Azərbaycanda “Oxu günü” keçiriləcək
  
2833

Təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

Əmrə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

Əmrdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur. Bununla əlaqədar “Oxu günü” çərçivəsində tədbirlərə aprelin əvvəlindən başlamaq və bu tədbirləri aprelin 23-də keçiriləcək “Oxu günü” ilə yekunlaşdırmaq daha məqsədəuyğun hesab edilir.

“Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılacaq, məktəblərdə seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil ediləcək. Şagirdlərin iştirakı ilə məktəblərdə ədəbi-bədii gecələr, qiraət axşamları və poeziya saatlarının keçirilməsi, Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi, məktəblərdə “Oxu günü” nə həsr olunmuş sinif divar qəzetləri və bülletenlərin xüsusi nömrələrinin buraxılması, şagirdlərin rəsmlərindən ibarət sərginin təşkili də nəzərdə tutulur.

Əmrdə həmçinin aprel ayında anadan olmuş Azərbaycanın klassik və müasir ədəbiyyat nümayəndələrinin (Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Mir Cəlal Paşayev, Çingiz Abdullayev) məktəblərdə anım günlərinin keçirilməsi, onların həyat və yaradıcılığı haqqında şagirdlərə zəruri məlumatlarının verilməsi öz əksini tapıb.

Ölkə Prezidentinin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar məktəblərdə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş toplantılar və onun əsərlərindən ibarət “Poeziya günü” təşkil olunacaq. Azərbaycanın tanınmış yazıçıları, ədəbiyyatşünas alimləri ilə görüşlər və xatirə gecələri keçiriləcək.