MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: "Qafqaz xalqlarının tarixi haqqında qiymətli mənbə"
  

                                                                              Qafqaz xalqlarının tarixi haqqında qiymətli mənbə


   Qafqaz dünya sivilizasiyasının ən qədim ocaqlarından biridir. Qafqaz hələ qədimdən tez-tez Asiyadan-Avropaya, Avropadan-Asiyaya geostrateji körpü kimi istifadə olunan bölgədir. Burada əsas dünya dinləri: xristianlıq, islam, iudaizm mövcuddur. Qafqazda xalqlar feodal aristokrat konstuksiya ilə (Azərbaycan türkləri, gürcülər, osetinlər, kabardin, çərkəzlər) patriarxal qəbilə cəmiyyəti (çeçenlər, inquşlar) qonşu yaşamışlar. Qafqaz dünyanın ən iri fiziki-coğrafi, zəngin tarixi-mədəni və etnoqrafik arealına daxildir. Qafqaz sözünə ilk dəfə qədim yunan dramaturqu Esxilin (e.ə 500-ci ilə yaxın) “Zəncirlənmiş Prometey” adlı faciəsində rast gəlirik. Ranke-Qraves öz yunan mifologiyasında deyir ki, Qafqaz adı, ehtimal ki, yunan sözü olaraq “Kaukazos” sözündən yaranmışdır. Bu da “Allahlar taxtı” deməkdir. Qafqazın müasir relyefinin 10 milyon il bundan əvvəl formalaşmağa başladığı, qərbdən Qara və Azov dənizləri, şərqdən Xəzər dənizi, şimaldan Rusiya, cənubdan Türkiyə və İranla hüdudlandığı, ümumi sahəsinin 440 min kv.km. bərabər olduğu qeyd edilir. Baş Qafqaz sıra dağları onun arealını iki yerə bölür: Şimali Qafqaz (254, 3 min kv. km.) və Cənubi Qafqaz (186,4 min kv. km.).Qafqazda etnik və dil tərkibinin son dərəcə mürəkkəb olduğu, burada 50-dən çox xalq və onun nümayəndəsinin yaşadığı göstərilir və onlar dillər ailəsinə bölünür: Altay, İber-Qafqaz və Hind-Avropa. Ermənilər isə XIX əsrin əvvəlində Türkiyə və İrandan Qafqaza miqrasiya edilmişdir.
Qafqaz xalqları həmişə narahat yaşamışlar. Bölgə heç zaman xarici və daxili baxımdan sakit olmamışdır, əsrlər boyu öz ideyaları və ənənələrinin müdafiəsinə qalxmışdır. Qafqaz öz zəngin təbii ehtiyatları ilə zaman-zaman xarici işğalçıların diqqətini cəlb etmişdir. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə tarixi Azərbaycan torpaqları Qacarlar İranı və çar Rusiyası arasında ikiyə parçalandı və Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoyuldu. Bununla təkcə Azərbaycanın deyil, bütün Qafqazın ictimai-siyasi həyatında bir çevriliş oldu. Bu dövrü araşdıran tədqiqatçılar üçün ən gözəl mənbə Qafqaz Arxeoqrafiya Komissiyası tərəfindən 1866-1904 - cü illər arasında 12 cilddən (6-cı cild iki kitabda) ibarət nəşr olunmuş “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” (“
Акты собранные Кавказскою Археографическою Коммиссиею» (АКАК) çoxcildliyidir. Komissiyanın sədri məşhur rus tarixçi-şərqşünası, qafqazşünas Adolf Petroviç Berje olmuşdur. Aktların 10 cildi (1866-1886) Berjenin, 11-ci cild (1886-1892) Berjenin vəfatından sonra komissiyanın sədri olmuş Dmitri Arkadyeviç Kobyakovun, sonuncu 12-ci cild (1904) isə E.Q.Veydenbaumun redaktorluğu ilə nəşr olunmuşdur. Aktların əsas tərtibçi və tərcüməçilərindən biri M.F.Axundov olmuşdur. Aktların 5 cildi üçün 700 səhifəlik  material tərcümə etmiş, materialların toplanmasında, nəşr edilməsində Berjenin ən yaxın köməkçisi və məsləhətçisi olmuşdur.
 Azərbaycan tarixinə dair geniş miqyaslı rəsmi arxiv sənədləri ilk dəfə burada dərc edilmişdir. Burada zəngin arxiv materialları əsasında Qafqazın ictimai-siyasi həyatı, Qafqazda gedən müharibələr, Rusiyanın rəsmi dairələrinin Qafqazın yerli hökmdarları ilə yazışmaları (məs.Sisiyanovun Gəncə hökmdarı Cavad xana məşhur məktubu), habelə Türkiyə, İran və Rusiyanın Qafqazla ictimai-siyasi münasibətləri, Azərbaycan xanlarının bütün fərman və məktublarının orijinalı və rus dilinə tərcüməsi və s. çox qiymətli məlumatlar verilmişdir. Qafqaz və Azərbaycan tarixi ilə maraqlanan tədqiqatçılar, tarix üzrə təhsil alan tələbələr üçün əvəzsiz mənbə:

    «Акты собранные Кавказскою Археографическою Коммиссиею» (АКАК)

     12 cild. 1866-1904.