MEK-ə “Birlik” jurnalının növbəti sayı daxil olub
  
2381

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin mətbu orqanı olan “Birlik” jurnalının növbəti sayı daxil olub.

Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş jurnalın üz səhifəsində Nuru Paşanın rəsmi verilib. Jurnalın ilk səhifəsi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun ölkə prezidenti cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqalə ilə başlayır.

Jurnalda Qafqaz İslam Ordusunun 100 illiyi münasibətilə AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlının “Milli istiqlalımızın gerçəkləşdiyi tarix” adlı məqaləsi də verilib. Məqalədə 1918-ci ildə baş verən hadisələr, 15 sentyabrda Nuru Paşanın komandanlığı ilə Bakının erməni–daşnaq işğalından azad olunması və bu zaman Nuru Paşanın göstərdiyi şücaət, eləcə də Nuru Paşanın İkinci Dünya müharibəsi zamanı azərbaycanlı əsirləri faşizm zülmündən xilas etməsi haqqında məlumatlar əks olunub.

Mətbu orqanın yeni nömrəsində həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən yazılar, o cümlədən jurnalın yaradıcı heyətinin və digər Azərbaycanlı nümayəndələrin iştirak etdiyi, ənənəvi olaraq hər il Macarıstanda keçirilən VI Hun-Türk Qurultayı haqqında geniş reportaj da yer alıb.

Qeyd edək ki, “Tanrı Türkə yar olsun!”” şüarı ilə nəşr olunan "Birlik" jurnalının ilk sayı 2008-ci ilin iyun ayında işıq üzü görüb. 2008-2009-cu illərdə "Birlik" jurnalının Baş redaktoru Salman Vilayətoğlu olub. Hazırda isə jurnalın Baş redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü jurnalist İlqar İlkindir.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82