MEK-də “AXC-100. İstanbul – Bakı: toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirilib
  
2154

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tədqiqatçı jurnalist Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirib. Təqdimat Türkiyə arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid araşdırmaların əsasında hazırlanıb. Dilqəm Əhməd tədbirin əhəmiyyətinə toxunaraq bu mövzuda sərgilərin təşkilinin ənənəvi hal aldığını, müxtəlif yerlərdə keçirildiyini qeyd edib. Tədqiqatçı MEK-ə sərginin nümayiş etdirilməsində təşkilati dəstəyə görə təşəkkürünü bildirib. O, sərginin məqsəd və məramı, nümayiş etdirilən əsərlər, onların mövzusu və mahiyyəti haqqında geniş məlumat verib.
Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin Polşadan göndərdiyi 3 açıqca, 5 ədəd orjinal fotoşəkil, öz imzası ilə “Nizami” kitabı, cənazə mərasimi ilə bağlı dəfn albomu, Azərbaycan Xalq Cümhuriyyətinin ilk gerbi, Əhməd bəy Ağaoğlunun Maltada yazdığı gündəlik və fotoalbom, Azərbaycan mühacirət dönəminə aid kiçik bayraqlar, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə və Mustafa Vəkiloğluna aid məktub və foto şəkillər, Cümhuriyyət və mühacirət tarixinə aid nadir materiallar nümayiş olunub.
Məlumat üçün bildirək ki, AMEA Mərkəzi Elmi Kitabxanası Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixili “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamın icrasından irəli gələrək müxtəlif tədbirlər həyata keçirib. 2018-ci ildə MEK əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şamaxıdakı türk şəhidliyini ziyarət edib və ağacəkmə aksiyası keçirib, Türkiyədə AXC-yə aid qiymətli arxiv sənədləri araşdırmaçı Əfqan Vəliyev tərəfindən MEK-ə təqdim edilib. MEK könüllülərinin də dəstəyi ilə vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı” çərçivəsində 500-dən çox məqalə yaradılıb, redaktə edilib. Mərkəzi Elmi Kitabxana eyni zamanda, “Azərbaycan Xalq Cümhuriyyəti - 100 işığında Azərbaycan Silahlı Qüvvələri günü” informasiya blokuna MEK-in töhfəsi”, Bakı şəhərindəki orta məktəblər arasında “Vətənim Azərbaycan” mövzusunda şeir qiraəti müsabiqəsi, “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” kimi tədbirlər keçirib, həmçinin Bakının 15 sentyabr 1918-ci ildə  işğaldan azad edilməsi münasibətilə sərgi təşkil edib. Xatirladaq ki, kitabxana fondlarında AXC-yə aid olan sənədlər elektron kataloqa salınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82