MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: "ORUCOV QARDAŞLARI"
  

ORUCOV QARDAŞLARI

         XX əsrin əvvəllərində elm və mədəniyyət cəbhəsinə atılmış yüzlərlə maarifçi ziyalılardan olan Oruc, Qənbər və Abuzər Orucov qardaşları qədim tarixə malik olan Bərdənin Alpout kəndində dünyaya göz açmış, hər üçü uşaqlıq və gənclik illərini bu kənddə keçirmişlər. Qardaşların böyüyü Oruc Orucov Qori müəllimlər seminariyasını və Gəncə şəhərində sənət məktəbini bitirmişdir. Ötən əsrin 10-cu illərində mətbuatda publisist, ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. O biri qardaşların da rus, ərəb və fars dillərini bilmələri, mətbəə-nəşriyyat işində fəal çalışmaları ailə ənənələrinə uyğun olaraq xüsusi təhsil almalarından, bilik və bacarıqlarından xəbər verir. Kifayət qədər savada malik olan Orucov qardaşları XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişlər. Orucov qardaşları ata-babalarından qalma mülkü və əmlakı satmaqla əldə etdikləri vəsait hesabına çox xeyirli addım ataraq mətbəə avadanlığı almış və geniş nəşriyyat fəaliyyətinə başlamışlar. Orucov qardaşlarının mətbəəsi öz dövrünə görə yüksək texniki avadanlıqla təchiz edilmişdi. Burada “Mille” markalı şrifti özüyığan maşın, “Frangental”, “Arzburq”, “Amerikanka” markalı çap maşınları, kağız tikən maşınlar da var idi. Bunların əksəriyyəti Almaniyadan gətirilmişdi. Naşir qardaşlar Azərbaycan, Rus, Avropa və Şərq xalqları ədəbiyyatından bir çox qiymətli kitabları ilk dəfə çap edərək onları oxucularımıza çatdırmışlar. Azərbaycan yazıçılarından A.Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyov və başqa klassiklərin onlarca əsərləri bu mətbəədə işıq üzü görmüşdür. Onlarca kitabları nəşr etməklə ədəbiyyatımızı zənginləşdirmişlər. XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən çox saylı mətbəələr arasında Orucov qardaşlarının mətbəə nəşriyyatı diqqəti daha çox cəlb edir. Milli kitab xəzinəmizin zənginləşdirilməsində və çap mədəniyyətinin inkişafında həmin mətbəənin xidmətləri əvəzsiz olmuşdur. Bakıda azərbaycanlılara məxsus ən iri çap bazası və texniki avadanlığı olan bu mətbəə əsasında sonralar Orucov qardaşlarının nəşriyyatı yaradılmışdır. Bu da Azərbaycan mədəniyyəti tarixində ilk nəşriyyat hesab edilir. Orucov qardaşlarının nəşr etdikləri kitabların satışı ilə məşğul olan xüsusi mağazaları və Qafqazın iri yaşayış məntəqələrində xüsusi vəkilləri vardı. Abuzər Orucovun doğma nəvəsi, sənətşünaslıq doktoru Kübra Əliyeva yazır: “...Abuzər və böyük qardaşı Oruc Tiflisdə, sonralar isə Peterburqda təhsil almışlar. Dövrün təhsilli, savadlı və hörmətli adamları olmuşlar. Rus, fars və ərəb dillərini gözəl bilib, ağıllı, tədbirli və əsrin əvvəllərində nəinki Azərbaycanda, bütün Qafqazda sayılan şəxslərdən olmuşlar. Oruc və Abuzər əsrin əvvəllərində Bakıda böyük mətbəə təşkil edib, çap işinə başlamışlar. Mətbəənin bütün işlərini yalnız A.Orucov aparırdı. Çap olunan kitabların, rayonlarda yerləşən mağazalarda satışına Qənbər Orucov rəhbərlik edirdi”. “Bakı və bakılılar” kitabında Orucov qardaşlarının fəaliyyətinə xüsusi yer ayıran qocaman ədibimiz Qılman İlkinin yazdığına görə Orucov qardaşlarının mətbəə və nəşriyyatı ilkin olaraq Tağıyevin qız məktəbinin zirzəmisində yerləşirdi. Xalqımızın maarifçi ziyalılar dəstəsinə mənsub olan Orucov qardaşları M.Ə.Rəsulzadə, M.Ə.Sabir, N.Nərimanov, D.Bünyadzadə, P.Axundov, Ü.Hacıbəyov və başqa görkəmli şəxslərlə dostluq və yaxınlıq edirdilər. N.Nərimanov A.Orucovun ailəsinin səhhətini himayə edən ev həkimi olmuşdur. Mətbuat tariximizdə parlaq səhifə açan maarifpərvər ziyalılardan olan Orucov qardaşlarının həyat və fəaliyyətləri acınacaqlı və faciəli sonluqla başa çatmışdır. Abuzər Orucovun nəvəsi Ofelya xanım Əliyeva deyir ki, babam repressiya qurbanı olmuş, sürgündən qayıtmamışdır. Sonralar bir çoxları kimi ona da bəraət vermişdilər. Lakin onun qəbri belə vətəndə yoxdur. Rus imperiyasının qadağalarına baxmayaraq onların adları tarix və ədəbiyyat kitablarında hər cür yad edilmişdir. Tədqiqatçı alimlər Orucov qardaşlarına həsr edilmiş monoqrafiyalar, dissertasiyalar, elmi məqalələr yazmışdır.

     Çox təəssüf ki, Orucov qardaşlarının nəşriyyatında çap olunan kitabların çox az qismi günümüzə qədər gəlib çatmışdır. AMEA MEK-in fondunda 200-ə yaxın o kitablardan mühafizə olunur. Bəzi nümunələri oxucularımızın nəzərinə çatdırmaqla Azərbaycanda yaranmış ilk nəşriyyatın fəaliyyəti haqqında müəyyən təsəvvür yaratmaq istədik.


 1. Ü. Hacıbəyli, Leyli və Məcnun. Ilsiz

 2.  A.O.Çernyayevski, İbtidai siniflər üçün türk dilində dərslik. 1901il

 3. Belçika. Rus dilindən tərcümə edilmiş bu kitabda Belçikanın XIX əsrdə tarixi, siyasi vəziyyəti haqqında  məlumat verilir. 1914 il

 4. С.М.Ганиев,  Самоучитель татарского языка. В 4-х частях. 1912 il

 5. N.Nərimanov, Şamdan bəy. 1913 il

 6. Ə.Qasımov. Şəbi-hicran yaxud vüsibətiadi. Povest. 1912 il 

 7. C.Yusifzadə,  Fərhad və Şirin. 1911 il

 8. Q.R.Mirzəzadə,  Qafqaz coğrafiyası. (18 dərs kitabından ibarət). 1910 il

 9.  A. Şaiq,Murad. Hekayə. 1913 il

10. Kitabi bəsirət və Siracül-əfkar. 1911 il

11. Kəşkül nəğmələri. 1917 il

12. Firəngistan. 1915 il

13. H. Zeynallı, Namus. 1914 il

14. Ü.Hacıbəyli, Əsli və Kərəm. 1914 il

15. Ü. Hacıbəyli, Arşın mal alan. 1918 il

16.Y.V. Çəmənzəminli,  Cənnətin qəbzi. 1913 il

17. Ə.Haqverdiyev,  Ağa Məhəmməd şah Qacar. 9 pərdəli pyes. 1912 il

18. N.Vəzirov, vay şələküm məəlləküm. 1911 il

19.Mir-Ağa Mirmöhzünzadə, Mir-Ağa. Uşaqlara hədiyyə. Şeirlər. 1911 il

20. М.Алибеков,  Горькие слезы у дверей правосудия. 1914 il

21. A.Ərdəbili,  Komediya. 4 məclisdə. 1912. il

22. Ə. Hadizadə, Şəriət kitabı. 1327 il (hicri)