MEK-də görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun kitablarının təqdimatı keçirilib
  
1974

AMEA Mərkəzi Elmi Kitabxanası və AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin ingilis və rus dillərindən tərcümə etdiyi və nəşrə hazırladığı "Əlimərdan Bəy Topçubaşov. Doğma Azərbaycanın mənafeyini qoruyacağıq” və “Əlimərdan Bəy Topçubaşov. Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri” adlı kitablarının təqdimatı keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunub.
Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” və “Azərbaycan Xalq Cümhuriyyəti İli” haqqındakı Sərəncamlarına uyğun olaraq dövlət səviyyəsində görülmüş işlərdən və AMEA-nın elmi müəssisə və təşkilatlarında keçirilən silsilə tədbirlərdən danışıb. Dövlətçilik irsimizin tərkib hissəsi olan AXC tarixinin öyrənilməsinin, gələcəyə çatdırılmasının dövrün zəruri tələblərindən biri olduğunu bildirən İ.Həbibbəyli AXC-nin diplomatik fəaliyyətinə dair tarixi sənədləri, məqalələri əks etdirən yeni tərcümə kitablarının əhəmiyyətini vurğulayaraq professor Vilayət Quliyevin bu istiqamətdəki təşəbbüslərini yüksək qiymətləndirib.
Çıxış edən akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü, professor Tehran Elşənoğlu, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları - professor Asif Rüstəmli, professor Gülər Abdullabəyova AXC dövrünə aid yeni faktların, sənədlərin təqdim olunduğu kitabların istiqlal tariximizin tədqiqi, öyrənilməsi baxımdan açdığı imkanları xüsusi vurğulayaraq cənab Səfirin AXC irsinə töhfəsi olan digər araşdırmalarından, ictimai və diplomatik fəaliyyətindən danışıblar.
Professor Vilayət Quliyev kitabların hazırlanması, ərsəyə gəlmə ehtiyacı haqqında danışıb. Qeyd edib ki, kitablarda toplanılmış, AXC Parlamentinin sədri və AXC Xarici İşlər Naziri olmuş Əlimərdan bəy Topşubaşova aid məqalələr əsasən Azərbaycan nümayəndə heyətinin 1919-1920-ci illərdə Paris Sülh Konfransındakı fəaliyyətini əks etdirir. AXC diplomatları tərəfindən Azərbaycanı tanıtmaq üçün sülh konfransında iştirak edən dövlətlərin nümayəndələrinə təqdim olunmuş sənədlərdə o dövr Azərbaycanının vəziyyətini, siyasi-inzibati ərazisini əks etdirən qiymətli məlumatlar var. Bu məqalələr Paris Sülh Konfransında çətinliklə də olsa iştirak etməyə müvəffəq olan AXC diplomatik heyətinin Azərbaycanın tanıdılması, müstəqil dövlət kimi qəbul etdirilməsi yolundakı fədakar fəaliyyətini izləmək üçün ən etibarlı mənbədir. Sonda Səfir AXC-nin 100 illiyi ilə bağlı Macarıstanda keçirilən tədbirlər haqqında məlumat verərək qəlblərdə və əməllərdə yaşayan Cümhuriyyət sevgisinə görə vətəndaş məmnunluğunu ifadə edib. 


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82


FirstPrev123NextLast