MEK-in təşkilati dəstəyi ilə "Molla Nəsrəddin lətifələri" kitabının və www.mollanasreddin.az portalının təqdimatı olub
  
2007

İyulun 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə Folklor İnstitutunun və SOCAR AQŞ-nin birgə təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və www.mollanasreddin.az portalının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə türk folklorunun, eləcə də Azərbaycan xalq mədəniyyətinin dünyaya bəxş etdiyi unikal müdriklik abidələrindən olan Molla Nəsrəddinin türk və müsəlman ölkələrində deyil, Avropa və Uzaq Şərq ölkələrində də populyarlıq qazandığını bildirib. Alim son illər dünyada ictimai və humanitar elmlər içərisində folklora marağın xeyli artdığını bildirərək, bu istiqamətdə multidistiplinar tədqiqatlara xüsusi önəm verildiyini diqqətə çatdırıb.

“Folklor xalqın etnik yaddaşında universallaşan biliklər sistemidir” – deyən AMEA rəhbəri qeyd edib ki, folklor xalq düşüncəsinin dini, mifoloji, etik, estetik və fəlsəfi istiqamətlərini əks etdirən dünyagörüş sistemidir.

Cəmiyyətdə ictimai nikbinlik əhval-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil və liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi və sosial inteqrasiyanın təmin edilməsində folklorun böyük rola malik olduğunu vurğulayan akademik A.Əlizadə Molla Nəsrəddin lətifələrinin toplanılması, kataloqlaşdırılması və araşdırılmasının əhəmiyyətini vurğulayıb. O, kitabın və Folklor və İnformasiya Texnologiyaları institutlarının birgə əməkdaşlığı nəticəsində “www.mollanasreddin.az” portalının yaradılmasını elmi, mədəni və didaktik-tərbiyəvi baxımdan yüksək qiymətləndirib.

Kitabı tədbir iştirakçılarına təqdim edən AMEA Rəyasət Heyətinin elmi-katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev bildirib ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən çox lətifə toplanılıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda lətifələr mənəvi-əxlaqi və didaktik prinsiplər əsas götürülüb.

H.Quliyev qeyd edib ki, kitabda, həmçinin dil-üslub baxımından müasir ədəbi dilin tələblərinə uyğunlaşdırılan lətifələrdə işlənən bir sıra arxaik sözlərin izahı verilib, 48 rəngli illüstrasiya əks olunub.

Müasir dizayn və texnoloji tələblər səviyyəsində hazırlanmış “mollanasreddin.az” portalını da tədbir iştirakçılarına təqdim edən H.Quliyev burada Molla Nəsrəddin haqqında mühüm məlumatlar və qeyri-türk xalqları içərisində yayılmış çoxsaylı lətifələrin, bu lətifələrlə bağlı dünyanın müxtəlif dillərində olan araşdırmaların, bir sıra incəsənət sahələrində Molla Nəsrəddinlə bağlı motivlərin, eləcə də Azərbaycan milli satirik mətbuatının əsasını təşkil edən “Molla Nəsrəddin” jurnalı barədə müxtəlif formatlı elektron resursların yer aldığını diqqətə çatdırıb. Alim portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün genişləndirilmiş axtarış sistemi və interaktiv əlaqə üçün forum imkanının da yaradıldığını qeyd edib.

Sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan Azərbaycanın beynəlxalq miqyasda iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə tanındığını qeyd edib.

“Son iki yüz ildə Azərbaycanın dünya miqyasında neftlə müəyyənləşən geosiyasi və iqtisadi mövqeyi hazırda muğam, musiqi, idman, folklor, intellektual fəaliyyətlə müşahidə olunan mədəni liderliyə də çevrilməkdədir”, – deyə bildirən akademik X.Yusifzadə Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən danışıb, bu lətifələrin tərbiyəvi məzmunla yanaşı, xalqımızın min illər ərzində qazandığı təcrübə və ətraf aləm haqqında bilikləri, deyim-duyumlar və ictimai münasibətləri barədə zəngin informasiya mənbəyi olduğunu qeyd edib: “Dünyanın qlobal problemlərlə üz-üzə qaldığı bir vaxtda Molla Nəsrəddin lətifələri mövcud problemlər qarşısında çıxış yolları axtaran insanlara mənəvi və sosial münasibətlər arasında harmoniya yarada bilən müdrik modellər təqdim etmək gücündədir”.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82

FirstPrev123NextLast