Türkiyənin
Kastamonu Universitetinin tələbələri AMEA
Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Tələbələri BDU-nun Kitabxanaçılıq-informasiya
fakültəsinin dekanı Azad Qurbanov müşayiət edib. Bundan başqa Türkiyə və
Amerikada yüksək təhsil göstəriciləri ilə tanınan azərbaycanlı Günel və
Xeyrənsə Musayeva bacıları da MEK-də ekskursiyada olublar.
Qonaqlar MEK-in qeydiyyat bölməsindən ekskursiyaya başlayaraq kitabxananın
Sərgi salonunda “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”,
“İlham Əliyev”, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş
etdirilən sərgilərlə, eləcə də Akademiklər zalında yerləşən Diplomatik fondla və MEK-in digər informasiya təminatlı
məkanları ilə tanış olublar. Ziyarətçilər MEK-in tarixi, iş prinsipləri,
təcrübəsi ilə bağlı geniş məlumat alıblar, onların kitabxana ilə bağlı sualları
cavablandırılıb, fikir mübadiləsi aparılıb. Ziyarətçilərə MEK-in Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirdiyi Milli Rəqəmsal
Yaddaş layihəsi çərçivəsində görülmüş işlər bəradə də məlumat verilib.
Məlumat üçün bildirək ki, 2012-ci ildə Azərbaycanda qızıl medalla, Türkiyənin Bahçeşehir
Universitetində birincilik və üçünçülüklə məzun olan bacılar Amerikanın ən
yaxşı araşdırma universiteti olan Syracuse Universitetində Maliyyə bölümündə
oxuyublar. Eyni zamanda, Bahçeşehir Universitetindən birinciliklə məzun olan
Günel Musayeva “Qızıl Beyin” fəxri adı ilə də təltif edilib.
İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82