MEK “525-ci qəzet” və “Olaylar” qəzetləri ilə müəllif müqaviləsi imzalayıb
  
2055

16 iyulda AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “525-ci qəzet” və “Olaylar” qəzetinin redaktorları ilə görüş keçirilib. Görüşün məqsədi MEK-in mətbuat fondunun zənginləşdirilməsini ənənəyə çevirmək, bu prosesin aparıcı media tərəfindən ictimailəşdirilməsini təmin etmək, əməkdaşlıq məsələlərini müzakirə etmək olub.
MEK direktoru Leyla İmanova kitabxananın fəaliyyəti, strateji hədəfləri, 2017-2018-ci il nəticələri barədə məlumat verib. Qeyd edib ki, bu müddət ərzində kitabxana bir sıra önəmli layihələr reallaşdırıb, çoxsaylı təşəbbüslər həyata keçirib. L.İmanova Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilməsi prosesinin həyata keçirildiyini bildirib. Bununla bağlı ilk addımın “Yeni Azərbaycan” qəzeti ilə reallaşdırıldığını deyən MEK direktoru o cümlədən  “İki sahil”, “Azərbaycan” qəzetləri ilə bağlanan müqavilələr, görülən işlər və BDU Jurnalistika fakültəsi ilə imzalanan əməkdaşlıq memorandumundan söz açıb. MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaşın əhəmiyyətindən danışan direktor bazanın yaratdığı imkan vasitəsi ilə bütün mətbu orqanlara informasiya təminatı verilməsindən bəhs edib. L.İmanova MEK tərəfindən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirildiyini bildirib. MEK direktoru “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı MEK-in 2017-ci ildə irəli sürdüyü təklifi bir daha səsləndirib. “Biz təklif edirik ki, Azərbaycanda nəşriyyatların vahid portalı yaradılsın və müəllifin iştirakı ilə portalda kitabın biblioqrafik təsvirləri əks olunsun. Kitabxanaçılar da o portala çıxışdan istifadə edərək məlumatları əldə edə bilsinlər” – deyə direktor bildirib.
MEK-in fəaliyyətini yüksək qiymətləndirən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Olaylar” qəzetlərinin baş redaktoru Yunus Oğuz MEK-in media ilə bağlı fəaliyyətini təqdir edib, eləcə də MEK-də mənbələrin qorunub saxlanılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Rəşad Məcid qeyd edib ki, qəzetin elektron versiyası hələ 1999-cu ildən yaradılıb: "Saytın fəaliyyəti isə belədir ki, yaddaş dolur, onu yenidən yeniləmək lazım gəlir. Keçmiş yazıları ya özümüzdə saxlayırıq, ya da hazırda saytda "Köhnə 525" adlı bölmədə toplayırıq. Bu da ən çox 7-8 il mümkündür. Məsələn, indi 2000-ci ilə aid hansısa materialı axtarsaq, tapmaq olmur. Buna görə də sizin bu addımınızı lazımlı və təqdirəlayiq hesab edirəm. İnanıram ki, bu arxiv bizim özümüz üçün də böyük bir istinad mənbəyi olacaq".
Bundan əlavə, R.Məcid MEK-in qısa müddətdə gördüyü əhəmiyyətli işlərdən də söz açıb: "Mərkəzi Elmi Kitabxana qısa zamanda çox böyük işlərə imza atıb. Burada tez-tez ictimaiyyətimiz, mədəniyyətimiz, elmimiz üçün əhəmiyyətli tədbirlər, konfranslar keçirilir. Onun fəaliyyətini həm birbaşa, həm də mətbuat vasitəsilə izləyirik. Burada daim hərəkət var, inkişaf var. MEK-in İctimaiyyətlə əlaqələr bölməsi də çox fəal iş rejimindədir. Yeni ideyanız da dəstəkləyir və məmnuniyyətlə qol çəkirik".
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz layihəni yüksək qiymətləndirib, öz təcrübələrindən çıxış edərək bu proqramın əhəmiyyətini vurğulayıb: "Biz bir müddət öncə saytımızı yenidən qurmaq istəyəndə, təəssüf ki, bizim arxiv materiallarımız itdi və biz onları bərpa edə bilmədik. Amma indi bütün arxivin Mərkəz Elmi Kitabxanada mühafizəsi həm təhlükəsizlik baxımından, həm də oxucularla qəzetin qarşılıqlı əlaqəsi üçün önəmlidir. Düşünürəm ki, bu proqram çox lazımlı və vacibdir. İndi elektron dünyada hər şey asan olduğu qədər, həm də təhlükə altındadır. Çünki bir virus hər şeyi silə bilər. Sizin bu proqram həm də bu qəzetləri bu təhlükələrdən mühafizə edir".
Daha sonra MEK ilə “525-ci qəzet” və “Olaylar” qəzetləri arasında müəllif müqaviləsi imzalanıb.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82


FirstPrev123NextLast