MEK-ə tarixçi İradə Hüseynovanın kitabları daxil olub
  
2406

AMEA Mərkəzi Elmi Kitabxanasına tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Qafqaz Xalqları Tarixinin şöbə müdiri, İradə Hüseynovanın “Heydər Əliyev və Qafqazda sülh prosesi”, "Qafqaz xalqlarının tarixi", "Qafqazın tarix ensiklopediyası" kitabları daxil olub. 
Qafqazşünaslıqda və Vətən tarixşünaslığında ilk təcrübə olan bu dərslikdə ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətində müstəsna əhəmiyyətli yer tutan bir tarixi problem- dünya sivilizasiyasının nadir məskəni sayılan Qafqazda sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olması, davamlı sülhün təmin edilməsi uğrunda apardığı siyasət, həyata keçirdiyi tədbirlər, ideya müəllifi olduğu “Ümumi Qafqaz evi” sülh strategiyası elmi cəhətdən sistemli təhlil olunmuş, “Vətəndə sülh, bölgədə sülh” siyasətinin müasir mərhələdə uğurla davam və inkişaf etdirilməsi problemləri kompleks şəkildə araşdırılmışdır. Dərslik uzun illər təcrübədə uğurla sınaqdan çıxmış “Heydər Əliyev və Qafqazda sülh prosesi” tədris proqramı əsasında hazırlanmışdır. Əsər Qafqazda sülh və inteqrasiya proseslərində Azərbaycanın yeri və rolunu özündə təcəssüm etdirən, 1993-cü ildən bəri regionda cərəyan edən hadisələrin obyektiv, hərtərəfli və ümumiləşdirilmiş şəkildə təhlilini verən ilk təcrübədir. Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amillər, iqtisadi, mədəni inteqrasiya, “Əsrin müqaviləsi” və burada sülh problemi, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri bölgədə təhlükəsizliyin, sülhün, sabitliyin təminatı kimi dəyərləndirilmişdir. Digər tərəfdən, geniş ictimaiyyətin mühakiməsinə təqdim olunan bu sanballı dərslik İradə Hüseynovanın ulu öndərin siyasi və dövlətçilik fəaliyyətinin kompleks araşdırılması istiqamətində apardığı uzunmüddətli, ardıcıl və səmərəli axtarışlarının ayrılmaz tərkib hissəsi kimi vətən tarixşünaslığına təqdim olunmuşdur. 
Digər nəşr "Qafqaz xalqlarının tarixi" (qədim dövrlərdən zəmanəmizə qədər) adlı 1248 səhifədən ibarət irihəcmli dərslik oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında, bir-birini əvəzləyən nəsillər silsiləsində bu xalqların yerini və rolunu aydınlaşdırmaq istəyən hər kəsə kömək edəcək. Müəllif vurğulayır ki, dünyanın mədəniyyət, elm və təhsil xəzinəsinə sanballı töhfə vermiş Qafqaz xalqlarının nailiyyətləri, ilk növbədə, onların öz səylərinin bəhrəsidir. Kitabda Qafqaz regionunda baş verən hadisələr və faktlar sistemləşdirilib, kompleks və əsaslandırılmış şəkildə obyektiv şərh edilib. Akademik tərzdə yazılmış əsərdə lüzumsuz ideologiyalaşdırmaya, ehkamçılığa və mifləşdirməyə yol verilməyib. 
İradə Hüseynovanın "Qafqazın tarix ensiklopediyası" kitabı Qafqaz xalqlarının etno-siyasi, sosial-iqtisadi və mədəni inkişafı kontekstində hazırlanmışdır. Bu nəşr bütövlükdə cəmiyyətşünaslıq və mədəniyyətşünaslıq materiallarından, Qafqaz xalqlarının tarixi, mədəniyyəti, ənənələri, iqtisadi inkişafı, məişəti, dünya baxışları, mədəni irsi və folkloru ilə bağlı mühüm tədqiqatları özündə cəmləşdirmişdir. Kitab dünya geosiyasətində Qafqazın etno-tarixi rolunun dərindən dərk edilməsinə yönəlmişdir. Kitabın funksional strukturu və məzmunu Qafqaz sosiumunun tarixi ümumiliyini və bənzərsiz xüsusiyyətlərini konseptual mövqedən göstərməyə imkan verir. Ensiklopediyada həmçinin, Azərbaycanda mədəniyyətin, elmin, təhsilin inkişafı üçün böyük səy göstərən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə mühüm yer ayrılmışdır.  
Qeyd edək ki, adı çəkilən kitablar  kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən  “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılmasıı" adlı layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82

 


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82