Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası MEK-də skrininq müayinə keçirib
  
2878

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) mütəxəssisləri və texniki personalı tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarına göz xəstəliklərinin profilaktikası və aşkarlanması mövzusunda mühazirə-seminar keçirib və “Göz xəstəliklərinin erkən diaqnostikası” protokolu çərçivəsində göz dibinin müayinəsi, göz təzyiqinin ölçülməsi, görmə qabiliyyətinin yoxlanılması kimi əhəmiyyət kəsb edən müayinələr aparılıb və təyinatlar verilib. Seminarda Milli Ofalmologiya Mərkəzinin Elmi məlumat tədris və təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva mərkəzin müxtəlif istiqamətlərdə fəaliyyətindən, statistikaya əsasən tez-tez rast gəlinən göz xəstəlikləri və onların profilaktikasından, risq qrupuna aid olan əhali arasında göz xəstəliklərinin qarşısının alınması və erkən diaqnostika imkanları barəsində geniş məlumat verib.
Yazgül Abdıyeva kompüter avadanlığı, müxtəlif ölçüsü və şrifti olan mətnləri və qədim kitabların tozunu başqa risq faktorları sırasında qeyd edərək müayinənin kitabxana əməkdaşları arasında ən azı ildə bir dəfə aparılmasının məqsədəuyğunluğunu əsaslandırıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Könül Feyziyeva 40 yaşından yuxarı şəxslərdə qlaukoma, katarakta və onlarıun fəsadları, buynuz qişasının patologiyası haqqında təqdimat edib.
Daha sonra MEK direktoru Leyla İmanova çıxış edərək Səhiyyə Nazirliyi sistemində olan müəssisələrin profilaktik tədbirlər çərçivəsində ən çox rast gəlinən xəstəliklər mövzusunda MEK-də skrininq müayinələri aparmasından söz açıb. Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına MEK-in müraciətinə həssaslıqla yanaşmalarına və əməli cavab verdiklərinə görə təşəkkür edib. Bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə əməkdaşlıq profilaktik müayinələr ilə yanaşı informasiya mübadiləsi istiqamətində də qurulub. Belə ki, Milli Oftalmologiya Mərkəzinin mütəxəssislərinin elmi əsərlərindən ibarət kolleksiya MEK-in Sərgi salonunda daimi ekspozisiyada nümayiş etdirilir və oxucuların istifadəsinə verilib.
Seminardan sonra kitabxana əməkdaşları “Göz xəstəliklərinin erkən diaqnostikası” protokoluna əsasən müayinə olunublar. Xatırladaq ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən skrininq müayinələr MEK-də 2015-ci ildən başlayaraq həyata keçirilir.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82




FirstPrev12NextLast