MEK-ə “Mədəniyyət” qəzetinin “Cümhuriyyət 100” adlı xüsusi buraxılışı daxil olub
  
2112

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetinin “Cümhuriyyət 100” adlı xüsusi buraxılışı daxil olub.
“Cümhuriyyət 100” xüsusi buraxılışında dövlətçilik tariximizin bu şanlı səhifəsinin zəngin irsi, 1918-1920-ci illərdə milli dövlət quruculuğunda əldə olunan nailiyyətlər, o dövrün mədəni irsimizə verdiyi töhfələr, eləcə də Mədəniyyət Nazirliyinin Cümhuriyyətin yubileyi ilə bağlı həyata keçirdiyi bir sıra layihə və tədbirlər əksini tapıb.
Xüsusi buraxılışda Cümhuriyyət Parlamentində asılan və 27 aprel 1920-ci il tarixində oradan götürülən, Cümhuriyyətin tanınmış simalarından Mirzəbala Məmmədzadə tərəfindən gizli olaraq saxlanılan, sonra Türkiyəyə aparılan üçrəngli dövlət bayrağımızın vətənə qaytarılmasından, Cümhuriyyətin diplomatik irsinə dair sənədlərdən bəhs edən məqalələr, eləcə də Azərbaycan İstiqlal Muzeyində “Cümhuriyyət” zalının və Qafqaz İslam Ordusuna həsr olunan sərginin, Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti - 100” sərgisinin açılışı işıqlandırılıb.
“Cümhuriyyətin tarixi və simaları ekranda” adlı yazıda sovet dövrü kinolentlərindəki tarixi məqamlara ekskurs edilməklə yanaşı, müstəqillik dövründə bu mövzuda çəkilən filmlərdən, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodüseri olduğu “Əli və Nino” bədii (2015), Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Əbədi ezamiyyət” (2016) və “Son iclas” (2018) sənədli-bədii filmləri, Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında istehsal olunan “Cümhuriyyət tələbələri” sənədli filmi və s. nümunələrdən bəhs edilib.
Bundan əlavə, xüsusi buraxılışda 1918-1920-ci illər tariximizin ayrı-ayrı səhifələri – Cümhuriyyətin elanı, Milli Şura və Cümhuriyyət Parlamenti, Milli Ordunun yaranması, Bakının işğaldan azad edilməsi, Cümhuriyyətin hökumətləri, milli dövlətimizin xarici siyasəti, Cümhuriyyətin süqutu barədə yazılar, habelə o dövrün ictimai-mədəni mənzərəsi haqqında “Musiqi mədəniyyətimiz Cümhuriyyət dövründə”, “Cümhuriyyət dövrünün teatr həyatı”, “İstiqlal düşüncəsinin formalaşmasında milli mətbuatın rolu”, “Cümhuriyyət dövründə kitabxana və muzey işi”, “İlk istiqlal dövrümüzün ədəbi salnaməsi” və s. başlıqlı məqalələr dərc olunub.
“Cümhuriyyət mövzusu təsviri sənətimizdə”, “Qərib məzarlar” (Cümhuriyyət qurucularının əbədi məkanlarına ziyarət), “Cümhuriyyətin mirası – dövlət simvollarımız” kimi yazılarda tariximizin şanlı salnaməsini yaradanlara dərin ehtiram hissi ifadə olunmaqla yanaşı, bugünkü müstəqil Azərbaycan dövlətinin onların xatirəsinə ucaldılmış ən böyük abidə olduğu vurğulanır. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” – ulu öndər Heydər Əliyevin bu tarixi sözləri “Cümhuriyyət 100” xüsusi buraxılışının ümumi leytmotivini əks etdirir.


İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82

 

FirstPrev12NextLast