MEK Bakı şəhərinin azad olunmasının 100 illiyi ilə bağlı sərgi təşkil edib
  
2146

Sentyabrın 15-i Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakı şəhərini bolşevik-daşnak işğalından azad etməsindən 100 il ötür. 1918-ci il sentyabrın 15-də həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda Bakı şəhərinin bolşevik-daşnak işğalından azad olunmasının və paytaxt elan edilməsinin 100 illiyi münasibətilə sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə edilən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Nuru Paşa”, “Azərbaycan-Türkiyə münasibətləri”, “Qafqazın imdadına çatan türkün könül nəğmələri”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “1926-cı il I Bakı Türkoloji Qurultayı”, “Bakı qəhrəman şəhərdir”, “Bakı İslam mədəniyyətinin paytaxtıdır”, “Bakı - tarixin səhifələri”, “Bakının memarlıq ensiklopediyası”, “Bakı simfoniyası” və s. kitablar, fotoalbomlar və sənədlər nümayiş olunur. Sərgi sentyabrın 30-dək davam edəcək.
Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82


FirstPrev12NextLast