MEK-də Elm Tarixi İnstitutu tərəfindən təqdimat mərasimi keçirilib
  
2236

AMEA-nın Elm Tarix İnstitutu AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə təbiətşünaslığın tarixinə dair oçerklərin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  Elm Tarixi İnstitutunun fəaliyyətə başladığı qısa dövr ərzində ərsəyə gətirdiyi oçerklərin Azərbaycanda elm tarixi sahəsinin inkişafı üçün böyük töfhə verdiyini qeyd etdi. Alim təqdim olunan oçerklərin Azərbaycanda təbiətşünaslığın tarixinə dair ilk mühüm tədqiqatlar olduğunu vurğuladı.
Daha sonra çıxış edən Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli oçerklərin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Təbiətşünaslığın tarixinə dair oçerklərin hazırlanması” haqqında 2016-cı il 30 dekabr tarixli sərəncamına əsasən hazırlandığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov oçerklərin istər elmin inkişafında, istərsə də elmin populyarlaşdırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd etdilər.
Nəşrlərin elmi rəhbəri akademik Akif Əlizadə, “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli, rəyçiləri Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.