MEK biobiblioqrafik sorğu kitablarının (2015-2019) təqdimatını keçirib
  
2846

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları tərəfindən 2015-2019 illərdə hazırlanmış biobiblioqrafik sorğu kitablarının təqdimatı keçirilib.

MEK direktoru Leyla İmanova biblioqrafik sorğu kitablarını istənilən kitabxananın istehsal edə biləcəyi informasiya məhsulu kimi qiymətləndirib. O, həmçinin MEK-in Milli Rəqəmsal Yaddaş bazası, Vikipediya Sərbəst Ensiklopedik Resurslarda məqalələrin yerləşdirilməsi və redaktə edilməsi kimi xüsusi fəaliyyət sahələri haqqında danışıb.

Kitabxananın fondlarında mühafizə edilən və özündə 14 mindən artıq sənəd cəm edən ixtisas fondu kataloquna aid edilən  biblioqrafik göstəricilər haqqında MEK-in Biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, bölmə əməkdaşları Afət Məmmədova, Mahnur Həsənova, Könül Mahmudova və Türkan Vahidova məlumat veriblər. Qeyd edilib ki, MEK fondlarında Azərbaycan və rus dillərində 10000 çox biblioqrafiya var ki, onların 430-dan çoxu MEK tərəfindən hazırlanıb. Hazırda həmin biblioqrafiyalar elektron kataloqa daxil edilərək ixtisas fondunda mühafizə olunur. Bundan əlavə 2015-ci ildən etibarən tərtib edilmiş 31 biobiblioqrafik göstərici CD şəklində cildlənmiş e-resurs kimi də fonda daxil edilib.

Təqdimatçılar 2018-ci ildə işıq üzü görmüş “Şöhrət” ordenli, Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin, akademik, kimya elmləri doktoru Əjdər Məcidovun, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın, geologiya-mineralogiya elmləri doktoru, akademik, AMEA-nın sabiq prezidenti (1950-1958) Musa Əliyevin,  geologiya-mineralogiya elmləri doktoru, akademik Əhəd Yaqubovun biobiblioqrafiyalar barəsində məlumat veriblər. Tədbirdə bildirilib ki, MEK AMEA-nın institut və təşkilatları tərəfindən tərtib edilmiş biobiblioqrafiyaların redaktəsini də həyata keçirir.

MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi Azərbaycanın mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə bütün məlumatları bir araya toplamaq, arxivləşdirmək, sistemləşdirmək, rəqəmsallaşdırmaq və dünya oxucusu üçün əlçatan etməkdir. O, təqdimatın hazırlanmasında əməyi keçən MEK əməkdaşlarına, AMEA-nın institut və müəssisələrinə təşəkkür edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxana-informasiya işi üzrə müəllimi Kəmalə Məmmədova biblioqrafik sorğu kitablarının hazırlanmasında rast gəlinən problemlərdən danışıb. Bildirib ki, MEK-də biblioqrafiya komandası peşəkar şəkildə fəaliyyət göstərir. Bundan əlavə o, MEK-in biblioqrafik fəaliyyətinin tədris prosesinə cəlb olunması ilə bağlı təkliflər də səsləndirib. AMEA Geologiya və Geofizika, İnformasiya Texnologiyaları institutlarının əməkdaşları Əbülfət İmanov, Nailə Nağıyeva, Adil Əliyev, Rahid Rəhmanov, Leyla Ələkbərova da çıxış edərək MEK tərəfindən keçirilən təqdimat, hazırlanmış kitablarla bağlı fikirlərini bildiriblər.

 

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82

FirstPrev12NextLast