Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yaddaşımıza qaytarılır
  
1838

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yadddaşımıza qaytarılır” adlı tədbir keçirib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinə (AXC), onun liderlərinə aid Türkiyədə saxlanılan çox qiymətli arxiv sənədlərinin - əlyazmaların, kitabların, jurnalların, xəritələrin – araşdırmaçı, sosiologiya elmləri doktoru Əfqan Vəliyev tərəfindən MEK-ə təqdim edilməsinə həsr olunub.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova AXC-nin 100 yaşının tamam olduğu ildə belə qiymətli arxiv sənədlərinin MEK-ə təqdim olunmasını kitabxanaya göstərilmiş yüksək etimad kimi dəyərləndirib. L.İmanova sənədlərin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin tövsiyyəsinə əsasən MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil ediləcəyini vurğulayıb. MEK direktoru bu sənədlərin hər birinin elektron kataloqda qeyd olunaraq oxucuların istifadəsinə veriləcəyini, yaxın gələcəkdə geniş təqdimatının təşkil ediləcəyini bildirib.

AXC irsini əks etdirən qiymətli sənədləri toplayan, bir qismini MEK-ə təqdim edən alim Əfqan Vəliyev qeyd edib ki, 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk açılış iclasında salona gətirilən üçrəngli bayrağı bolşeviklər 1920-ci il 27 aprel tarixində endiriblər. O, bayrağın və AXC-yə aid çox önəmli arxiv sənədlərinin qorunub saxlanılmasından, bu şərəfli işi böyük zəhmət hesabına həyata keçirən Mirzə Bala Məmmədzadənin keşməkeşli həyatından danışıb. Bildirib ki, bolşevik təqibindən çətinliklə qurtulub vətəni tərk etməyə müvəffəq olan Mirzə Bala Məmmədzadə İrandan keçərək bu qutsal əmanəti Türkiyəyə çatdırmağı bacarıb. Bir müddət Almaniyada, Polşada, Kanadada böyük əziyyətlərlə qorunub saxlanılan bayrağın sonda ona əmanət şəklində verildiyini deyən Ə.Vəliyev 24 may 2018-ci ildə bayrağı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədova təhvil verərək üzərində olan məsuliyyəti vicdan və qürurla yerinə yetirdiyini səsləndirib. O, qiymətli arxiv sənədlərinin MEK-ə təqdim edilməsinin əhəmiyyətini şərh edərək, Azərbaycan kitabxana və arxivlərində yer alması zəruri olan bir çox sənədlərin vahid mərkəzdə toplanmasının vacibliyini vurğulayıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli çıxış edərək Əfqan Vəliyevin bu sənədləri toplamasını, fədakarlıqla qoruyub saxlamasını, MEK-ə təhvil verməsini oxucular və araşdırıcılar üçün geniş imkanlar yaratdığını bildirib. Tədbir iştirakçıları AXC irsini əks etdirən qiymətli arxiv sənədlərilə tanış olub, Əfqan Vəliyevin təşəbbüsünü kitabxana üçün əvəzsiz töhfə kimi dəyərləndiriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin irsi olan, tariximizi və dəyərlərimizi təsdiqləyən sənədlərin, relikviyaların, arxivlərin qorunması soydaşlarımızın, Türkiyə vətəndaşlarının böyük əziyyəti sayəsində başa gəlib. Onların rahatlıqları, hətta can qorxusu hesabına bu mirası qoruyaraq bir-birinə ötürə bilməsi, bir sözlə əmanətə sadiq çıxması, milli dəyərlərimizə, tariximizə, dövlətçiliyimizə, gələcəyimizə əvəzsiz xidmətdir. Sənədlərin içində xüsusi yer tutan 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk açılış iclasında salona gətirilən və bolşeviklər tərəfindən 1920-ci il 27 aprel tarixində endirilən bayrağın üzərindəki qan ləkələri buna bariz nümunədir. Bu mirasın vətənə qovuşması AXC-nin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” ifadəsinin yenidən təsdiqlənməsi, bu tarixi yaradanların, canlarını sipər edib qoruyanların və bu günə çatdıranların ideallarına əminliyini və sadiqliyini göstərən möhtəşəm sübutdur.

Məlumat üçün bildirək ki, Əfqan Vəliyev 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Vardenis rayonunun Güney kəndində anadan olub. Ə.Vəliyev 1991-ci ildə dövlət xətti ilə Türkiyənin İstanbul Universitetinin Sosiologiya fakültəsinə daxil olub, magistratura və doktorantura üzrə təhsilini də burda davam etdirib. 1999-cu ildə “Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala Məmmədzadə” mövzusunda elmi işi müdafiə edərək magistr, 2004-cü ildə isə “Azərbaycanda yeniləşmə və milliyyətçilik hərəkatı”(1800-1918) mövzusunda elmi işini müdafiə edərək sosiologiya elmləri doktoru adını alıb. “Azərbaycanda yeniləşmə və milliyyətçilik hərəkatı”(1800-1980) adlı ilk kitabı 2005-ci ildə İstanbulda nəşr edilib. “Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala Məmmədzadə” adlı ikinci kitabı və ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Tarixdən günümüzə Azərbaycan” adlı üçüncü kitabı da Türkiyədə nəşr olunub. Azərbaycanda və Qırğızıstanda nəşr edilən elmi jurnallarda, müxtəlif qəzetlərdə elmi məqalələri dərc edilib, 2015-2018 illərdə Türkiyədə “Türkiye Haber Ajansında”, digər mətbuat orqanlarında Azərbaycan dövlətçiliyini təbliğ edən 250-dən çox yazısı, Azərbaycanda “New Times” qəzetində məqalələri çap olunub. Azərbaycan Xalq Cumhuriyyəti tarixini araşdırarkən mühacirlərlə münasibətdə qazandığı etimad nəticəsində əldə etdiyi arxiv və 1918-1920-ci illərdə Azərbaycan Parlamentində asılan bayraq Ə.Vəliyev tərəfindən Azərbaycana gətirilib. Bayraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilmək üçün Ə.Vəliyev tərəfindən 24 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədova təhvil verilib.

Xatırladaq ki, bu sənədlər MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında da yerləşdiriləcək.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82


FirstPrev1234NextLast