Xalça Muzeyi Beynəlxalq simpozium keçirəcək
  
2205

Xalça Muzeyi 2018-ci ilin 25-27 oktyabr tarixlərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumunu keçirəcək. Simpoziumun təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Bu mötəbər beynəlxalq foruma Amerika, Avropa və Asiya ölkələrindən keçə sənəti üzrə dünya şöhrətli mütəxəssislər - sənətşünaslar, rəssamlar, moda sənayesi xadimləri qatılacaqlar. Onların arasında öz əsərlərini Osmanlı keçə texnikasında təqdim edəcək Türkiyəli Mehmet və Tereza Girgiçlər də olacaq. Onlar, eyni zamanda bu texnika üzrə ustad dərslər kecəcəklər.
Osmanlı texnikası özündə parça səth (bir qayda olaraq ipək) üzərinə keçə ornamentlərinin tətbiqini birləşdirir. Bu, mürəkkəb, fakturalı səthə malik məmulatlar yaratmağa imkan verir və həm də teksturaların müxtəlifliyi çox böyük olur. Bu halda rəng məmulatın tərtibatının bir elementi kimi ön plana çıxmayaraq fakturanı tamamlayır.
Mehmet və Tereza Girgiçin əsərlərinin əsasını yaradıcı surətdə işlənilmiş Böyük İpək Yolunun ənənəvi tikmələri təşkil edir. Girgiç keçə sənətinin ənənəvi tərəflərini digər sənət növləri ilə birləşdirərək keçə sənətinə təkcə gələcək həyat deyil, həm də yeni inkişaf yolları da yaratmaqla tanınır.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) informasiya dəstəyi verdiyi simpozium zamanı MEK fondlarında mühafizə edilən xalçaçılıq sənətinə dair sənədlərin iştirakçıların istifadəsinə verilməsi, Xalça Muzeyi və MEK-də mühafizə olunan mənbələr barədə tanıdıcı rəqəmsal təqdimat və kitab sərgisi nümayişi nəzərdə tutulur. MEK tərəfindən sərgidə nümayiş etdiriləcək kitablar sırasında Azərbaycan, ingilis, rus dillərində olan  “Xalça sənətində naxış yaddaşı”, “Azərbaycan xalçaçılığının texnoloji üsulları”, “Xalçaçılıq texnologiyası”, “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları”, “Azərbaycan Qazax xalçaçılıq məktəbi”, “Azərbaycan dilində xalçaçılıq leksikası”, “Gazakh carpet weaving school of Azerbaijan”, “The Anthology of fine arts of Uzbekistan”, “Azerbaijan decoration”, “Национальный костюм народов Кавказа в творчестве художника – литографа К.П.Беггрова”, “Батик и его использование в моделировании одежды” və s. kimi Azərbaycan xalça sənətinə və xalçaçılıq tarixinə həsr olunmuş dəyərli tədqiqat əsərləri var.

 İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82