MEK Dövlət Bayrağı gününə həsr olunmuş sərgi təşkil edib
  
2306

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyi münasibətilə sərgi açılıb. Sərgidə kitabxananın fondlarında qorunan “Bayrağımız sarsılmaz” (Ü.Hacıbəyli), “Milli birlik” (M.Ə.Rəsulzadə), “Dövlət bayrağına münasibət qaydası” (Ə.Əhmədov), “Milli-mənəvi dəyərimiz” (A.Həsənov), “Fəthin yolu”, “Азербайджанская Республика 100”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri” (İ.Əliyev, E.Məhərrəmov) və digər kitablar nümayiş olunur. Sərgidəki kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda əks olunaraq MRY bazasında yerləşdirilib. Sərgi noyabr ayının 16-dək davam edəcək.
Qeyd edək ki, MEK Azərbaycan üçün önəmli günləri, tarixi şəxsiyyətləri, onların yubileylərini diqqətdə saxlayır, bu yöndə müntəzəm olaraq sərgilər, tədbirlər təşkil edir. 2018-ci ildə MEK Azərbaycan Milli Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin, Mart faciəsinin 100 illiyi, Ümummilli lider Heydər Əliyevin və oftalmoloq alim Zərifə Əliyevanın 95 illiyi, eləcə də Mikayıl Müşfiqin 110 illiyi ilə bağlı və s. mövzularda sərgilər təşkil edib.
Dövlət Bayrağı Azərbaycan Respublikasının rəmzlərindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin ilin iyun ayının 21-də hökumət bayraq haqqında qərar qəbul etdi. O zaman bayraq qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş olaraq təsdiq edildi. 9 noyabr 1918-ci ildə isə üçrəngli bayraq haqqında qərar qəbul edildi və Nazirlər Şurası bayrağımızı üçrəngli (mavi, qırmızı, yaşıl) formatda təsdiqlədi. Müasir dövrdə 5 fevral 1991-ci ildə üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunmağa başladı.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82




FirstPrev12NextLast