus bir neçə kitab da Arxiv fondunda hifz olunan əsərlər sırasında yer alır. Bunlardan  biri, 1911-ci ildə (“Səda” m.) nəşr olunmuş "Vay şələküm məəlləküm" adlı bir pərdəli komediyasıdır. Digəri, ilk dəfə 1922-ci ildə isə "Səda" mətbəəsində nəşr olunmuş "Döymə qapımı döyərlər qapını" adlı dörd pərdəli komediyasıdır. Qeyd edək ki, bu əsər, hələ nəşrindən əvvəl 1899, 1906, 1907-cu illərdə Bakıda bir neçə dəfə səhnəyə qoyulmuşdur. 
Haşim bəy Vəzirovun adıyla bağlı digər kitab, onun naşirliyi ilə 1908-ci ildə nəşr olunmuş Molla Pənah Vaqifin tərcih-bənd, müxəmməs, mürəbbeləri və qəzəllərindən ibarət şeir məcmuəsidir. 
Arxiv fondunda yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun, 1893-cü ildə Şuşada Mirzə Abbas bəy Vəlizadənin tərtibatında nəşr edilmiş "Daldan atılan daş topuğa deyər" adlı komediyası, "Pəhləvanan-e zəmanə", "Müsibət-i Fəxrəddin", "Adı var özü yox", "Yağışdan çıxdıq yağmura düşdük", "Ev tərbiyəsinin bir şəkli" hekayələrinin toplandığı kitabı və  mövzusunu fransız dramaturqu Jan Batist Molyerin məşhur "Xəsis" komediyasından iqtibas edib milli ruhda qələmə aldığı "Ağa Kərim xan Ərdəbili" adlı komediyası (1911-ci il, “Səda” mətbəəsi) kimi kitabları hifz olunmaqdadır. 
Fondda mövcud kitablar arasında Azərbaycan dramaturgiyasının və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisi sayılan, böyük yazıçı, maarifçi Mirzə Fətəli Axundovun kitabları mühüm yerə sahibdir. 1861-ci ildə Tiflisdə nəşr olunmuş “Təmsilat -e Kapitan Mirzə Fətəli Axunzadə” adlı kitabda Axundovun “Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş  Məstəlişah”, “Xırs Quldurbasan”, “Vəzire-Xane -Sərab”, “Hacı Qara”, “Mürafıə vəkilləri” komediyaları və "Hekayəte- Yusif şah" povesti bu qəbildəndir. 
 Axundovun digər mövcud əsəri 1917-ci ildə “Orucov qardaşları nəşriyyatı”nda çap olnmuş üç yüz məzhəkənin toplandığı “Məclis yaraşığı” əsəri və 1865-ci ildə yazdığı "Kəmalüd-dövlə məktubları" adlı kitabıdır. Bədii–fəlsəfi traktat olan ikinci kitabda, Hindistan şahzadəsi Kəmalüd-dövlənin dostu İran şahzadəsi Cəlalüd-dövləyə fars dilində yazdığı üç məktubun və Cəlalüd-dövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi yer alır. 1924-cü ildə Bakıda "Yeni türk əlifba komitəsi" tərəfindən nəşr olunmuşdur. 
Klassik Azərbaycan ədəbiyyatının digər böyük nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin   “İki hekayət: Ata və oğul. Ayın şahidliyi” (1909-cu ildə “Orucov q.”) hekayələr kitabı,  M.F.Axundovun anadan olmasının yüz illiyi münasibətiylə yazdığı "Mirzə Fətəli Axundov" ("Xəyalat") adlı bir məclisdən ibarət kiçik həcmli pyesi (1911 Orucov q.) , “Ağa Məhəmməd şah Qacar" faciəsi (1912-ci il, “Orucov q.”) kitabları Arxiv fondunun qədim nəşrləri sırasındandır.
Bunlardan başqa Arxiv fondunda Əbdürrəhim bəy Haqverdiyevin, 1926-cı ildə “Bakı işçisi” mətbəəsində nəşr olunmuş "Ağac kölgəsində" və "Şeyx Sənan" adlı hekayələr kitabı, 1926-1928-ci illərdə “Azərnəşr” mətbəəsində nəşr olunmuş Bəxtsiz cavan”, "Dağılan tifaq" hekayə kitabları, qadın azadlığını və оnun nəticələrini qələmə aldığı "Qadınlar bayramı" pyesi və kəndlilərin burjua sinfinə qarşı mübarizəsinə həsr olunan "Köhnə dudman" adlı tarixi dram əsəri mövcuddur. 
Azərbaycanın böyük ictimai-siyasi xadimi, eyni zamanda Azərbaycan ədəbiyyatında mühüm yerə sahib böyük tarixi şəxsiyyət Nəriman Nərimanovun 1895-ci ildə qələmə aldığı "Dilin bəlası, yaxud Şamdan bəy" komediyasının ilk nəşri fonddakı qədim nəşrlər sırasındadır. (1895-ci il, Типография губернского правления) Müəllif bu əsərində Şamdan bəy simasında burjua cəmiyyətini hədəf alıb, kapitalizm aləminin doğurduğu fəlakətləri bəyan edir.
 N.Nərimanovun fondda mövcud digər kitabı "Nadanlıq" adlı dram əsərinin 1913-cü ildə "Orucov qardaşları" nəşriyyatında çap olunmuş ikinci nəşr variantıdır. 
XX əsrin böyük satirik şeir ustası Mirzə Ələkbər Sabirin Fondda saxlanılan qədim kitabı “Hophopnamə”dir. Abbas Səhətin Mirzə Ələkbər Sabir haqqında yazdığı ön sözü (Sabirin tərcümeyi-halı) və şairin əsərlərini ehtiva edən kitab, 1912-ci ildə Sabirin həyat yoldaşı B.Tahirzadənin naşirliyi ilə İsa bəy Aşurbəylinin "Kaspi" mətbəəsində işıq üzü görmüşdür. 
XIX-XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Abbas Səhət və Abdulla Şaiqin kitabları da Arxiv fondunda hifz olunan dəyərli əsərlərdəndir. Abbas Səhhətin 1912-ci ildə "Orucov qardaşları" mətbəəsində çap olunmuş "Sınıq saz" adlı şeirlər toplusunun ilk nəşri bu qismdəndir. 
Abdulla Şaiqin 1912-1913-cü illərdə “Orucov qardaşları mətbəəsi”ndə işıq üzü görmüş "Anabacı" və "Murad" adlı kiçik hekayələri, "Bədbəxt ailə" adlı kiçik həcmli romanı və 1926-1927-ci illərdə “Azərnəşr” mətbəəsində çap olunmuş "Tülkü həccə gedir" adlı mənzum nağılı, "Göbələk” və "Müəllim" adlı hekayələri, "İldırım" adlı beş pərdəli dram əsərləri bu qəbildəndir. 
A.Şaiqin iki tərcümə əsəri də qeyd olunmalıdır. Bunlardan biri Daniel Defonun "Robinzon Kruzo" əsərinin tərcüməsi olan "Məşhur ingilis Robinzonunun hekayəsi” adlı kitabıdır ki, 1909-cu ildə işıq üzü görüb. Digəri, rus ədəbiyyatından "Dva Şaluna" hekayəsinin tərcüməsidir ki, Cəfər və Bəşir” adı altında qələmə alınmış və 1912-ci ildə “Orucov qardaşları mətbəəsi”ndə nəşr olunmuşdur. 
Hüseyn Cavidin ilk şeirlər toplusu olan "Keçmiş günlər" kitabı, 1913-cü ildə Tiflisdə "Şərq" mətbəəsində nəşr olunmuşdur. 24 səhifədən ibarət bu kitabda şairin 13 şeiri toplanmışdır. (Şeirləri: "Hübuti-adəm", "Bakuda" (Balaxanı neft mədənlərinə gedərkən Məsud ilə Şəfiqə arasında bir müsahibə),"Yadi-mazi" "Otuz yaşında", "Gecə idi", "Bir rəsm qarşısında", "Elmi - bəşər", "Qadın", "Küçük sərsəri", "Öksüz Ənvər", "İlk bahar", "Qız məktəbində", "Çiçək sevgisi") 
Hüseyn Cavidin 1922-1927-ci illərdə “Azərnəşr” mətbəəsində nəşr olunmuş 1911-1912-ci illərdə nəsrlə qələmə aldığı “Şeyda” dramı, 1912-1914-cü illərdə Tiflis və Naxçıvanda yaşadığı dövrlərdə yazdığı “Şeyx Sənan” mənzum dramı, Topal Teymur” tarixi dram əsəri, "Uçurum" adlı dörd pərdəli mənzum pyesi, 1918-ci ildə yazdığı dörd pərdəli “İblis” faciə əsəri və “Peyğəmbər” dramı da mühafizə olunan dəyərli kitablardandır.
Qeyd olunmağa dəyər kitablardan biri də, XX əsr Bakı ziyalısı, böyük pedaqoq Qafur Rəşad Mirzəzadənin 1908-ci ildə "Orucov qardaşları" nəşriyyatında çap olunmuş "Ayineyi-millət ("Oyanınız, qardaşlar!") əsəridir. Əsərin əsas ideyasını siyasi süstlüyün, mütiliyin tənqidi, milli dirçəlişə çağırış təşkil edir. Əsarətdən əsas qurtuluş vasitəsi olan maarifçiliyin yolları göstərilir. 
Arxiv fondunda Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir bəy Hacıbəyovun 1907-ci ildə qələmə aldığı 6 pərdəli "Leyli və Məcnun" əsəri, 3 pərdəli "O olmasın bu olsun" operattası (1912-ci il “Orucov qardaşları nəşriyyatı”), Qafqazda geniş yayılmış Azərbaycan xalq dastanının motivləri üzrə yazılmış "Əsli və Kərəm" (“Orucov qardaşları nəşriyyatı”, 1914 və 1917- il nəşrləri), 1913-cü ildə yazdığı "Arşın mal alan" operettasının ("Orucov qardaşları" mətbəəsi, 1918-ci ildəki nəşri) və 1915-ci ildə bəstələdiyi sonuncu muğam operası olan beş pərdəli “Harun və Leyla” librettosunun (eyniadlı ərəb dastanının motivləri əsasında yenidən işləmişdir) (1915-ci il “Orucov qardaşları nəşriyyatı”) mətnlərini ehtiva edən kitabları mühafizə olunur. 
Dram əsərləri içərisində Arxiv fondunda yer almış digər əsərlər, XX əsr Azərbaycan teatrının məşhur aktyorlarından olan, aktyorluqla yanaşı, ədəbi yaradıcılıqla da məşğul olmuş, tarixi və müasir mövzuda on iki əsər qələmə almış Əhməd Qəmərlinskinin (Məlikov) dörd kitabıdır. 
Cəlil Məhəmmədquluzadənin "Usta Zeynal" hekayəsi (1905-ci il, "Qeyrət" mətbəəsi), Azərbaycan mülkədarlarının həyatını əks etdirən “"Qurbanəli bəy" hekayəsi (1907-ci il, "Qeyrət" mətbəəsi)”, 20-ci illərdə qələmə aldığı, ictimai məzmundan məhrum, anlaşılmaz, qəliz dildə yazılmış şeir məcmuələrinə aludə olanların, köhnəpərəst ziyalıların tənqidinə yönəlmiş "Şeir bülbülləri" adlı hekayəsi, "Baqqal Məşədi Rəhim" adlı məzəli və düşündürücü yumoristik hekayəsi, Arazı keçib İrandan Azərbaycana gəlmiş din xadiminin tipik obrazını yaratdığı “Molla Fəzləli” (1925-ci il, Molla Nəsrəddin nəşriyyatı) hekayəsi, Azərbaycanın mülkədar, bəy və tacirlərinin sovet dövründə düşdükləri acınacaqlı vəziyyətini əks edən “Bəlkə də qaytardılar” hekayəsi və (1927-ci il, “Azərnəşr”), Şərqdə mövcud olan cəhalətin səbəb olduğu əsarəti mövzu edən “İranda hürriyyət” hekayəsinin ilkin nəşrləri, yaradıcılığında mühüm mövqe tutan dramlarından biri olan “Ölülər” tragikomediyasının 1925-ci il nəşri (Molla Nəsrəddin məcmuəsi nəşriyyatı) Arxiv fondunda qorunub, mühafizə olunmaqdadır. 
Böyük ədəbiyyatşünas Salman Mümtazın Azərbaycan klassikləri haqqında hazırladığı XX əsrin 20-ci illərində nəşr olunmuş "Azərbaycan ədəbiyyatı" adlı çoxcildli toplusu və Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndəsi, böyük alim Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materiallari" adlı fundamental tədqiqat əsəri də dəyərli kitablar sırasında yer alır.
Arxiv fondunda yer almış qiymətli kitablar arasında digər özünəməxsus yeri Şərq ədəbiyyatı klassiklərinin əsərləri və Şərqə dair yazılmış əsərlərin azərbaycan dilinə ilk tərcümələri tutur. Bu cəhətdən, Arxiv fondu nəinki Azərbaycan xalqının, eləcə də Şərq xalqlarının ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyət kəsb edir. XX əsrin əvəllərində dilimizə tərcümə olunmuş həmin kitabları da qeyd edək: 
Firdovsinin “Şahnamə”sindən Abbas Qayıbzadə tərəfindən azərbaycan dilinə edilmiş nəzmlə tərcümə, “Rüstəm və Zöhrab” adı altında 1908-ci il Qeyrət mətbəəsində işıq üzü görmüşdür. 
"Rüstəm və Zöhrab hekayəsi" Rəşid bəy Əfəndizadə tərəfindən də azərbaycan dilinə tərcümə edilmiş və 1906-cı il Qeyrət mətbəəsində nəşr olunmuşdur. 
Böyük fars şairi Sədi Şirazinin məhşur "Gülüstan" əsərinin Mirzə-Sadiq Süleymanzadə Bakuyi tərəfindən azərbaycan dilində nəsrdə şərhli tərcüməsi - “
Bəhri həqaiq” adında 1911-ci ildə nəşr olunmuşdur. 
Sədi Şirazinin "Bustan" əsərinin Mir Əbdülvəhab Hacı Mirağazadə Mirhəsənov tərəfindən qələmə alınmış mənzum tərcüməsi - Mizanül-ədalət” adı altında 1912-ci ildə Haşim bəy Vəzirovun elektrik mətbəəsində çap olunmuşdur. 
Zeynalabdin Marağayinin “Səyahətnameyi İbrahimbəy” (İbrahimbəyin səfərnaməsi) kitabının azərbaycan dilinə tərcüməsi, 1911-ci il Orucov qardaşları nəşriyyatında çap olunmuşdur. Əsər, İranın o zamankı ictimai-siyasi vəziyyətini, Qacar məmurlarının əməlləri və hakimlərin rəftarını, camaatı aldadan mollaların əməlləri və camaatın beynindəki xürafi fikirlərin cəmini real şəkildə göstərir. 
Böyük ərəb yazıçısı və tarixçisi Circi Zeydanın "Azrau Qureyş "adlı tarixi əsərinin Mir Məhəmməd Kərim Cəfərzadə tərəfindən azərbaycan dilinə tərcüməsi 1908-ci il Kaspi mətbəəsində nəşr olunmuşdur. Əsərdə İslam xilafətinin üçüncü hakimi Xəlifə Osmanın qətli, İmam Əlinin xilafət dövrü və Osmanın qətlindən zühur edən fitnə, Cəməl və Siffin hadisələri mövzu obyektidir.
Circi Zeydanın “İslam tarixi” silsiləsinin dördüncü həlqəsi olan "On yeddi ramazan" əsərinin tərcüməsi, 1909 “Orucov qardaşları” mətbəəsində çap olunmuşdur. Əsərdə Circi Zeydan, Əli ibn əbu Talibin Əbdürrəhman ibn Mülcəm tərəfindən qətlə yetirilməsindən, Xilafət uğrunda Müaviyyə və Ömər bin Asın münaqişəsindən, hakimiyyətin necə Əməvilərin əlinə keçməsindən bəhs edilir. Əsər, Axund Mir Məhəmməd Kərim Mir Cəfərzadə Ələvi əl-Musəvi əl-Bakuyi tətrəfindən dilimizə tərcümə edilmişdir. 
Ətaullah ibn Hüsam Vaiz Hirəvinin müəllifi olduğu, Həzrət Məhəmmədin (s) nəvəsi İmam Hüseyn (ə)-ın şəhadətindən sonra cərəyan edən hadisələr və Muxtar Səqəfinin Əhli-beyt düşmənləri ilə mübarizəsindən bəhs edən “Muxtarnamə” romanının və Şərqin məşhur hekayələrindən olan "Əlibaba və qırx quldur"un azərbaycan dilinə tərcüməsi (1910-cu il, Orucovlar mətbəəsi) də bu silsilədəndir. 
Tərcümə əsərlər arasında Əliabbas Müznib tərəfindən tərcümə olunmuş əsərlər də xüsusi yerə sahibdir. XX əsrin görkəmli ziyalılarından olan şair Əliabbas Müznib bədii yaradıcılıqla yanaşı, farscadan dilimizə tərcümələr də edib. Onlardan biri  "Əlif Leyla" əsəridir ki, 1910-cu ildə "Kaspi" mətbəəsində nəşr olunmuşdur. 
Digəri, Əfqanıstan əmiri Abdulrəhman xanın qələmə aldığı “Əfqan tarixi” adlı  əsərin tərcüməsidir. Əsər ingilis dilində yazılıb, sonra fars dilinə tərcümə olunub. Əliabbas Müznib isə türk dilinə tərcümə etmişdir (1912-ci ildə Sibirdə sürgündə olarkən). Həmin tərcümə,  "Orucov qardaşları" mətbəəsində 1917-ci ildə bir neçə cilddə nəşr olunmuşdur. Əsər, əfqanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsini əks etdirir. 
“Hacı Baba İsfahaninin bioqrafiyası” əsərinin müəllifi, Fətəli Şahın dövründə Britaniya hökumətinin İrandakı siyasi agenti olmuş James Moriahdır. Mirzə Həbib İsfəhani bu əsəri fars dilinə tərcümə etmişdir. Əli Abbas Müznib tərəfindən azərbaycan dilinə tərcümə edilmiş kitab, 1913-cü il Orucov qardaşları mətbəəsində nəşr olunmuşdur. Əsərin qəhrəmanı olan Hacı Baba İsfəhaninin macəraları romanın sujet xəttini təşkil edir. Əsərdə Qacarlar dövründə İrandakı mövcud vəziyyət, gündəlik həyat hadisələri təsvir olunur. Romandakı hadisələr İranla yanaşı, Bağdad və Konstantinopolda da cərəyan edir. 
Əliabbas Müznib tərəfindən tərcümə olunmuş digər kitab, Farscadan Molla Nəsrəddinə isnad verilən lətifələrin dilimizə tərcüməsidir ki, “Molla Nəsrəddinin məzhəkəsi” adı altında 1911-ci ildə Orucov qardaşları nəşriyyatında nəşr olunmuşdur. 
Arxiv fondunda rus ədəbiyyatından dahi yazıçı Lev Tolstoyun bir neçə əsərinin XX əsrin əvvəllərində aid tərcümələri mühafizə olunur. Həmin tərcümələrdən
Qafur Rəşad Mirzəzadənin tərcüməsində “Üç sual” əsəri (1909-cu il Kaspi mətbəəsi) və “Baha oturur” adlı kiçik uşaq hekayəsi (1910-cu il, Orucov qardaşları mətbəəsi), “Allah həqiqəti görər, tez aşkar etməz” əsərinin Rəsul bəy Tahirovun və Ağahəsən Güləhmədovun qələmində iki ayrı tərcüməsi,  Sultan Məcid Qənizadə tərəfindən tərcümə olunmuş altı məclisdən ibarət “Əvvəlinci şərabçı” adlı komediya əsəri,  "İlyas", "Fransuaza", "Karini Vasilyevin sərgüzəşti" və "Fəhlə Yemliyan və boş balaban" adlı dörd hekayəsinin Səbri Qasımov tərəfindən tərcüməsi mövcuddur
Tərcümələr içərisində LopatininPetruxa neft səltənətində” əsəri xüsüsi əhəmiyyət kəsb edir. Əsərdə XX əsr Bakısının, neft məmləkətinin geniş təsviri, buradakı neft hasilatı, bu sahədə çalışan əcnəbilər haqqında məlumat öz əksini tapmışdır. Kitab, 1925-ci ildə “Bakı fəhləsi” mətbəəsində nəşr olunub. 
Rus ədəbiyyatından  N.V.Qoqolun, M. Qorkinin, A. Puşkinin, İ.Turgenyevin, A.Çexovun, N.Lyaşkonun, ABŞ ədəbiyyatından Cek Londonun, Mark Tvenin, fransız ədəbiyyatından F.Ş. Eduar Barqonun, V.Hüqonun, ingilis ədəbiyyatından U.Şekspirin əsərlərinin XIX əsrin sonları, XX əsrin əvəllərinə aid tərcümə kitabları mühafizə olunan dəyərli kitablardandır ki, əcnəbi ədəbiyyatdan bu görkəmli yazıçıların azərbaycan dilində ilk tərcümələrindən hesab olunur. 
Şərq ədəbiyyatı fondunun qiymətli elmi və bədii əsərlərlə zəngin “Arxiv fondu” un böyük tarixi əhəmiyyətə malik nadir nüsxələri haqqında müxtəsər məlumat verməyə çalışdıq. Xülasə olaraq, “Arxiv fondu” nadir elmi kitabların sayına görə, sözün əsl mənasında, Mərkəzi Elmi Kitabxananın qızıl fondudur desək, heç də səhv etmərik.